Ermənistan ordusunda xaos daha da dərinləşir
Erməni gəncləri rüşvət, tanışlıq və müxtəlif bəhanələrlə çağırışdan yayınırlar
Postmüharibə dövründə erməni ordusunda yaşanan xaos getdikcə daha geniş vüsət almaqdadır. Hər halda müharibədən sonra baş verənlər bu qənaətə gəlməyə əsas verir. Xatırladaq ki, bu günlər Ermənistanın cənub-şərqində yerləşən hərbi hissələrdən birinin döyüş postunda güllə yarası almış üç erməni hərbçinin meyiti tapılmışdır. Bunlar Murad Muradyan, Levon Arutyunyan və Qor Saakyandır.
Erməni mediası yazır ki, Gorusun kəndindəki erməni postunda yeni xidmətə başlamış gənc əsgər ona qarşı edilən seksual zorakılığa dözməyərək gecə 3 xidmət yoldaşını əvvəl güllələyib, daha sonra isə süngü-bıçaqla onların başını kəsib. Erməni tərəfi hadisəni Azərbaycan Silahlı Qüvvələri tərəfindən edilmiş basqın kimi öz cəmiyyətinə sırımağa çalışsa da, vaxtında əldə olunmuş kəşfiyyat məlumatları əsasında onların niyyəti ifşa edilib. Bundan sonra Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb ki, 3 erməni əsgərinin Ermənistanın cənub-şərqində yerləşən döyüş mövqeyində ölməsi Azərbaycan Silahlı Qüvvələrinin fəaliyyətinin nəticəsi deyil.
Başqa bir məlumatda isə qeyd olunur ki, Ermənistan ordusunun hərbi qulluqçusu, baş gizir Vahan Tatosyan orduda hökm sürən “dedovşina” nəticəsində ölmüşdür. Tatosyan Aprel döyüşlərinin və 44 günlük müharibənin iştirakçısı olub. O, artıq 10 il idi ki, Ermənistanın Ararat vilayətində yerləşən hərbi hissələrindən birində müqaviləli hərbi qulluqda idi. Ermənistanın Armavir vilayətinin Crarat icmasının rəhbəri Samvel Qalstyan bildirib ki, erməni baş gizir işinə görə Ermənistanın Ararat vilayətinin kəndlərindən birində yaşayırdı: “Lakin əslən Craratdan idi. Vahan Tatosyan evli idi, oğlu və qızı var idi. Qızı azyaşlıdır, oğlu isə bu yaxınlarda müddətli hərbi xidmətdən qayıdıb. Onun oğlu da 44 günlük müharibədə iştirak edib”.
Qeyd edilənlər hələ erməni ordusunda baş verənlərin kiçik miqyasını əhatə edir. Ümumiyyətlə, Ermənistan ordusunun hərbi qulluqçuları arasında son vaxtlar xidmətdən yayınma, xidmət yerini özbaşına tərk etmə və məzuniyyətdən gecikmə halları artmaqda davam edir. Rüşvət də geniş yayılıb. “Joğovurd” nəşri yazır ki, rüşvətlə bağlı daha bir qalmaqal “Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Tsarukyanın oğlu ilə bağlı yaşanıb. Qəzet yazır ki, bu yaxınlarda Qaqik Tsarukyanın oğlu Nver Tsarukyanın Ermənistan ordusundan azad olması ilə bağlı möhlət müddəti bitib: “Tsarukyan əvvəlcə ona nail olub ki, rus tərəfinin razılığı ilə oğlu rus hərbi hissəsində xidmət etsin, asanlıqla evə getsin və sərbəst rejimi olsun. Lakin hansısa bir mərhələdə razılaşma pozulur, çünki Ermənistan Müdafiə Nazirliyinin hərbi komissarlığında işçilərdən biri iddia edir ki, Nver Tsarukyan hamı kimi qutudan xidmət etməli olduğu hərbi hissənin nömrəsini çəkməlidir. Və beləliklə, Tsarukyanlar Nver Tsarukyanın Ermənistan Müdafiə Nazirliyinin hər hansı digər hərbi hissəsinə düşməsinin mümkün olduğunu anladıqda ehtiyatda saxladıqları versiyanı işə salıblar”.
Nəşrin mənbələri bildirir ki, Tsarukyan nömrə çəkməkdən imtina edir və Ermənistan Müdafiə Nazirliyinin şəxsi heyətinə tibbi sənəd göstərir. Bu sənədə əsasən, o, xidmət edə bilməz, çünki xidmətə yararlı deyil. Beləliklə, müayinə üçün Nver Tsarukyanı xəstəxanaya, iş adamı Samvel Aleksanyana məxsus “Astğik” tibb mərkəzinə aparırlar. Burada naməlum üsullarla və ya bu olmadan Tsarukyanlar Nver Tsarukyanı Ermənistan ordusunda xidmət etməkdən 3 il müddətinə azad edən tibbi sənəd alırlar. Təbii ki, rüşvət hesabına.
Ermənistan ordusundakı mövcud qanunsuzluqlar səbəbindən son vaxtlar hərbi qulluqçular arasında nizamnamədən kənar münasibətlər zəminində cinayət hallarının da sayı çoxalmaqdadır. Ekspertlər qeyd edirlər ki, bu gün Ermənistanının siyasi həyatında yaşanan gərginlik orduya da sirayət edir. Bu fonda Ermənistan ordusunun döyüş qabiliyyəti, demək olar ki, bərbad halda, əsgərlərin təminatı aşağı səviyyədədir. “Dedovşina”, əsgərlərin alçaldılması və digər başıpozuq davranışlar adi hala çevrilib. Odur ki, erməni gəncləri ən müxtəlif bəhanələrlə çağırışdan yayınır, rüşvət və tanışlıq hesabına özlərini ordudan kənarda saxlamağa çalışırlar.
Elçin Cəfərov
“Azərbaycan” qəzeti