30 ilin hicranının vüsalı 44 gün

A- A A+

2020-ci il 27 sentyabrın səhəri... İstirahət günü idi. Həmişəki kimi erkəndən oyanmışdım. Adətim üzrə televizorda xəbərləri izləməyə başladım. Efirdə ölkə başçısı cənab İlham Əliyevin müraciəti gedirdi: “Bu gün səhər Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək bizim yaşayış məntəqələrimizi, eyni zamanda hərbi mövqelərimizi atəşə tutmuşdur. Düşmən atəşi nəticəsində mülki əhali və hərbçilərimiz arasında itkilər, yaralananlar var. Allah şəhidlərimizə rəhmət eləsin! Onların qanı yerdə qalmayacaqdır. Azərbaycan Ordusu hazırda düşmənin hərbi mövqelərinə atəşlər, zərbələr endirir və bu zərbələr nəticəsində düşmənin bir çox hərbi texnikaları sıradan çıxıb. Bu, erməni faşizminin növbəti təzahürüdür”.

Düşmənin özünə bağışlamayacağı tarixi səhvi

Düşmən təsadüfən bazar gününü seçməmişdi. Düşünmüşdü ki, hər kəsin başı qarışıq olar və bu qarışıqlıqdan istifadə edər. Ancaq unutmuşdu ki, Azərbaycan ordusunun ərazilərimizin müdafiəsində ayıq-sayıqlığı sərhəddən bir quşu belə uçurmaz.

Ordumuz düşmənin qarşısını almaq və vətəndaşların təhlükəsizliyini təmin etmək üçün Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə əks-hücum əməliyyatlarına başladı. Münaqişə qısa müddətdə genişləndi və Vətən müharibəsi başlandı. Bu dəfə ermənilər həyatlarının səhvini etdilər. Çünki düşündükləri kimi Azərbaycan nə 1990-cı ildəki Azərbaycan, nə də ordumuz 90-cı illərdəki ordu idi. Düzdür, 30 il dözmüşdük, səbr etmişdik, bəlkə sülh yolu ilə torpaqlarımızı geri alarıq deyə. Lakin yanılmışdıq. Əksinə, düşmən yeni ərazi iddiaları ilə çıxış edir, texnikalarının Bakıya kimi gələcəyini bildirərək təhdid dili ilə danışaraq əsl niyyətlərini açıq-aşkar etiraf edirdilər. Bax əslində burada onlar haqlı idilər. Ona görə ki düşmən tərəfindən əldə olunan hərbi qənimətlər düz Bakının mərkəzinə kimi gətirildi. Amma necə darmadağın edildiyini nümayiş etdirmək üçün.

30 il gözləsək də, bu müddət ərzində gücləndik, inkişaf etdik. Bu inkişafla qələbə gününü daha da yaxınlaşdırdıq. Necə ki ölkə başçısı deyirdi: “Biz bu günü yaxınlaşdırmaq üçün hazırlaşırdıq. Mən öz çıxışlarımda dəfələrlə demişdim ki, hər gün biz bu günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırdıq. Görəndə ki dünyada beynəlxalq hüququn norma və prinsipləri kobudcasına pozulur, aparıcı beynəlxalq təşkilatların qərar və qətnamələrinə məhəl qoyulmur, işğalçı Ermənistan daha da azğınlaşır, bizim torpağımızdan çıxmaq istəmir, əlbəttə, biz daha ciddi hazırlaşmalı idik. Bu hazırlıq hərtərəfli olmalı idi. Bu hazırlıq işlərinə biz vahid konsepsiya çərçivəsində yaxınlaşırdıq və bunu müəyyən edirdik”.

Zəfərə gedən yol

Əslində tarixi qələbənin qığılcımları Aprel döyüşlərindən, Naxçıvanda uğurlu Günnüt əməliyyatından və Tovuz hadisələrindən başlamışdı. Bununla səbir kasamız dolmuşdu. Düşmənin növbəti təxribatı isə o kasanı daşıran son damla oldu.

2017-ci il oktyabrın 18-də - Azərbaycan Respublikasının dövlət müstəqilliyi günündə Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 25-ci ildönümü münasibətilə möhtəşəm hərbi parad keçirilirdi. Mən də bir jurnalist kimi həmin paraddan hazırladığım süjetdə efir sözlərimin birində nizamlı addımlarla hərəkət edən texnikaların önündə dayanaraq “Mətin addımlarla irəliləyən igidlərimiz, sıralanan texnika ötən qısa zamanda Azərbaycanda ordu quruculuğu sahəsində əldə olunan əyani inkişafı nümayiş etdirir. Ordumuz Ali Baş Komandanın əmrini gözləyirlər. Onlar işğal olunmuş torpaqlarımızı hər an işğaldan azad etməyə hazırdırlar”,-demişdim.

Bəli, o gözlənilən əmr, gözlənilən vaxt gəlib çatdı. 44 gün davam edən İkinci Qarabağ savaşında 30 illik həsrətə son qoyduq, tarixi ədaləti bərpa etdik, düşmənin murdar ayaq izlərini əzəli ata-baba yurdumuzdan birdəfəlik sildik. Öz orduları haqqında yaratdıqları “yenilməz ordu” mifini darmadağın etdik. Cəmi 44 günə Ermənistan ordusu məhv edildi, hərbi texnika və canlı qüvvə sarıdan ağır itki verdi. Müharibənin bitməsindən bir il keçməsinə baxmayaraq, ermənilər hələ də azad etdiyimiz torpaqlardan qalıqlarını axtarırlar. Sosial şəbəkələrin Ermənistan seqmentində ən son məlumatlara əsasən qeyd olunur ki, 1670 erməni qalığı tapılıb. Hələ çox axtaracaqlar... Düşmən də, dünya da gücümüzü gördü.

Naxçıvandan döyüşə yollanan ölməz oğullar

Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 25-ci ildönümü münasibətilə keçirilən möhtəşəm hərbi parad iştirakçılarından da bu haqq savaşına qoşulanlar çox oldu. Ali Baş Komandan: “Hərbi əməliyyatların müəyyən mərhələsində biz Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun xüsusi təyinatlılarını da cəlb etdik. Onlar Naxçıvandan ezam olunmuşdu və döyüş əməliyyatlarında xüsusi təyinatlı qüvvələrin digər nümayəndələri ilə bərabər iştirak edirdilər”.

Naxçıvanda ordu quruculuğu istiqamətində mühüm işlər görülür. Maddi-texniki baza möhkəmləndirilir, peşəkar kadrlar hazırlanır, şəxsi heyətin mənzil-məişət şəraiti yaxşılaşdırılır, xüsusilə, ordunun gücünü artırmaq üçün təlimlər keçirilir. Necə deyərlər, təlimdə tər tökməyən döyüşdə qan tökər. Hər il keçirilən taktiki təlimlər ordunun inkişafının təməl prinsiplərindəndir. Ali Məclis Sədrinin vaxtaşırı sərhəd bölgələrində olması, əsgərlərlə görüşməsi şəxsi heyətdə ruh yüksəkliyini artırır. Bütün bunlar Lider-ordu birliyinin göstəricisidir. Yaradılan şərait imkan verir ki, müdafiənin etibarlı təşkili ilə bərabər, istənilən döyüş tapşırığı da uğurla yerinə yetirilsin. Bu, özünü uğurlu Günnüt əməliyyatı və Vətən müharibəsində aydın şəkildə göstərdi. Ölkə başçısının dediyi kimi: “Günnüt əməliyyatı Naxçıvan Ordusunun potensialını göstərdi, Azərbaycan Ordusunun potensialını göstərdi. İkinci Qarabağ müharibəsində Naxçıvan Ordusunun hərbçiləri - həm xüsusi təyinatlılar, həm digər birləşmələrin hərbçiləri fəal iştirak etmişlər və şəhidlər vermişlər, böyük fədakarlıq göstərmişlər. Bilirsiniz ki, Naxçıvandan Bakıya xüsusi qruplar gətirilmişdi. Eyni zamanda mən onu da bildirməliyəm, yəni, artıq bildirə bilərəm ki, Naxçıvan Ordusunda olan silahların, sursatların bir hissəsi də Bakıya gətirilmişdir və cəbhə bölgəsinə göndərilmişdir. İndi biz həmin o silah-sursatların ehtiyatlarını təmin edirik, ancaq bu da olub. Ona görə Naxçıvan Muxtar Respublikasının həm respublikanın hüdudlarının müdafiə edilməsində, ümumiyyətlə, ölkəmizin ordu potensialının güclənməsində çox böyük rolu var və hər zaman Naxçıvan lazımi dərəcədə müdafiə olunacaqdır”.

Vətən müharibəsi dünyaya nə öyrətdi?

