Şuşa Bəyannaməsi zirvəsindən Qars müqaviləsinə baxış

Böyük zəfərin tarixi zəmini

A- A A+

1921-ci il oktyabrın 13-də Azərbaycan, Gürcüstan, Ermənistan və Türkiyə arasında Rusiyanın iştirakı ilə 20 maddədən və 3 əlavədən ibarət olan Qars müqaviləsi imzalandı. Sənəddə ərazi-sərhəd məsələləri aşağıdakı kimi tənzimlənirdi.

Qars müqaviləsi

Müqavilənin birinci maddəsinə əsasən tərəflər bütün əvvəlki qeyri-bərabərhüquqlu müqavilələri ləğv edirdilər.

İkinci maddəyə görə, tərəflər zorla digərinə qəbul etdirilən sülh müqavilələrini və başqa beynəlxalq aktları qəbul etmirdilər. Azərbaycan, Gürcüstan və Ermənistan hökumətləri zorla qəbul etdirilən müqavilələri və Türkiyə Millət Məclisinin qəbul etmədiyi Türkiyəyə aid olan beynəlxalq aktları qeyri-bərabərhüquqlu müqavilə kimi rədd edirdilər. Müqavilədə “Türkiyə” ifadəsi dedikdə, 1920-ci il yanvarın 28-də Türk Milli Aktına daxil edilən, İstanbulda Osmanlı Deputatlar Palatası tərəfindən hazırlanan və qəbul edilən, mətbuatda və bütün dövlətlərə məlumat verilən ərazilər başa düşülürdü. Öz növbəsində, TBMM hökuməti Azərbaycan, Ermənistan və Gürcüstana aid olan və Ermənistan, Azərbaycan və Gürcüstan sovet hökumətləri kimi təmsil olunan bu respublikaların müvafiq hökumətləri tərəfindən qəbul edilməyən beynəlxalq aktları qəbul etmirdi.

Dördüncü maddədə sərhəd məsələləri tənzimlənirdi. Yazılırdı ki, Türkiyənin şimal-şərq sərhədləri (Rusiya baş qərargahının xəritəsi üzrə düymdə (1/21.000 düymdə 5 verst) Qara dəniz sahilində yerləşən Sarp kəndindən başlayır, Hedismta dağlarından, Şavşet dağları ayırıcı xəttindən - Qanlı dağdan keçir; sonra isə Ərdahan və Qars dairələrinin keçmiş şimal inzibati sərhədi ilə Arpaçayın və Araz çayının aşağı axarı ilə Aşağı Qarasu çayının mənsəbinə qədər gedir (sərhədin belə təsviri və ona aid məsələlər müqaviləni bağlayan hər iki tərəfdən imzalanan I və II əlavələrdə və əlavə olunan xəritədə müəyyənləşdirilmişdir. Müqavilə mətni arasında və xəritədə fərqlilik olacağı təqdirdə mətnə həlledici əhəmiyyət verilir). Dövlət sərhədini təfərrüatı ilə yerdə çəkmək və həmçinin xəritəyə olan IV əlavədəki sərhəd işarələrini müəyyənləşdirmək bərabər iştirakçıların və Rusiya nümayəndəsinin iştirakı ilə təşkil edilmiş ortaq sərhəd komissiyasına tapşırılır.

Beşinci maddəyə görə, Türkiyə hökuməti, sovet Ermənistanı və sovet Azərbaycanı hökumətləri razılaşırdılar ki, Naxçıvan vilayəti hazırkı müqavilənin III əlavəsində göstərildiyi sərhədlərlə Azərbayca-nın protektoratlığı altında muxtar ərazi təşkil edir.

Altıncı maddə ilə Türkiyə tərəfi sərhədindən şimalda yerləşən, müqavilənin 4-cü maddəsində göstərildiyi və Batum dairəsi tərkibinə daxil olan Batum şəhəri, ərazisi və limanı üzərində suverenliyi Gürcüstana güzəştə getməyə aşağıdakı şərtlərlə razılaşırdı: 1.Müqavilənin mövcud maddəsində göstərilən əhali inzibati, hər bir icmaya onun mədəni və dini hüquqlarını təmin edən və əhalinin arzusuna uyğun olaraq torpaq qanununu təmin edən geniş yerli muxtariyyətdən istifadə edirdi. 2. Türkiyədən göndərilən və ona göndərilən hər cür mallar üçün sərbəst tranzit verilirdi. Batum limanından keçən mallar üçün rüsum, hər hansı bir yubatma olmayacaq və hər hansı bir vəsait tələb edilməyəcəkdi. Bu maddənin tətbiqi üçün hazırkı müqavilə imzalandıqdan sonra hər iki maraqlı tərəfin nümayəndələrindən ibarət komissiya yaradılırdı.

İyirminci maddəyə görə, müqavilə ratifikasiya edilməli idi. Ratifikasiya sənədləri İrəvanda mübadilə olunmalı idi. Müqavilə beş nüsxədən ibarət tərtib edilmişdi.

Müqaviləyə olan birinci əlavədə Türkiyənin şimal-şərq sərhədi aşağıdakı kimi müəyyənləşdirilirdi: (Rusiya baş qərargahının xəritəsinə əsasən 1/21.000 düymdə 5 verst): Qara dənizdə Sarp kəndində Qaraşalvar dağları (5014) ayırıcı ilə - çayın R.Ç. istiqamətinə doğru - Yuxarı Maradidi kəndindən şimala - Yuxarı Maradidi kəndindən şimalda Çoroxu kəsir və Sabaur kəndinin şimalından keçir - Hedismta dağı (7052) - Kvakibe dağı - Kavtareti kəndi - Medziban dağları - Heratkesun dağı (6468) ayırıcı xətti - Korda dağları (7910) ayırıcı xətti ilə gedərək Şavşet sıra dağlarının qərb hissəsinə doğru keçmiş Artvin dairəsinin inzibati sərhədinə çıxır - Şavşet sıra dağları ayırıcı xəttini keçərək Sarı çay dağına (Qara İsal) (8478) - Kvirial aşırımına çıxır - oradan Kanun dağda keçmiş Ərdahan dairəsinin əra-zisinə çıxır - oradan şimala doğru Tlil (Qrmanı) (8357) dağlarına gedir - Ərdahan dairəsinin elə həmin sərhədi ilə Badela kəndindən şimal-şərqə Posxov çayına çıxır və bu çay ilə cənuba doğru Çançax kəndinə gedir - orada çaydan ayrılaraq - ayırıcı xətlə Ayrılanbaş dağlarına (8512) çıxır - Kəllətəpə dağı (8463) və Xarmantəpədağı ilə (9709) keçir - Kasris Seri dağına (9681) çatır - oradan Karzamat çayı ilə Kür çayına qədər gedir, oradan Kür çayının aşağı axarı ilə Kartanakev kəndindən şərqə doğru çıxır, Kür çayından ayrılır, Qara oğlu (7259) dağları ayırıcı ilə keçir, oradan Xazapin gölünü iki hissəyə bölərək 7580 (7560) yüksəkliyinə çıxır, oradan Göydağa (9152) Üçtəpə dağı (9983) ilə gedir, burada Gürcüstanla sərhəd sona çatır və Ermənistanla sərhəd başlayır: Tayaqala (9716) - (9065) yüksəkliyi, orada Ərdahan dairəsinin sərhədindən uzaqlaşır və Böyük Ağbaba dağlarından (9973 və ya 9963) 8828 və ya 8827-7602 keçir, oradan düz xətlə 7518 yüksəkliyinə gedir, İbiş kəndinin şərqindən keçir, sonra isə Qızıldaşa (7439 və ya 7440 və ya 7490) - Yeni Qızıldaş kəndinə, oradan çay boyunca Yeni Qızıldaşdan keçərək çayın Qara Məmməddən şimal-qərbdə yerləşən döngəsinə qədər gedir - ayırıcı xətt üzrə Dilavər, Böyük Qumlu və Tixnis kəndlərindən şərqdə yerləşən Vartanlı və Baş Şuragəl kəndlərindən keçərək Camuşbu çayına çıxır, bu çay ilə Kalala və ya Qalalı kəndlərindən şimalda Arpaçaya çıxır, oradan daim Arpaçayın aşağı axarı ilə Araz çayına, Arazın aşağı axarı ilə Ermənistanla sərhədin sona çatdığı Urmiyə kəndinə qədər gedir və Azərbaycanla sərhəd başlayır. Sonra isə Arazın aşağı axarı ilə Aşağı Qarasunun Araza töküldüyü yerə çıxır, burada Azərbaycanla sərhəd sona çatır.

Müqaviləyə olan ikinci əlavə iki paraqrafdan ibarət idi. Birinci paraqrafda yazılırdı ki, birinci əlavədə yazıldığı kimi, sərhəd xətti Arpaçay və Araz çayının aşağı axarı ilə keçdiyindən TBMM hökuməti kiçik istehkamlarını Aleksandropol - İrəvan dəmir yolu xəttindən 8 verst geriyə çəkməyi öhdəsinə götürür. Hazırda onun Arpaçay rayonunda təsviri adı çəkilən dəmir yolundan Araz çayı rayonunda 4 verst aralıdır. Məhdudlaşdırılan yuxarıdakı rayonların xətləri Arpaçay rayonu üçün aşağıdakı kimi göstərilirdi. Arpaçay zonası: A).Vartanlıdan cənub-şərqə doğru Uzun Kilisdən şərqə, Bozyar dağından (5096) - 5082 - 5047 keçərək Karmirvəng,  Üçtəpədən (6578 və ya 5578) şərqə - Arazoğludan şərqə doğru gedərək Anidən şərqə - Yeniköydən qərbə doğru Arpaçaya çatır. B).Yenidən Arpaçaydan şərqə doğru 5019 yüksəkliyindən birbaşa 5481 - Qızıl qüllədən 4 verstdən daim şərqə - Borçalıdan 2 verst şərqə - sonra Dihor çayla - Düz Keçid kəndinə qədər gedir, birbaşa Qarabağ xarabalıqlarından şimala doğru Arpaçaya çıxır.

