Misirin “Əl Dustur” qəzeti Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 76-cı sessiyasında çıxışının əsas məqamlarını dərc edib
Misirin nüfuzlu “Əl Dustur” qəzetində “Prezident İlham Əliyev BMT tribunasından Qarabağ probleminin həll edildiyini bəyan edib” sərlövhəli məqalə dərc olunub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, məqalədə Azərbaycanın dövlət başçısının BMT Baş Assambleyasının 76-cı sessiyasında videoformatda təqdim olunan çıxışında Qarabağ münaqişəsinin 30 ildən sonra həll edildiyi və tarixi ədalətin, ölkəmizin ərazi bütövlüyünün təmin olunduğu barədə fikirləri yer alıb. Qəzetin yazısında bildirilir ki, Prezident İlham Əliyev sözügedən münaqişənin artıq tarixə qovuşduğunu və ləğv edilmiş Dağlıq Qarabağ muxtar vilayətinin Qarabağ və Zəngəzur iqtisadi zonalarına daxil olduğunu deyib.
Məqalədə dövlətimizin başçısının postmünaqişə dövrü ilə bağlı fikirləri sitat gətirilir: “Münaqişə başa çatdığından Azərbaycan Ermənistanla sərhədlərin delimitasiyası və demarkasiyası, bir-birinin suverenliyi və ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınması prinsipi əsasında sülh sazişi üzrə danışıqlara başlamağa hazır olduğunu artıq bəyan edib. Belə bir saziş regionumuzu sülh və əməkdaşlıq regionuna çevirə bilər. Lakin biz hələ də təklifimizlə bağlı Ermənistandan müsbət reaksiya görməmişik”.