Prezident İlham Əliyev: Azərbaycan burada da özünü çox məsuliyyətlə aparır, təmkinlə aparır – “Israel HaYom”

A- A A+

Azərbaycan Prezidenti İlham Əliyev deyib: “... Bizim sərhədimizin yaxınlığında hərbi təlimlər keçirilməsi çox təəccüb doğuran bir məsələdir. Çünki 30 illik müstəqillik dönəmində belə hadisələr olmamışdır. Nə üçün bu, biz torpaqları azad edəndən sonra, 30 illik əsarətə, işğala son qoyandan sonra keçirilir?”

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, jurnalist Şmuel Din Elmas İsraildə çıxan ivritdili “Israel HaYom” qəzetində dərc olunmuş “İranın davranışı suallar doğurur” sərlövhəli məqalədə bu barədə yazır. Məqalədə Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş əsgərlərin və zabitlərin, qətlə yetirilmiş dinc vətəndaşların və itkin düşmüş həmvətənlərimizin anım günündə Bakıda keçirilmiş yürüşdən fotoşəkillər də dərc edilib.

Məqalə müəllifi vurğulayır ki, Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Anadolu agentliyinə verdiyi müsahibədə ilk dəfə olaraq sərhəd boyunca hərbi təlimlər keçirilməsi mövzusuna toxunub. Şmuel Din Elmas Prezident İlham Əliyevin bu sözlərini sitat gətirir: “Hər bir ölkə öz ərazisində istənilən hərbi təlimi keçirə bilər. Bu, onun suveren hüququdur, söz ola bilməz. Ancaq, eyni zamanda, bunu bir zaman kəsiyində analiz edərkən görürük ki, bu, heç vaxt olmamışdır”.

Məqalə müəllifi qeyd edir ki, Azərbaycanda Vətən müharibəsinin başlanmasının ildönümü günündə çoxsaylı tədbirlər keçirilib. Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin binasında İsrail, Türkiyə və Pakistan kimi Bakıya dost ölkələrin bayraqları ucaldılıb.

Prezident İlham Əliyev İran yük maşınlarının əvvəllər də qanunsuz olaraq Azərbaycanın işğal altında olan ərazilərindən keçməklə İrandan Ermənistana getməsini xatırladaraq deyib: “Müharibə başa çatandan sonra artıq Laçın dəhlizi gözümüzün önündədir və bizim hərbi mövqelərimizdən Xankəndiyə gedən yola məsafə bəlkə də 5-6 metrdir”.

Prezident İlham Əliyev daha sonra vurğulayıb: “Əlbəttə, biz istəyirik ki, bölgədə uzunmüddətli əməkdaşlığa zərbə vuran heç bir hal olmasın. Bir daha demək istəyirəm ki, Azərbaycan burada da özünü çox məsuliyyətlə aparır, təmkinlə aparır. Ümid edirik, bizim legitim addımlarımıza emosional reaksiya, yəqin ki, müvəqqəti xarakter daşıyır”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: