Naxçıvanda “Qəhrəmanlar unudulmur” adlı tədbir keçirilib - VİDEO
Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində Vətən müharibəsi Qəhrəmanları şəhid polkovnik-leytenant Anar Əliyevin və şəhid kapitan Nihad Babayevin doğum günləri münasibətilə “Qəhrəmanlar unudulmur” adlı tədbir keçirilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, tədbirdə şəhidlərimizin əziz xatirəsi yad edilib və Dövlət Himnimiz səsləndirilib.
Naxçıvan Muxtar Respublikasının tələbə-gənclər və veteranlar təşkilatlarının, ictimaiyyət, mədəniyyət, incəsənət, mətbuat nümayəndələrinin, qazilərin və hərbi qulluqçuların iştirak etdiyi tədbirdə şəhid polkovnik-leytenant Anar Əliyevin və şəhid kapitan Nihad Babayevin qəhrəmanlıqlarından bəhs edən videoçarxlar nümayiş etdirilib.
Şəhidlik zirvəsini fəth edən qəhrəmanlarımız haqqında danışılarkən bildirilib ki, Vətən müharibəsində məğlub edilən düşmən Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlılarının gücünə və döyüş əzminə “Günnüt əməliyyatı”ndan bələd idi. “Təlimdə tər, döyüşdə zəfər” prinsipi ilə peşəkarlaşan hərbi qulluqçularımız döyüşlərdə “Hamı bir nəfər, bir nəfər hamı üçün” şüarı ilə geridə yaralı və şəhid buraxmadan böyük əzmlə Şuşa şəhərinədək irəliləyiblər. İşğal altındakı torpaqlarımızın azadlığı uğrunda Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun həyata keçirdiyi zəfər dolu uğurlu əks-hücum əməliyyatında öz şücaəti ilə düşmənə layiqli cavab verərkən şəhid olan qəhrəman Vətən oğullarının əziz xatirəsi daim böyük hörmət və ehtiramla yad edilir, şəhid ailələri və qazilərimiz dövlətin hərtərəfli qayğısı ilə əhatə olunur. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 9 dekabr və 15 dekabr tarixli Sərəncamları ilə şəhid polkovnik-leytenant Əliyev Anar Vaqif oğluna və şəhid kapitan Babayev Nihad Akif oğluna ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib və “Vətən uğrunda” medalları ilə təltif olunublar. 2021-ci il iyulun 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən “Vətən Müharibəsi Qəhrəmanı” adının döş nişanı və vəsiqəsi, “Vətən uğrunda” medalları şəhidlərimizin ailə üzvlərinə təqdim edilib. Vətən müharibəsi iştirakçılarının, şəhidlərimizin və qazilərimizin xidmətlərinin yüksək qiymətləndirilərək təltif olunmaları gənclərimizin vətənpərvər ruhda tərbiyəsində mühüm rol oynayır.
Hərbi hissələrin özfəaliyyət kollektivlərinin ədəbi-bədii kompozisiya ilə çıxış etdiyi tədbirdə əsgərlər tərəfindən vətənpərvər şeirlər bədii qiraət edilib.
Naxçıvan Qarnizonu Hərbi Orkestrinin ifasında Xüsusi Təyinatlılar Marşı səsləndirildikdən sonra tədbirə yekun vurulub.
Mahmud Hüseynov