İkinci əlavənin ikinci paraqrafında Araz zonası müəyyənləşdirilirdi: Xaraba Alıcan və Süleyman Dizə kəndi arasındakı xətt. Bir tərəfdən, Aleksandropol - İrəvan dəmir yolu xətti ilə məhdudlaşdırılan, göstərilən dəmir yolundan 8 və 4 verstlik digər xətlərdə TBMM hökuməti daimi ordu saxlamamağı, istehkamlar tikməməyi öhdəsinə götürürdü. Lakin qayda-qanunu qorumaq üçün zəruri inzibati hüququ özündə saxlayırdı.

Müqavilənin üçüncü əlavəsi Naxçıvanın ərazisinə aid idi. Burada Naxçıvanın ərazisi aşağıdakı kimi göstərilirdi: Urmiyə kəndi - oradan birbaşa xətlə Arazdəyən stansiyası (onu Ermənistan SSR üçün saxlayır), sonra düz xətlə Daşburun dağına (3142), Şərqi Daşburun dağı (4108) ayırıcı ilə - “Rodn.” (Bulaq) (cənub) yazısından cənuba Cəhənnəm dərəsi çayı ilə kəsişir - Bağırsaq dağlarına (6607 və ya 6587) və buradan keçmiş İrəvan dairəsi və Şərur-Dərələyəz qəzalarının inzibati sərhədləri ilə 6629 yüksəkliyindən Gömürlü dağa (6839 və ya 6930) doğru gedir və oradan 3080 yüksəklikdə Sayat dağ (7368) - Qurdqulaq (Kürdqulaq) kəndi - Qəməsurdağ (8160) - 8022 yüksəkliyi - Küküdağ (1028) - keçmiş Naxçıvan qəzasının şərq inzibati sərhədi ilə gedir.

Müqavilənin imzalanmasının əhəmiyyəti və ona münasibət

Müqavilənin imzalanmasının böyük tarixi əhəmiyyəti var idi. Bununla da Moskvada başlanan iş Qarsda yekunlaşdı. Qars müqaviləsi Moskva müqaviləsinin müddəalarını möhkəmləndirdi. Türkiyə və Cənubi Qafqaz respublikaları arasında sərhəd məsələləri tənzimləndi. Bu respublikalar Moskva müqaviləsini qəbul etdilər. Türkiyə Cənubi Qafqaz respublikaları ilə mehriban qonşuluq münasibətləri və işgüzar əlaqələr qurmaq üçün hüquqi-siyasi zəmin hazırladı, sərhədlərinin təhlükəsizliyini təmin etdi. Türkiyə ona zorla qəbul etdirilən Sevr müqaviləsinə qarşı Rusiya ilə birlikdə Azərbaycan, Gürcüstan və Ermənistanın da dəstəyini aldı. Bu həm də o demək idi ki, Qars müqaviləsini imzalayan bolşevik Ermənistanı Sevr müqaviləsində Türkiyə ərazilərində yaradılması nəzərdə tutulan qondarma “Ermənistan”dan özü beynəlxalq səviyyədə imtina edirdi.

“Naxçıvan məsələsi” tarixi və etno-mədəni gerçəkliyə uyğun olaraq ədalətli həllini tapdı. Azərbaycanın bu tarixi ərazisini Ermənistanın ələ keçirmək niyyətləri boşa çıxdı.

Müqavilənin imzalanmasına münasibət müxtəlif idi. Məsələn, Gürcüstanda nəşr edilən “Pravda Qruzii” qəzeti 1921-ci il 16 oktyabr tarixli nömrəsində konfransa həsr olunmuş xüsusi bir məqalə dərc et-mişdi. Məqalədə yazılırdı ki, Cənubi Qafqazın sovet respublikaları və Türkiyəni bağlamağa başlayan dostluq telləri indi müqavilə ilə möhkəmləndirilib, əvvəllər aralarında düşmənçilik edən dövlətlər arasında sülh dövrü başlanır. Əvvəllər gah çar hökuməti, gah da daşnakların və menşeviklərin cinayətkar şovinist siyasəti nəticəsində sülh və sakit həyatın nə olduğunu bilməyən Cənubi Qafqazın, onun zəhmətkeş əhalisinin indi dinc və məhsuldar əməklə məşğul olmaq dövrünə keçdiyi qeyd edilirdi. Türkiyənin müharibəyə qoşulmasını cinayətkar daşnak siyasətinin nəticəsi kimi qiymətləndirən məqalədə yazılırdı ki, indi vəziyyət dəyişib, Ermənistanda daşnak hökuməti devrilib və sovet Ermənistanı dinc yolla, sevgi ilə Türkiyə və Ermənistan arasında olan bütün mübahisəli məsələləri həll edir. Qəzetin mövqeyinə görə, Qars müqaviləsi Cənubi Qafqazın və Kiçik Asiyanın siyasi həyatında nəhəng əhəmiyyət daşıyacaqdı.

Müqavilənin əleyhinə olan qüvvələr də mövcud idi. Xüsusən, Ermənistanın sovetləşməsindən sonra xaricə qaçan Daşnaksütyun partiyası özünün Şərq bürosunu hələ düşmən işğalı altında olan İstanbulda quraraq, Türkiyə və İrandakı fəaliyyətlərə rəhbərlik edir, Təbriz vasitəsilə Ermənistanla əlaqə saxlayır, silah və sursat toplayırdı. Bununla bağlı olaraq Zaqafqaziya Fövqəladə Komissiyasının 1921-ci il oktyabr tarixli məxfi məlumatında yazılırdı ki, Təbrizdə daşnakların silah anbarı vardır. Daşnaksütyunun Şərq bürosu Qars müqaviləsinin imzalanmasının əleyhinə çıxırdı.

Qars müqaviləsinin təsdiqinə dair  müzakirələr

Qars müqaviləsi imzalandıqdan sonra diplomatik-siyasi münasibətlərdə müzakirə edilən məsələlərdən biri onun ratifikasiyası haqqında idi. 1921-ci ilin dekabr ayında Rusiya Hərbi İnqilab Şurasının Ukraynadakı nümayəndəsi, Ukrayna və Krım silahlı qüvvələrinin komandanı Mixail Frunze başda olmaqla, Ukrayna nümayəndə heyəti Ankaraya gəldi. Formal olaraq Ukrayna adından səfərə gəlsə də, Mixail Frunze əslində bolşevik Rusiyasını təmsil edirdi. Onun məqsədi Ukrayna və Türkiyə arasında Türkiyə-Rusiya müqaviləsinə bənzər müqavilə bağlamaq olsa da, müzakirə ediləcək məsələlər çox idi. Bunlardan biri Qars müqaviləsinin təsdiqinə dair məsələ idi. 1921-ci il dekabrın 21-də Türkiyə Böyük Millət Məclisində çıxış edən Mixail Frunze iki ölkə arasında dostluqdan və ümumi düşmənə qarşı birgə fəaliyyət göstərməyin əhəmiyyətindən danışdı.

Mixail Frunzenin və Azərbaycanın TBMM hökuməti yanında nümayəndəsi İbrahim Əbilovun -dekabrın 25-də Mustafa Kamal Paşa ilə görüşündə bir sıra, o cümlədən, Qars müqaviləsinin təsdiqinə dair məsələ müzakirə edildi. Mustafa Kamal Paşanın xalq xarici işlər komissarı Georgi Çiçerinin qərbpərəst, müavini Lev Karaxanın isə erməni olması ilə bağlı narahatlığına aydınlıq gətirən Mixail Frunze bildirdi: “Rusiyada partiya və onun Mərkəzi Komitəsi vardır. Ölkənin daxili və xarici siyasətinə o rəhbərlik edir. Çiçerin yaxşı kommunistdir. O, 20 ildən artıq Qərbi Avropada yaşadığından ola bilsin, Qərbə rəğbət bəsləyir. Lakin biz bunu hiss etmirik. O, Şərq məsələsinə düzgün yanaşır. Karaxan isə Çiçerinin siyasətinə təsir göstərə bilməz, o, böyük xadim deyildir”.

Mixail Frunze və İbrahim Əbilovun 1922-ci il yanvarın 4-də Mustafa Kamal Paşa ilə keçirilən növbəti görüşünün sonuna yaxın xarici işlər naziri Yusuf Kamal gəldi. O, danışığı kəsdiyi üçün üzr istədi və görünür, vacib və təcili bir işi olduğu üçün Mustafa Kamal Paşanı başqa bir otağa apardı. O, geri döndükdən sonra İbrahim Əbilov bildirdi ki, Mixail Frunze xəstə olduğu üçün Yusuf Kamal ilə ayrıca görüşə bilməyəcəyindən onunla vidalaşmaq istəyir. Elə burada Mixail Frunze ilə danışmaq istədiyini deyən Yusuf Kamal bildirdi ki, onu dost olaraq qəbul edir və səmimi münasibəti gördünüz. Açıq danışmaq istədiyini deyən Yusuf Kamal vurğuladı ki, ona görə sona saxladım, siz bizim alver etdiyimizi düşünməyəsiniz. Bizim Rusiyaya olan şübhələrimizin və etimadsızlığımızın bir hissəsi artıq getmişdir, yaxınlarda tamamilə yox olacaqdır. O, Xalq Xarici İşlər Komissarlığının Türkiyəyə qarşı fəaliyyətinin əlverişli təəssürat yaratmadığını qeyd edərək bildirdi ki, hələ Moskvada müqavilə imzalamaq üçün danışıqlar apararkən Georgi Çiçerinin danışmaq istəmədiyi aydın şəkildə görünürdü. Onun Qərbə meyli açıq-aşkar idi. İlk iclaslardan o, qətiyyən qəbuledilməz suallar qoydu. Ona görə də iclaslar bir həftə təxirə salındı. Yalnız İosif Stalin ilə danışdıqdan sonra o, Georgi Çiçerinə təsir etdi və danışıqlar bərpa edildi. Lakin yenə də Georgi Çiçerinin barışmazlığı ucbatından danışıqlar dayandı. Yusuf Kamal “bu, Lev Karaxanın təsiri altında oldumu? Bilmirəm. Ancaq bu həqiqətdir ki, Georgi Çiçerin öz fəaliyyətində Şərqə deyil, daha çox Qərbə rəğbət bəsləyir” dedi. Moskva konfransı keçirilən zaman Georgi Çiçerin hansısa qəzet məlumatına istinad edərək Yusuf Kamala demişdi ki, Türkiyə Antanta ölkələrinin təzyiqlərinə tab gətirə bilməz, onlara güzəştə gedib, saziş imzalaması yaxşı olmazmı?

Mixail Frunze cavabında əvvəlki fikirlərini təkrarlayaraq dedi ki, Rusiyada partiya və onun Mərkəzi Komitəsi vardır, partiyanın fəaliyyətinə və bütün siyasətə MK rəhbərlik edir. Georgi Çiçerinin şəxsiyyətinə gəlincə isə o, yaxşı kommunistdir, ola bilsin, 20 ildən artıq Qərbi Avropada yaşadığı üçün görünür, Qərbə müəyyən rəğbəti vardır, lakin biz bunu hiss etmirik, o, bütün fəaliyyətində Şərq məsələsinə doğru yanaşır. Qeyd etdi ki, Georgi Çiçerin birinci olaraq Rusiyanın TBMM hökuməti yanında müvəqqəti işlər vəkili Yan Upmal kimi bəzi yoldaşların bacarıqsız siyasətinə qarşı çıxıb. Mixail Frunze dedi ki, sizin Moskvadakı iclaslarınızda yaranan fasilələrə gəlincə isə bilirsiniz, orada Qars, Batum və digər xeyli dərəcədə mürəkkəb məsələlər dayanırdı. Bütün bu məsələlər yalnız Georgi Çiçerin tərəfindən təkbaşına həll edilə bilməzdi, onlar Mərkəzi Komitədə və Xalq Komissarları Sovetində müzakirə edilməli idi. Bundan başqa, Cənubi Qafqaz respublikaları, Ermənistan və Gürcüstan həmin məsələlərdə maraqlı idilər. Bu məsələlər müzakirə edilərkən Moskvada olduğunu bildirən Mixail Frunze MK-nın iclasında da iştirak etmişdi. Məsələlərin həllinə ümumi siyasət baxımından yanaşılmış və millətlərin öz müqəddəratını təyinetmə prinsipi, Şərqə istiqamətlənmə əsas götürülmüşdü. Mixail Frunze Batum vilayətinin güzəştə gedilməsinin Türkiyə üçün hansı strateji əhəmiyyət daşıdığını başa düşdüklərini söylədi. Lev Karaxana gəlincə, Mixail Frunze bildirdi ki, o, sovet siyasətinə təsir etmək gücündə olan böyük bir xadim deyildir.

Türkiyə tərəfi müqavilənin təsdiqinin yubadılmasından narahat idi. Rusiyanın Ermənistan və Gürcüstandakı nümayəndəsi Boris Leqran bu yubanmanı Ermənistan və Gürcüstanda sovetlər qurultayı-nın hələ toplanmaması ilə əlaqələndirirdi. Azərbaycana gəlincə isə, müqavilə Gürcüstan və Ermənistan ilə eyni vaxtda təsdiq edilməli idi.

Müqavilənin təsdiqi məsələsi İbrahim Əbilovun 1922-ci il yanvarın 26-da Yusuf Kamal ilə görüşündə müzakirə edildi. Azərbaycan və Gürcüstan tərəfindən müqavilənin təsdiqində problem olmayacağını bilən türkləri daha çox Ermənistanın mövqeyi narahat edirdi. Bu da səbəbsiz deyildi. Əvvəla, Qars müqaviləsinin nəticələrindən narazı qalan bəzi erməni xadimləri yenə də qonşularına, ilk növbədə, Azərbaycana qarşı əsassız ərazi iddiaları irəli sürməkdə davam edir, konfransın qərarlarının azərbaycanlılar üçün faydalı olduğunu söyləyirdilər. İkincisi, bolşevik Rusiyası müqavilə imzaladıqdan sonra Cənubi Qafqazda yeni şərait yaradıldığını bildirirdi. Üçüncüsü, türklər Georgi Çiçerinin Qərbə meyilli olmasından, ona RSFSR xalq xarici işlər komissarının müavini, milliyyətcə erməni olan Lev Kara-xanın təsirinin olub-olmamasından narahat idilər. Dördüncüsü, daşnaklar təbliğat apararaq ABŞ və Avropa ölkələrini qondarma “erməni məsələsi”nin həllinə cəlb etmək istəyirdilər.

Söhbət zamanı Türkiyə tərəfinin Zaqafqaziya respublikalarının federasiyası haqqında sualına aydınlıq gətirən İbrahim Əbilov bildirdi ki, bununla bağlı hələlik dəqiq məlumatı olmasa da, ancaq konfe-derasiya haqqında məsələ artıq müsbət mənada həll edilib, Zaqafqaziya Federasiyası inqilabi Türkiyə hökumətinə münasibətdə əvvəlki siyasətinə sadiq qalacaq, bu məsələdə dəyişiklik olmayacaq, əksinə TBMM hökuməti ilə dostluq münasibətlərinin qorunub saxlanılmasına və möhkəmləndirilməsinə çalışılacaqdır.