İkinci Qarabağ savaşında biz bir daha necə güclü orduya malik olduğumuzu, necə birlik, həmrəy olduğumuzu, əcdadlarımızın bizə miras qoyduğu bu torpaqların bir qarışını belə düşmənə güzəştə getməyəcəyimizi, eyni zamanda düşmənin də iç üzünü, xislətini dünyaya göstərdik. Vətən müharibəsində düşmən döyüş mövqeyindən qaçarkən biz cəbhəyə qaçdıq, onlar Ermənistandan kənarda yaşayan erməniləri, terror təşkilatlarını, muzdluları müharibəyə cəlb etmək üçün yalvardıqları vaxt, gənclərimiz döyüşlərə qatılmaq üçün növbə gözlədi, yaşlılarımız  “Mövzu vətəndirsə, yaşımız 18-dir”,- deyərək müharibədə iştirak etmək istədiklərini bildirdilər. 7-dən 70-ə hər kəs əlindən nə gələrsə, etməyə hazır olduğunu bildirdi. Elə öz işini layiqincə görmək vətənpərvərlik deyilmi?! Ali Məclis Sədrinin də dediyi kimi: “Vətənpərvərlik geniş məfhumdur. Hər kəs çalışdığı sahədə üzərinə düşən vəzifələri yaxşı icra edirsə, deməli o, vətənpərvərdir.”

Müasir hərb tarixində bənzəri görülməyən

taktika- Şuşa əməliyyatı

Şuşaya iki yolla daxil olmaq olardı. Ya ağır artilleriyadan zərbə endirməklə, ya da əlbəyaxa vuruşmaqla. Biz ikinci yolu seçdik. Çünki Şuşa Azərbaycanın mədəniyyət mərkəzidir. Oranı dağıtmaq olmazdı. Ona görə də rəşadətli ordumuz ərazinin əlverişsiz relyefinə baxmayaraq sıldırım qayalardan dırmaşaraq düşmənə gözlənilmədən ağır zərbələr endirdi. Bu zaman yaralı, şəhid yoldaşlarını da arxada qoymadılar. Onları çiyinlərində daşıdılar. Şuşa istiqamətində döyüşlərin getdiyi bir vaxtda xarici jurnalistlərdən biri ermənilərin acınacaqlı vəziyyətini şərh edərkən deyir: “Şuşanın müdafiəçiləri acınacaqlı bir vəziyyətdə dağıldılar. Hərbi təcili yardım maşınları onlarla yaralını Xankəndi xəstəxanasına aparır. Qalan döyüşçülər yol boyu hərbi geyimlərini soyunaraq dağdan enirlər. Təcili yardım maşınları gəlib-gedir. Yaralı əsgərlər bir-birinin üstünə qalanıb. Aldıqları yaralar yaxın döyüşün sübutudur”. Buna oxşar bir neçə material da dərc olunmuşdur.

...və Zəfər Günü

Döyüş meydanında darmadağın edilən düşmənin qarşısında iki yol var idi. Ya qalan son tör-töküntüləri də bir nəfərə kimi məhv ediləcək, ya da məğlubiyyətini etiraf edərək “ağ bayraq” qaldıracaqdı. Məğlubiyyətini dərk edən düşmən “ağ bayraq” qaldıraraq 2020-ci il noyabrın 10-da kapitulyasiya aktına imza atdı. Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri tərəfindən imzalanan üçtərəfli bəyanata əsasən Ağdam, Kəlbəcər və Laçın bir güllə belə atılmadan, siyasi yolla əsl sahiblərinə qaytarıldı.

Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq ölkə başçısı cənab İlham Əliyev 2 dekabr 2020-ci il tarixdə “Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” Sərəncam imzalamışdır. Sərəncama əsasən hər ilin sentyabrın 27-si ölkəmizdə Anım Günü kimi qeyd olunacaq. Bu Sərəncam şəhidlərimizə, onların ailələrinə verilən dəyərdir.

Qarabağın 30 illik hicranının vüsalı oldu 44 gün. Əzəli torpaqlarımız öz anasının qoynuna - Vətəninə qovuşdu. Minlərlə qaçqın, köçkünün yurd həsrəti sona çatdı. Ərazi bütövlüyümüz bərpa edildi. Artıq işğaldan azad olunan ərazilərdə sürətlə quruculuq işləri aparılır. Haqq-ədalət öz yerini tapdı. Belə bir deyim var: “Ədalət topaldır, yavaş-yavaş yeriyir, amma gedəcəyi yerə gec-tez çatır”. Bizim işimiz də ədalət, haqq işi idi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də dediyi kimi: “Biz bu qələbəni həm peşəkarlıq, qəhrəmanlıq hesabına, eyni zamanda milli ruh hesabına qazanmışıq. Biz haqlı idik, haqq-ədalət bizim tərəfimizdə idi. Bizim əsgər və zabitlərimiz hücuma keçəndə bir amalla yaşayırdı ki, öz doğma torpaqlarını işğalçılardan azad etsinlər”.

 

Rəmzi İbrahimov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: