Erməni xalqının tarixi təqvimində növbəti qara gün sentyabrın 2-də yarandı. Artıq bunu ermənilərin özləri də danmır. Erməni siyasi şərhçi Tevos Arşakyan deyir ki, hələ keçən il həmin gün ermənilər bir-birini təbrik edirdi: “Amma bu gün təqvimin qırmızı günü qaraya çevrilib. Xalqımızın yaddaşında belə kədərli tarixlər çoxdur, lakin məhz 2 sentyabr 2021-ci il tarixdə “dqr”in - “artsaxın” son günü kimi qalacaqdır”.
T.Arşakyan daha sonra bildirir ki, “dqr”in elan olunmasının 30-cu “ildönümü”ndə Ermənistanın ali vəzifəli şəxslərinin heç biri “artsax”a gəlmədi. Nə prezident, nə baş nazir, nə sonuncunu əvəz edən Papikyan, nə də XİN başçısı Mirzoyan. Niyə gəlmədilər? Cavab aydındır, söhbət qorxudan gedir.
Onlar rəsmi Bakının qəzəbindən qorxurlar. Sentyabrın 2-də Robert Koçaryan və Serj Sarkisyan da “artsax”a gəlmədi. Halbuki ən azı onlar öz “doğma” yerlərini ziyarət edə bilərdilər. Lakin Koçaryanla Sarkisyanın da bunu etməyə cəsarəti çatmadı”.
Bəli, Qarabağda rus sülhməramlılarının arxasında gizlənən separatçıların “yubiley”inə Ermənistan hakimiyyətindən rəsmi şəkildə heç kəs qatılmadı, yalnız parlamentdə təmsil olunan fraksiyaların bir neçə deputatından savayı. Hər il təmtəraqlı mərasimlər, rəsmi nümayəndələrin səfərləri, çıxışları ilə keçən qondarma “artsax”ın “müstəqillik” günü bu il sadəcə bəyanatlarla “qeyd olundu”.
Səbəbini erməni siyasi ekspert Tevan Poqosyan belə açıqlayır: “İlk dəfə olaraq Ermənistan rəhbərliyi “müstəqillik günü” münasibətilə Qarabağa getmədi. Bunun səbəbini Ermənistan rəhbərliyinin qorxu və narahatlığında axtarmaq lazımdır. Necə deyərlər, iki qorxu - bir ölüm. Bəlkə də vəzifələrini itirməkdən, bəlkə də Azərbaycanın reaksiyasından qorxdular”.
Ermənistan parlamentinin deputatı, “Ermənistan” fraksiyasının üzvü Areqnaz Manukyan da bununla bağlı Paşinyan hakimiyyətini tənqid edib. Deputat qondarma rejimin yaradılmasının 30 illiyi ilə bağlı tədbirlərdə prezident Armen Sarkisyan, baş nazir Nikol Paşinyan və spiker Alen Simonyanın iştirak etməməsinin səbəbini belə izah edib: “Qarabağdakı “müstəqillik” tədbirinə Ermənistanın 3 ən yüksək vəzifəli şəxsi qatılmayıb. Bu misligörünməmiş hadisədir. Müharibədən sonra yalnız xarici işlər naziri Ara Ayvazyan Qarabağa getdi. Bundan sonra Azərbaycan belə halların təkrar olunacağı halda reaksiya verəcəyini bildirdi. Bu sözlərdən sonra Qarabağa səfərlər dayandırıldı”.
Jurnalistlər də Ermənistanın yüksək-səviyyəli dövlət nümayəndələrinin qondarma “artsax”ın yaradılmasının 30-cu ildönümü münasibətilə oranı ziyarət etmədiklərinin, Paşinyanın isə belə bir vaxtda məzuniyyətə getdiyinin səbəbini soruşublar. Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Vaaqn Xaçatryan məsələni belə izah edib: “Deməli, belə lazımdır. Bunun üçün siyasi qərar qəbul edilib. Bu cür addım atmaq zəruridir. Başqa heç nə axtarmayın, hər şey yaxşıdır”. O, həmçinin bundan böyük bir problem düzəltməyə gərək olmadığını vurğulayıb: “Ermənistan hakimiyyəti bu günlə əlaqədar tədbirləri belə keçirmək qərarına gəldi. Heç bir problem yoxdur. Bundan böyük problem yaratmayın”.
Onu da bildirək ki, Qarabağda təxribat xarakterli “mərasim”ə qatılan Ermənistan parlamentində təmsil olunan fraksiyaların üzvlərinə də burada xoş münasibət sərgilənməyib. “Qraparak” qəzeti yazır ki, həmin deputatlar Xankəndidə hücuma məruz qalıblar. Belə ki, Xankəndi şəhərinə gələn deputatlar yerli sakinlər tərəfindən qəzəblə qarşılanıblar. Sakinlər İrəvandan gələn deputatları, onların təmsil etdikləri İrəvan hakimiyyətini övladlarının və ərlərinin qatilləri hesab etdiklərini bildiriblər. Hadisələr hətta o həddə çatıb ki, çağırılmamış qonaqları qəzəbli sakinlərin daş-qalağından qorumaq üçün polis çağırılıb.
Bax, belə bir vəziyyətdə irəvanlıların Xankəndiyə gəlməməsini qorxu-ürküdən savayı, həm də “dəlidən doğru...” qərar kimi də qəbul etmək olar.
Elçin Cəfərov
“Azərbaycan” qəzeti