Ülviliyin fövqündə dayanan Zaman-şəhid Zaman Məmmədov - VİDEO

A- A A+

Vətən müharibəsi başlayan zaman onların çoxu bir-birini tanımırdı, həyatları, xarakterləri, yaşam tərzləri fərqli idi. İstisnasız ki, hamısını bir amal birləşdirirdi – Vətənin bütövlüyü, torpağa, bayrağa olan sonsuz sevgi. Bəli, söhbət Vətən müharibəmizin qəhrəman şəhidlərindən gedir. Onlardan biri də Kəngərli rayonunun Şahtaxtı kəndindən olan şəhid kiçik çavuş Məmmədov Zaman Habil oğludur.

Ötən ilin sentyabrında müzəffər ordumuz payızı qızılı don kimi əyninə geyib məğrurcasına Qarabağa yürüdülər. Ordumuzun cəbhəboyu ermənilərə sarsıdıcı zərbələr endirməsi və ilk  uğurları  əsgər və zabitlərimizin  qələbə əzmini artırırdı. Kiçik çavuş Zaman da bu qələbədə payı olsun deyə, Naxçıvandan Qarabağa yollanmaq üçün tələsənlərdən idi. Nəhayət, o gün gəlib çatdı.  Oktyabrın 11-i ata-babalarımızdan bizə əmanət qalan yurdumuzun cənnəti Qarabağ uğrunda savaşmaq növbəsi minlərlə igid kimi,  Zamana da çatdı.  O, Naxçıvandan yola düşən ilk xüsusi təyinatlılar dəstəsində yer aldı. Onun  qatıldığı hərbi  birləşmə  Füzuli şəhərinin azad olunması uğrunda  döyüşlərdə  möhtəşəm qələbə qazandı, sonra Cəbrayılı, Xocavəndi  işğalçılardan təmizlədi.                                  

Zaman  əhd etmişdi ki, Qarabağın qeyrət rəmzi olan  Şuşaya üçrəngli bayrağı özü sancacaq. Şuşa uğrunda qızğın döyüşlərdə yoldaşlarını xilas edərkən ayağından yaralanır. Təkidlərə baxmayaraq, geri çəkilmir. 2020-ci il oktyabrın 30-u Şuşaya – Böyük Qələbəyə gedən yolda şəhidliyə ucalır.

Zaman Vətən müharibəsində göstərdiyi şücaətlərə görə "Vətən uğrunda", "Hərbi xidmətlərə görə", Füzulinin, Xocavəndin və  Şuşanın azad olunmasına görə medalları ilə təltif olunub. Amma onun uğurları bununla yekunlaşmır. Onun ilk qələbəsi Günnüt Zəfəri olur. Xidmət göstərdiyi 4 il ərzində komandanlıq tərəfindən dəfələrlə diplom və fəxri fərmanlara layiq görülür. Qatıldığı beynəlxalq yarışlarda komandiri şəhid polkovnik-leytenant Anar Əliyevlə Naxçıvanın, Əlahiddə Ümumqoşun Ordunun adını yüksəklərə ucaldanlardan olur. Ən çətin təlimlərdən üzüağ çıxmağı bacarır.

Hər bir kəs bu dünyaya göz açdığı anda ilk olaraq anasını görür, ilk qədəmlərini Vətən torpağında atır və torpaq sevgisinin hərarətini də bu zaman duyur. Elə ona görədir ki, Raziyyə ananın ürəyi yansa da, “övladım sevdiyi Vətən üçün şəhadətə ucalıb” deyir.

1995-ci il avqustun 3-də Zaman bu evdə hər kəsi sevincə qərq etmişdi. Ötən il isə həm kədərə, həm də qürur hisslərinə bürüdü. Özü isə bayrağa bürünüb zəfərlə gəldi. İndi onun ailəsinə ən böyük təskinlik Zamanın ağızdolusu qəhrəmanlıqları, bayraq və fotoşəkilləri ilə bəzədilmiş otağı, “mənim əmim cənnətdədir!” deyən balaca Nihad və onun şəhadətə yetdikdən sonra dünyaya gələn qardaşının digər oğlu körpə Zaman...

Bir ölüb min dirilən xalqın Zamanları hələ uzun əsrlər boyu tarix yazacaq. Ocaq çatan şəhidlərin ocağı isə əbədi tütəcək. Müqəddəs kitabımız Qurani- Kərimdə də deyildiyi kimi: “Şəhidlərə ölü deməyin. Əksinə, onlar diridirlər.”

                                                                          Elnurə Tahir

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: