Ermənistan silahlı qüvvələri 1993-cü il avqustun 23-də Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarını işğal ediblər.
NUHÇIXAN xəbər verir ki, bu iki rayonun işğalı Azərbaycan iqtisadiyyatına 9 milyard dollara yaxın ziyan vurub. İşğal nəticəsində insanlar öz ata-baba yurdlarından didərgin düşüblər, onların şəxsi əmlakı talan olunub, ərazidəki tarixi memarlıq abidələri məhv edilib.
Füzuli rayonunda yerləşən, qədim dövrün mədəni abidələri kimi UNESCO-nun dünya irsi siyahısına daxil edilən Azıx və Tağlar mağaraları ermənilər tərəfindən dağıdılıb. Azıxda aşkar olunan maddi-mədəniyyət nümunələri 1981-ci ildə Parisin İnsan Muzeyində “Avropanın ilk sakinləri” adlı sərgidə nümayiş etdirilmişdi.
Yağı düşmən tərəfindən Füzuli rayonundakı uzunömürlü təbiət abidələri - Şərq çinarları da tamamilə məhv edilib, Ərgünəş meşəsində 500 hektar ərazi yandırılıb. Füzuli aqrar rayonu olduğundan işğal nəticəsində dəyən ziyan milyardlarla manat ölçülür.
Cəbrayılda da üzümçülük, taxılçılıq, baramaçılıq, heyvandarlıq inkişaf etmiş sahələr olduğuna görə dəyən ziyanın həcmi böyükdür. Bu rayonda 14 mindən çox daşınmaz əmlak, 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 5 məscid, 2 muzey, 129 tarixi abidə, 149 mədəniyyət ocağı vardı. Ermənilər rayonundakı mühüm əhəmiyyətə malik tarixi memarlıq abidələrini, yeraltı və yerüstü sərvətləri, zəngin su mənbələrini dağıdıb, meşələri yandırıb, bu yurdun rəmzinə çevrilən Xan çinarları kəsiblər.
Hər iki rayon ağır döyüşlərdə minlərlə şəhid verib. Füzuli rayonundan 8, Cəbrayıl rayonundan isə 6 nəfər erməni işğalçılarına qarşı döyüşlərdə göstərdikləri igidliyə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Hazırda Füzuli və Cəbrayıldan olan məcburi köçkün soydaşlarımız Azərbaycanın 50-dən çox şəhər və rayonunda məskunlaşıblar. Onlar dövlətin tam qayğısı ilə əhatə olunublar və yurd yerlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər.