NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Əlcəzairin “Əl Hərir” portalı Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələrinin Şuşaya səfəri haqqında xəbəri yayımlayıb.
Xəbərdə ərəbdilli oxucuların diqqətinə çatdırılıb ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən təşkil olunan səfərdə 160-dan çox QHT təmsilçisi iştirak edib. Onlar şəhərdəki Yuxarı və Aşağı Gövhərağa məscidlərində olub, Şuşanın mərkəzi meydanında Azərbaycanın mədəniyyətinin tanınmış simaları Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərini ziyarət ediblər. Nümayəndə heyəti, həmçinin ermənilər tərəfindən 30 ilə yaxın müddət ərzində vəhşiliklə dağıdılmış digər maddi-mədəni abidələr, inzibati və yaşayış binalarına baxıb, aparılan təmir-bərpa işləri ilə yaxından tanış olublar.