Müqavilənin Türkiyə tərəfindən təsdiqinin yubadılması səbəbi barədə İbrahim Əbilovun sualına cavabında Yusuf Kamal Zaqafqaziya Federasiyasının yaradılması xəbərini aldıqdan sonra ratifikasiyanı təxirə saldıqlarını söylədi. İbrahim Əbilov müqavilənin təsdiqinin yubadılması haqqında məsələyə dair Yusuf Kamalın əvvəlki sualına da aydınlıq gətirərək bildirdi ki, yubanma federasiya yaradıldığı üçün baş verir, məsələ 1-2 ay ərzində həll ediləcək, sona çatdıqdan sonra Azərbaycan SSR, Gürcüstan SSR və Ermənistan SSR tərəfindən təsdiq ediləcəkdir. İbrahim Əbilovun cavabından razı qalmayan Yusuf Kamal söylədi ki, müqavilə Zaqafqaziya Federativ Respublikası ilə deyil, Azərbaycan, Gürcüstan və Ermənistan ilə imzalanıb, müqavilə ayrıca təsdiq olunmalıdır, onlara Ermənistanın ali orqanının ratifikasiya etdiyi sənəd lazımdır.

Nəriman Nərimanovun Zaqafqaziya İttifaq Şurasının sədri, Behbud Şahtaxtinskinin isə xalq xarici işlər komissarı təyin edilməsi xəbərini sevindirici fakt kimi qiymətləndirən Yusuf Kamal federasiyadan sonra dostluq münasibətlərinin dəyişməyəcəyinə ümidini ifadə etdi. TBMM-də deputatlar və xarici əlaqələr komissiyasının üzvləri ona müqavilənin ratifikasiyasının yubadılmasının səbəbləri barədə suallar vermişdilər. O isə rəsmi məlumat olmasa da, tezliklə ratifikasiya ediləcəyini söyləmişdi. Yusuf Kamal bildirdi ki, müqavilə hər bir respublika tərəfindən ayrıca təsdiq edilməlidir. Onun fikrincə, müqavilənin İttifaq Şurası tərəfindən təsdiq olunması düzgün deyildi və Türkiyə üçün qəbuledilməz idi. Müqavilə Türkiyə Böyük Millət Məclisinə verilmişdi. Ukrayna ilə müqavilə də TBMM-də idi. Ukrayna ilə müqavilənin Qars müqaviləsindən əvvəl ratifikasiya edilməsi Yusuf Kamala görə həm Türkiyə, həm bə respublikalar üçün arzuedilməz olardı. Ona görə də Yusuf Kamal Qars müqaviləsinin hər bir respublika tərəfindən ayrılıqda təsdiq edilməsi məsələsində və sürətləndirilməsində kömək etməyi, federasiya haqqında məsələdə isə rəsmi məlumat verməyi xahiş etdi, buna TBMM hökumətinin münasibət bildirəcəyini dedi. Əlavə etdi ki, Qars müqaviləsi imzalanan zaman federasiya və onun ümumi nümayəndə heyəti yox idi. Türklər Qarsda federasiyanın ümumi nümayəndə heyəti ilə deyil, Azərbaycan SSR, Gürcüstan SSR və Ermənistan SSR-in müstəqil nümayəndələri ilə iş görmüşdülər. İbrahim Əbilov bildirdi ki, müqavilənin ratifikasiyasının İttifaq Soveti və ya hər bir ayrı respublika ilə olmasının heç bir fərqi yoxdur, Qarsda bütün üç respublikanın birlikdə çıxış etməsi onların gələcək konfederasiyası haqqında məsələni əvvəlcədən həll edib, ona görə də müqavilənin həm İttifaq Soveti, həm də hər bir respublika ilə ayrı-ayrılıqda təsdiq edilməsi doğru olacaqdır.

Ratifikasiyanın forması və sürətləndirilməsi haqqında fikirlərini söylədiyini, lakin dostcasına və açıq danışacağını deyən Yusuf Kamal bildirdi ki, müqavilənin Azərbaycan tərəfindən ratifikasiyasında tələskənlik və zərurət yoxdur, bu, bizi Gürcüstan ilə də o qədər maraqlandırmır. Müqavilənin Ermənistan tərəfindən ayrıca ratifikasiya edilməsini isə fövqəladə vacib hesab edən Yusuf Kamal bildirdi ki, Şərq məsələsinə həsr edilmiş konfransa dəvət vardır, Qərbdə erməni xadimlərinin işi və təbliğatı sayəsində “erməni məsələsi” ətrafında şərhlər və müzakirələr gedir. Bu məsələ konfransda İngiltərə və ABŞ arasında da müzakirə edilə bilərdi. Əgər türklərin əlində həm daşnaklarla, həm də erməni kommunistləri ilə imzalanan müqavilə olardısa, onda öz maraqlarını qoruya bilərdilər. Qars müqaviləsi Cənubi Qafqaz respublikaları tərəfindən ayrılıqda deyil, İttifaq Soveti tərəfindən təsdiq edilərdisə, onda deyilə bilərdi ki, bu, erməni xalqının iradəsi deyildir, digər iki respublika tərəfindən ona sırıdılıb. Beləliklə, Ermənistan tərəfindən müqavilənin müstəqil ratifikasiya edilməsi fövqəladə dərəcədə mühüm və zəruri idi. Yusuf Kamal ona görə də İbrahim Əbilovdan xahiş etdi ki, Nəriman Nərimanov ilə əlaqə saxlasın, Qars müqaviləsinin hər bir respublika ilə ayrı-ayrılıqda ratifikasiyasına kömək etsin və sürətləndirsin. İbrahim Əbilov bildirdi ki, əgər bu məsələ Türkiyəni həqiqətən belə maraqlandırırsa, onda Nəriman Nərimanov ilə şəxsən əlaqə saxlayacaq və müqavilənin ratifikasiyasının türklər istəyən mənada müsbət həllini xahiş edəcəkdir. Müqavilənin ratifikasiyasının yubadılmasından rus-türk münasibətlərini pozmağa çalışan dairələr istifadə edə bilərdilər. Ona görə də Azərbaycan tərəfi müqavilənin təsdiqinin sürətləndirilməsi üçün fəaliyyətini artırdı.

