Səudiyyə Ərəbistanının ingilis dilində nəşr edilən nüfuzlu “Arabnews” nəşrində türkiyəli politoloq Sinəm Çengizin rəsmi Ankaranın Cənubi Qafqazda dayanıqlı sülhə və sabitliyə nail olmaq məqsədilə irəli sürdüyü “Altılıq əməkdaşlıq platforması” haqqında geniş məqaləsi dərc olunub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 44 günlük müharibədən sonra Azərbaycanın Cənubi Qafqaz regionunda yeni geosiyasi mənzərə yaratdığını diqqətə çatdıran müəllif Rusiya, Türkiyə, İran, Azərbaycan, Gürcüstan və Ermənistanın cəlbini ehtiva edən “altılıq platforması”nın yeni reallıqlara uyğun olduğunu yazıb. O qeyd edib ki, Azərbaycanın Qələbəsinin regionun tarixində yeni səhifə açdığını söyləyən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi Ankaranın bu təklifinin tərəflərin hamısı üçün sərfəli olduğunu bəyan edib. Türkiyə hesab edir ki, Ermənistanın bu prosesə qoşulacağı və müsbət addımlar atacağı təqdirdə ikitərəfli münasibətlərdə də müəyyən irəliləyişlər ola bilər, bu isə müharibədən məğlub çıxmış ölkə üçün faydalıdır.
Müəllif, eyni zamanda, vurğulayır ki, altı ölkənin regional əməkdaşlıq mexanizmi regionda iqtisadi, enerji, nəqliyyat və ticarət əlaqələrini möhkəmləndirə bilər. Bu platformanın reallaşmasında Türkiyə və Rusiyanın sıx əməkdaşlığı da mühüm rol oynayacaq. Digər tərəfdən, İranın yeni siyasi rəhbərliyinin də Cənubi Qafqazda geosiyasi mənzərənin Azərbaycanın xeyrinə dəyişməsi reallığını qəbul etdiyi görünür.
Məqalədə qeyd edilir ki, sözügedən platformanın reallaşmasında bəzi maneələr, ən başlıcası isə Rusiya ilə Gürcüstan arasında gərgin münasibətlər mövcuddur. İkinci maneə isə Ermənistanın Türkiyə və Azərbaycanla bağlı düşmənçilik mövqeyidir. Bu kontekstdə erməni tərəfi birdəfəlik olaraq hər iki qonşusuna ərazi iddialarından əl çəkməli və rəsmi olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıdığını elan etməlidir.