NUHÇIXAN xəbər verir ki, Ermənistanın Ararat əyalətinin Artaşat şəhərində bizneslə məşğul olanlar yenidən tətilə başlayıblar. Mağaza və dükan sahibləri şəhər Admnistrasiyası qarşısında toplaşaraq ölkənin Vergilər Nazirliyinin işindən narazılıq edirlər. Etirazçılar deyirlər ki, vergi orqanları işçilərinin özbaşınalığı və dükan sahiblərinə təzyiqlərinə artıq tab gətirə bilmirlər. Onların qanunsuz əməllləri heç bir sərhəd tanımır. Vergi işçiləri sahibkarları mütəmadi hədələyir, qorxu içərisində saxlayırlar. Mağaza sahibləri bildirirlər ki, bəzən bir obyektdə 13-14 nəfər birləşib yoxlama aparır. 300 min dram məbləğində malı olan mağazalara 500-600 min dram cərimə kəsilir. “Təlimata uyğun olaraq, kassa-nəzarət aparatlarını yoxlamağa gələrkən qanun pozuntusu aşkarlamayanda işçilər təlimatsız formada yoxlanılır. Təki cərimə yazmağa bir bəhanə olsun”, - deyə etirazçılar bildirirlər.
Təhlükəsizlik xidməti isə korrupsiya əməliyyatlarını davam etdirir. Serj Sarkisyanın qardaşı Aleksyand Sarkisyana qarşı açılan cinayət işi çərçivəsində onun oğlu Ayk Sarkisyanın adam öldürdüyü üzə çıxıb. O, 11 il əvvəl David Simonyan adlı şəxsi odlu silahla qətlə yetirib. Əvəzində isə başqası cəza çəkib. Baş Porkurorluğun qərarı ilə Ayk Sarksiyan avqustun 19-da həbs edilib.
İşğalçı ölkədə iqtidarla müxalifət arasında qalmaqal da dərinləşir. Ermənistanın baş naziri Nikol Paşinyanın İrəvanda keçirdiyi mitinqdən sonra ölkə parlamentində əsas müxalifət fraksiyası olan “Respublikaçılar” hökumətin daxili və xarici siyasətini kəskin tənqid ediblər. Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov Paşinyanın mitinqdə müxalifətə qarşı səsləndirdiyi təhdidlərə cavab verib. Onun sözlərinə görə, baş nazir hakimiyyətdə olduğu yüz gün müddətində görülən işlər barədə hesabat vermək əvəzinə, əleyhdarlarını hədələməklə kifayətlənib. Şantaj və populizmin hökumətin əsas silahı olduğunu vurğulayan Şarmazanov əlavə edib ki, bütün bunlar Paşinyanın ağır vəziyyəti və gələcəklə bağlı qorxuları ilə əlaqədardır. Parlamentin vitse-spikeri baş nazirə müraciət edərək deyib: “Xatırladırıq ki, bu gün siz müxalifət başçısı deyilsiniz və ölkədəki vəziyyətə görə birbaşa məsuliyyət daşıyırsınız. Sizdən fərqli düşünən deputatları, hakim və vətəndaşları hədələməyə, qanunları pozmağa son verin!”. Respublikaçılar Partiyasını təmsil edən deputatlar yeni hökuməti söz azadlığını boğmaqda, baş nazirin maraqlarını dövlət maraqlarından üstün tutmaqda, məhkəmələrdə siyasi sifarişlər əsasında saxta proseslər təşkil etməkdə günahlandırırlar.