Qars müqaviləsinin ratifikasiyası

Qars müqaviləsi 1922-ci il yanvarın 22-də TBMM-də qəbul edildi. 1922-ci il martın 3-də Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin III sessiyasının iclasında müqavilə yekdilliklə təsdiq olundu. Martın 16-da isə Ümumrusiya Fəhlə, Kəndli, Qırmızı ordu və Kazak deputatları soveti Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin iclasında (protokol №21) Qars müqaviləsi təsdiq edildi. Türkiyə Böyük Millət Məclisinin martın 16-də keçirilən iclasında Qars müqaviləsinin və Ukrayna-Türkiyə müqaviləsinin ratifikasiyası məsələsi müzakirə edildi. Xarici işlər nazirinin müavini Cəlal çıxış edərək qardaşlıq münasibətlərinin möhkəmləndirilməsinin TBMM hökumətinin arzusu olduğunu bildirdi.

Ondan sonra çıxış edən Burdurdan olan deputat Sübhi dedi: “16 mart bizim üçün ən qəmli bir gündür. 1920-ci ilin həmin günündə İstanbulu Antanta ölkələri işğal etmişdilər. Eyni zamanda bu tarix xoşbəxt bir gündür. Bu gün Moskva müqaviləsi imzalanmışdır.”

Qarsdan olan deputatlar müqavilənin həmin gün paylandığını və oxuya bilmədiklərini əsas gətirərək müzakirəni təxirə salmağı təklif etdilər. Deputat Rıza Nur isə çıxış edərək müqavilənin təsdiqinin bir neçə baxımdan vacibliyini, yubanmaya bir neçə səbəbdən yol verməyin mümkünsüzlüyünü söylədi. Azərbaycan hökumətinin müqavilənin təsdiqinin nə üçün yubadıldığını soruşduğunu deyərək, təsdiqinin həmin gün keçirilməsinin vacibliyini bildirdi. Ərzurumdan olan deputat Hüseyn Avni çıxışında dedi ki, müharibələr nəticəsində imzalanmış keçmiş müqavilələr cinayətkar sənədlər idi, imperialistlər özlərinin maliyyə maraqları naminə xalqlar arasında qırğınlar törədiblər. Rus xalqı ilk dəfə olaraq buna qarşı üsyan edib. O, bildirdi ki, əgər 16 mart tarixi əvvəllər bizim üçün bədbəxtlik günü idisə, indi nəinki bizim, həmçinin ruslar üçün xoşbəxtlik günüdür, azərbaycanlı qardaşlarımız, Gürcüstan və Ermənistan kommunistləri bizim mehriban qonşularımız olublar. Ədirnəpoldan olan deputat Şərəf martın 16-da türk xalqının Sevr müqaviləsi adlandırılan kağız parçasını cırıb atdığını dedi.

Deputat Həmdulla Sübhi isə çıxışında dedi: “Napoleon Tilzitdə rus çarı I Aleksandr ilə görüşərkən III Sultan Səlimin ölüm xəbərini aldıqda, Türkiyənin yaxınlarda məhv olacağını, “xəstə adam” Türkiyənin bölüşdürülməsi planını səbirsizliklə gözlədiyini söyləmişdi. Lakin türklər Krımda və Silistriyada qələbə qazandılar. Əbdülhəmidin dövründə Türkiyə məzarda idi. Hamı onun öləcəyini gözləyirdi. Lakin konstitusiyanın elan edilməsi ilə ölkədə möcüzəli bir bahar oldu. Balkan müharibələri dövründə hamı Türkiyə üzərinə hücuma keçdi. Lakin o, mövcudluğunu qoruyub saxladı. Dünya müharibəsində Almaniya dizi üstə çökərkən, Türkiyə müstəqil yaşamaq üçün mübarizəyə başladı. Martın 16-dan biz güclənməyə başlamışıq”.

Batumdan olan deputatlar çıxış edərək müqavilənin milli əlamətə zidd olduğunu əsas gətirərək rədd olunmasını təklif etdilər, yəni Batumun Gürcüstana verilməsinin əleyhinə çıxdılar. Lakin bu təklif qəbul olunmadı.

Səsvermədə iştirak edən 187 deputatdan 172-si Qars müqaviləsinin lehinə, 12 nəfər əleyhinə səs verdi, 3 nəfər isə bitərəf qaldı. Ratifikasiya qramotalarının mübadiləsi üçün Rıza Nur başda olmaqla, nümayəndə heyəti təsdiq edildi.

Martın 20-də Ermənistan Mərkəzi İcraiyyə Komitəsi, iyunun 14-də isə Gürcüstan Mərkəzi İcraiyyə Komitələri müqaviləni təsdiq etdi.

Müqavilənin vasitəçi ölkə Rusiya və bütün tərəflər tərəfindən ratifikasiyası ilə Türkiyə ilə Cənubi Qafqaz respublikaları arasında qarşılıqlı münasibətlərdə yeni bir dövr başladı. Mustafa Kamal Paşa TBMM-in qurulmasının 2-ci ildönümü münasibətilə 1922-ci ildə etdiyi nitqində deyirdi: “Erməni xalqının həqiqi maraqlarına deyil, kapitalizmin xeyrinə həll edilməsinə çalışılan “erməni məsələsi” adlandırılan məsələ Qars müqaviləsində ən doğru həllini tapmışdır. Yüzilliklər boyu yanaşı yaşayan hər iki əməkçi xalq arasında xoşbəxtlikdən dostluq münasibətləri bərpa edilmişdir”.

Müqavilənin təsdiq fərmanlarının təqdim edilməsi mərasimi İrəvanda olmalı idi. Qarsa gələrək cavab gözləyən Türkiyə nümayəndə heyəti bu barədə Zaqafqaziya hökumətinə müraciət etdi. Zaqafqaziya İttifaq Şurasının sədri Polikarp Mdivani və kollegiya üzvü N.Nəcəfov 1922-ci il avqustun 2-də Azərbaycan SSR XKS-yə göndərdikləri 72 №-li məktubda mübadilə üçün nümayəndənin təyin edilməsini xahiş etdilər. Azərbaycan K(b)P MK Rəyasət Heyətinin 1922-ci il 20 avqust tarixli iclasında Türkiyə nümayəndə heyəti ilə Qars müqaviləsinin təsdiq sənədlərinin mübadiləsi haqqında məsələ müzakirə edildi. Xalq daxili işlər komissarı Həmid Sultanov təsdiq fərmanlarının mübadiləsində Azərbaycanın rəsmi nümayəndəsi təyin olundu. Bu barədə hökumətin qərarı verildi.

 1922-ci il sentyabrın 11-də İrəvanda Ermənistan SSR Xalq Komissarları Sovetinin iclas zalında ratifikasiya sənədləri mübadilə edildi. Toplantıda çıxış edən Türkiyə nümayəndəsi bundan sonra da sovet respublikaları ilə əbədi və pozulmaz əlaqələrin olmasını arzu etdi. Qars müqaviləsi həmin gündən qüvvəyə mindi.

Beləliklə, Türkiyə ilə Cənubi Qafqaz respublikaları arasında ərazi-sərhəd məsələlərini tənzimləyən Qars müqaviləsinin qüvvəyə minməsi ilə regionda yeni bir dövr başladı. Cənubi Qafqaza sabitlik və sülh gəldi. Ermənilərin xəyal etdikləri Sevr sülh müqaviləsi təkcə Türkiyə tərəfindən deyil, eyni zamanda Rusiya, Azərbaycan, Gürcüstan və hətta Ermənistanın özü tərəfindən rədd edildi. Rusiya və Türkiyənin bərabər hərəkət etməsi regionda yeni geosiyasi reallıqlar yaratdı. 1922-ci ildə SSRİ, 1923-cü ildə isə Türkiyə Cümhuriyyəti yaradıldı.

Bu gün bəzi erməni dairələri Moskva və Qars müqavilələrinin ləğvi barədə mənasız yerə danışırlar. Onlar unudurlar ki, hələ İkinci Dünya müharibəsinin sonlarından etibarən sovet-türk münasibətləri pozulan zaman qalib ölkənin rəhbəri İosif Stalin həmin müqavilələri ləğv etməyə cürət etməmişdi. Müqavilələr ləğv edilərsə, onda gərək onlardan əvvəlki vəziyyət bərqərar olsun, yəni türk orudusu gəlib Gümrüdə otursun və indi Ermənistan adlandırılan ərazinin təqribən yarısı ermənilərin hakimiyyəti altında olmasın.

Ermənistan əgər bir dövlət kimi mövcud olmaq istəyirsə, müqavilələrin ləğvi barədə danışmamalı, imzaladığı bütün sənədləri, o cümlədən üçtərəfli Moskva Bəyannaməsinin şərtlərini sözsüz yerinə yetirməli və imzasına hörmət etməlidir. Ermənilərin xilas yolu yalnız bundadır!

Musa Qasımlı

Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, professor

 

"Azərbaycan" qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: