Qarabağ Zəfəri Azərbaycanın ərazi bütövlüyünü bərpa etməklə ölkəmizi yeni tərəqqi və təhlükəsizlik yoluna çıxardı

A- A A+

Təcavüzkar Ermənistanın 30 il işğal altında saxlayıb xarabazara çevirdiyi müqəddəs torpaqlarımızın azad edilməsi uğrunda ötən il sentyabrın 27-də başlanmış Vətən müharibəsi 44 gündən sonra Azərbaycanın möhtəşəm qələbəsi ilə başa çatdı. Savaşın bu cür uğurlu sonluqla nəticələnəcəyi əvvəldən bəlli idi. Çünki biz haqq işi uğrunda mübarizə aparırdıq və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz öz vəzifəsini layiqincə yerinə yetirdi.

Milli Ordumuz cəmi 44 gün ərzində işğal altında olan torpaqla­rımızın böyük bir qismini azad etdi. Bu qələbə dövlətçilik tariximizin ən şərəfli zəfəri kimi tarixə çevrildi. İstər-istəməz fikirləşməli olursan ki, necə oldu ki, məkrli düşmən ərazilərimizin böyük bir qismini işğal edə bildi?!

XX əsrin 90-cı illərində Sovetlər birliyində yaranmış vəziyyət, SSRİ rəhbərlərinin ermənipərəst siyasətləri, ermənilərin isə Cənubi Qafqazda yaranmış vəziyyətdən sui-istifadə etmələri, Şimal qonşumuzun Ermənistanı silah­landırması işğal faktını asanlaş­dırdı. SSRİ-nin süqutu faktın­dan da Ermənistan yararlandı, Rusiya əvvəlki ənənəni davam etdirdi. Azərbaycana gəldikdə isə, təcrübəsiz, naşı adamların hakimiyyətə gəlməsi və hakimiyyət çəkişməsi ölkəmizin gücünü zəiflətdi, bundan isə Ermənistan istifadə etməyi bacardı.

Nəticədə, ölkəmizin 20 faiz ərazisi itirildi, 1 milyon qaçqın və köçkün ordusu yarandı. Məsələni həll etmək üçün Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etdi. Ermənistan işğal etdiyi Azərbaycan ərazilərini dərhal, tamamilə və qeydsiz-şərtsiz tərk etməli idi. Ermənistan – Azərbaycan hərbi-siyasi münaqişəsini həll etmək üçün BMT-nin Təhlükəsizlik Şurasının üç daimi üzvünün – ABŞ, Rusiya və Fransanın həmsədrlik etdiyi Minsk qrupu yaradıldı. Sonra­dan aydın oldu ki, Minsk qrupu məsələni həll etmək istəyində olmamış, bir sıra hallarda Ermənistanın tərəfini saxlamışdır.

Azərbaycan 30 ilə yaxın Ermənistanla danışıqlar apardı, lakin heç bir səmərəsi olmadı. Ermənistan mövcud vəziyyəti – status-kvonu saxlamaq üçün Minsk qrupunun həmsədrlərinin fəaliyyətindən yararlanırdı. Ermənistanın ikinci və üçüncü prezidentləri silahlanmağa böyük yer verir, müdafiə xətti qururdular. Bir çox halda diplomatik danışıq­ları pozurdular. Dağlıq Qarabağ klanının üzvləri heç bir halda işğal etdikləri Azərbaycan ərazilərini geri qaytarmaq istəmirdilər. Xarici qüvvələrin dəstəyi ilə N.Paşinyanın Ermənistanda hakimiyyətə gəlməsi ilə yeni vəziyyət yarandı. Lakin aydın oldu ki, o da oyun oynayır, müxtəlif vədlər versə də, çıxış üçün manevrlər edirdi.

Bütün bunları Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev çox yaxşı bilirdi. Ona görə də danışıqlarda N.Paşinyanı çətin vəziyyətə salır, belə demək mümkünsə onu biabır edir, ona dərs verirdi. Sülh danışıqlarını davam etdirməklə yanaşı, proble­min lazım gələrsə hərbi müstəvidə həllinə də səylə hazırlıq gedirdi. Birbaşa ölkə Prezidenti İlham Əliyevin daimi şəxsi nəzarəti altında ordu quruculuğuna xüsusi diqqət verilir, ildən-ilə hərbi xərclər artırılır, əsgər və zabitlərin, hərbi qulluqçuların sosial problemlərinin həlli istiqamətində xüsusi dövlət proqramları həyata keçirilirdi. Ordunun peşəkarlığı, döyüş ha­zırlığı artırılır, yeni növ silahlardan istifadə vərdişlərinin formalaşdı­rılması, hərbi təlimlərin yüksək səviyyədə keçirilməsi də təsdiq edilmiş plan əsasında, bilavasitə cənab Ali Baş Komandanın nəzarəti altında yerinə yetirilirdi.

Azərbaycan lideri İlham Əliyevin “Biz torpağımızı heç kimə güzəştə getməyəcəyik”, “Sülh yolu ilə həll edilməsə, problemin hərbi yolla həlli qaçılmaz olacaq”, “Qara­bağ Azərbaycandır!” kimi qətiyyətli bəyanat və çağırışları Qarabağın Azərbaycan olduğuna heç kimdə şübhə yeri qoymurdu.

2016-cı ilin “Aprel döyüşləri” hərbi qüvvələrin nisbətini, ordu­muzun qələbə əzmini açıq-aşkar göstərsə də, Ermənistanın hərbi qüvvələri acı məğlubiyyətdən xilas edildi. “Günnüt əməliyyatı” da onlara dərs olmadı. Hətta yeni tor­paqlar tutmaq həvəsinə düşdülər, Azərbaycana hədə-qorxu gəlməyə başladılar. Azərbaycan cəmiyyəti, silahlı qüvvələrimiz zəbt olunmuş torpaqlarımızı döyüş yolu ilə geri qaytarmaq əzmində olduqlarını qətiyyətlə bildirirdilər.

Ermənistan silahlı qüvvələri 2020-ci ilin iyulun 12-də atəşkəsi kobudcasına pozaraq Tovuz ra­yonu ərazisində təxribat törətdilər. Həmin ilin 27 sentyabrında isə Ermənistan ordusunun yeni ərazilərimizi işğal etmək niyyəti ilə ağır artilleriyanın, uzaqvuran topların gücündən istifadə edərək genişmiqyaslı hərbi əməliyyatlara başlaması Azərbaycan Ordusunun işğal olunmuş torpaqlarımızı geri qaytarmaq üçün uğurlu “Dəmir yumruq” əməliyyatına başlamasına səbəb oldu. Azərbaycan Prezi­denti, Ali Baş Komandan xalqa müraciət edərək xaincəsinə hücum və Azərbaycan Ordusunun baş­lamış olduğu sülhə məcbur etmə əməliyyatı barədə məlumat verdi.

Ali Baş Komandanın bilavasitə rəhbərliyi ilə Azərbaycan Ordusu inamla və yüksək peşəkarlıqla düşmənə layiqli dərs verməyə başladı, hər gün onları məğlub edərək geri oturtdu. 44 günlük müharibə dövründə elə bir gün olmamışdır ki, Azərbaycan Ordusu geri çəkilsin. Bütün bunlar ordu­muzun vətənpərvərliyini, müba­rizliyini və qəhrəmanlığını sübut edən fərəh doğuran faktlardır. Azərbaycan Ordusu 30 ilə yaxın idi davam edən erməni işğalına cəmi 44 gün ərzində son qoyaraq xalqımızın möhtəşəm qəhrəmanlıq salnaməsini yaratdı.

Düşmən ordusu məğlub edilməklə yanaşı, həm də darma­dağın edildi. Azərbaycan Ordusu düşmən üzərində hər cəhətdən tam üstün olduğunu sübut etdi. Xilaskar və müzəffər Azərbaycan Ordusunun istifadə etdiyi taktika ən müasir müharibə taktikası idi. Döyüşlərdə qazanılan uğurlar hərbi əməliyyatların planlaşdırıl­masından asılı idi. Azərbaycan Ordusunun Ali Baş Komandanı, Prezident İlham Əliyevin həm müasir Azərbaycan Ordusunun yaradılması üzrə çoxillik mürəkkəb iş dövründə, həm də Qarabağ­da işğal olunmuş ərazilərimizin azad edilməsi uğrundakı hərbi əməliyyatlar dövründə son dərəcə məsul qərarlar qəbul edərkən göstərdiyi mərdlik, əzmkarlıq, siya­si iradə sayəsində Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi uğrunda Qarabağda gedən döyüşlərdə tarixi dönüş baş verdi.

44 gün ərzində sürən hərbi əməliyyatlar nəticəsində müa­sir və güclü Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonlarını, Azərbaycan xalqının tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan, Qara­bağın tacı sayılan Şuşa şəhərini azad etdi. Həmçinin Ağdam, Kəlbəcər və Laçın rayonları hərbi əməliyyatlar aparılmadan və qan tökülmədən Azərbaycana qay­tarıldı. Ordumuz 5 şəhər və 4 qəsəbəni, 300-dən çox yaşayış məntəqəsini, çoxsaylı strateji yüksəklikləri işğaldan azad etdi.

44 gün davam edən müharibədə Azərbaycan Ordusu bütün dünyaya müasir döyüşlərin aparılmasının nümunəsini göstərdi. Yüksək peşəkarlıq və döyüş əzmi göstərən ordumuz, demək olar ki, Ermənistanın bütün hərbi potensialını darmadağın etdi və ya qənimət götürdü. Hesabla­malar göstərir ki, düşmənin məhv edilən və qənimət götürülən hərbi texnikasının dəyəri 3,8 milyard ABŞ dolları məbləğindədir.

Düşmən itkilərini gizlətsə də, məlum olur ki, müharibə dövründə onların itkisi Azərbaycandan 3 dəfə çox olmuş, 10 mindən çox fərari qeydə alınmışdır.

Azərbaycan Ordusu müharibənin ilk anından son gününə qədər işğalçıya di­van tutdu, Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti isə öz mübarizliyi ilə qəhrəmanlıq simvoluna çevrildi. Əsgərlərimiz, zabitlərimiz, çavuşlarımız döyüş meydanlarından bütün dünya­ya göstərdilər ki, Vətən uğrun­da mübarizə necə olur. Hətta düşmənlərimiz belə Azərbaycan hərbçisinin qorxmazlığını, cəsurluğunu etiraf etmişlər.

Müharibə itkisiz olmur. Vətən müharibəsində oğullarımız ölümün gözünə dik baxdı, 2907 nəfər şəhid verdik. Bir nəfər də olsa belə fərari qeydə alınmadı. Vətənimizin şəhid övladlarının ruhu şaddır. Çünki hər qarışı üçün şərəflə mübarizə apardıqları, uğrunda canlarından keçdikləri Vətən tor­paqları artıq işğaldan azaddır.

Ölkəmiz döyüş meydanında ol­duğu kimi, diplomatiya cəbhəsində də çox böyük və bundan sonra hələ xeyli danışılacaq, müzakirə olunacaq, mahiyyəti daha da aydın anlaşılacaq əhəmiyyətli digər bir zəfərə də imza atdı. Ermənistan və onun havadarları tərəfindən hərbi əməliyyatları dayandırmaq məqsədilə Azərbaycana diplomatik və siyasi təzyiqlər göstərilirdi. La­kin bütün bu maneələrə baxmaya­raq, Prezident, Ali Baş Komandan İlham Əliyev yüksək diplomatik peşəkarlıq, əzmkarlıq, qəti siyasi iradə nümayiş etdirərək, bütün çətinliklərə müdrikliklə sinə gərərək onların hamısını aradan qaldırdı.

Ali Baş Komandan dö­yüş planının hazırlanması və həyata keçirilməsinə birbaşa rəhbərlik və nəzarət edirdi. Bir sıra hallarda planlaşdırılan döyüşlərin vaxtının və yerinin dəyişdirilməsini də məqsədli olaraq edirdi. Prezident İlham Əliyev yalnız hərbi strategiyanın deyil, diplomatiya və informasiya siyasətinin müəyyənləşməsinə və həyata keçməsinə də rəhbərlik edirdi. Onun rəhbərliyi ilə Azərbaycan Ordusu XXI əsrin yeni müharibəsinin aparılması­nın nümunəsini nümayiş etdirdi. Bununla belə, heç şübhəsiz ki, Şuşa şəhərinin azad edilməsi Azərbaycanın hərbi qüvvələrinin apardığı döyüşlərin zirvəsini təşkil edir. İlham Əliyevin yenilməz iradəsi və ordumuzun qəhrəmanlığı sayəsində Vətən savaşı zəfərlə başa çatdı.

Ölkəmizin əldə etdiyi tarixi qələbəyə Naxçıvan Muxtar Res­publikasından olan igid oğullarımız da öz töhfələrini verdi, döyüşlərdə qəhrəmancasına mübarizə apar­dılar. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi: “Naxçıvanlılar da İkinci Qarabağ müharibəsində digər bütün bölgələrdən olan vətəndaşlar kimi fəal iştirak ediblər. Bütün bölgələrdən olan hərbçilərlə bərabər, naxçıvanlılar da böyük qəhrəmanlıq göstəriblər və tor­paqlarımızın azad edilməsi işində fədakarlıq göstəriblər, şəhidlər veriblər”.

Vətən torpaqlarının azadlığı uğrunda canlarından keçərək qəhrəmanlıq tariximizin şanlı səhifələrini yazan şəhidlərimizin xatirəsi əbədi yaşayacaqdır. Onla­rın döyüş yolu, göstərdikləri şücaət və vətənpərvərlik hər zaman gənc nəsil üçün nümunə olacaq­dır. Ümummilli liderimiz Heydər Əliyevin də dediyi kimi: “Vətənin, ölkəmizin müdafiəsi uğrunda şəhid olmuş insanların adı daim qəlbimizdədir, onların xatirəsi bizim üçün əzizdir, onlar bizim üçün əzizdir, onlar bizim üçün unudul­mazdır”.

Beləliklə, qətiyyətli Ali Baş Ko­mandanın rəhbərliyi, vətənpərvər Xalqın birliyi və qüdrətli Ordumuzun qəhrəmanlığı sayəsində düşmən tapdağında olan torpaqlarımız azad edildi. Noyabrın 8-də Şuşanın, 9-da 70-dən artıq kəndin, 1 qəsəbənin, 8 strateji yüksəkliyin azad edilməsinin ardınca işğalçı Ermənistanın Prezi­dent İlham Əliyevin şərtlərini qəbul etməkdən başqa yolu qalmadı. Noyabrın 10-da Ermənistanın ağ bayraq qaldırması, kapitulyasıya aktına imza atması ilə Azərbaycan Vətən müharibəsini Qələbə ilə başa vurdu.

Bütün bunlar barədə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətində də geniş bəhs edilib. Dövlətimizin başçısı Ermənistanın məğlubiyyətinin etiraf etdiyi günün ölkəmiz üçün tarixi bir gün oldu­ğunu, bununla da Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə son qoyulduğunu vurğulayıb: “Hesab edirəm ki, indicə imzalanmış üçtərəfli bəyanat məsələnin həlli istiqamətində son nöqtə olacaqdır. Bu bəyanatı Azərbaycan Prezidenti, Rusiya Pre­zidenti və Ermənistanın baş naziri imzaladılar”.

Prezident İlham Əliyevin 2 de­kabr 2020-ci il tarixli sərəncamları ilə Anım günü və Zəfər Günü təsis edildi. Anım Gününün təsis edilməsi haqqında sərəncamda deyilir: “Haqq və ərazi bütövlü­yü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirmişdir”.

Zəfər günü ilə əlaqədar imzalanmış sərəncamda deyi­lir: “Azərbaycan xalqının əzm və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı”.

Vətən müharibəsi II Qarabağ savaşının Azərbaycan üçün elə böyük tarixi və siyasi əhəmiyyəti vardır ki, bu, ölkəmizin beynəlxalq nüfuzunu artırmış və artırmaqda da davam edir. Vətən müharibəsini ölkəmizin düçar olduğu hansı müharibə ilə müqayisə etmək olar? Təbii ki, belə bir müqayisə üçün Vətən müharibəsinə heç olmasa yaxın gələn müharibə olmamışdır. 44 günlük müharibənin həll etdiyi problemləri heç bir müharibə həll etməmişdir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev nitqlərinin birində demişdir ki, ölkəmizin tarixi inkişafı dövründə Vətən müharibəsi ilə müqayisə oluna bilən müharibə olmamışdır.

Azərbaycan Ordusunun düşmən üzərində həlledici qələbəsi bir çox amillə bağlıdır. İlk növbədə ölkəmizin iqtisa­di potensialı ilə əlaqədardır. Ulu öndərimizin düşünülmüş uzaqgörən siyasəti ilə reallaşan “Əsrin müqaviləsi” ölkəmizə çox böyük iqtisadi dividentlər qazan­dırmışdır. Müqayisədə hər şey aydın ola bilər. Belə ki, 1994-cü ildə Azərbaycanın dövlət büdcəsini 2020-ci illə müqayisə etsək, fərqin çox böyük olduğunu görərik.

Bu fərqi yaradan “Əsrin müqaviləsi”dir. Bu müqavilədən əldə olunan gəlirlər ölkəmizin hərtərəfli inkişafına, ehtiyat fondu­na, xüsusilə ordu quruculuğuna sərf edilmişdir. Əgər bu vəsait olmasa idi ordu quruculuğunu necə inkişaf etdirmək olardı. Güclü iqtisadiyyatımız bizə müdafiə sənayemizin inkişaf etdirilməsinə şərait yaratdı. Nəticədə, ölkəmizdə ordu quruculuğu müdafiə sənayesinin inkişafı ilə paralel aparılırdı.

Məlumdur ki, hər bir müharibənin taleyini ordu həll edir. Ordu isə canlı qüvvələrdən və silah-sursatdan formalaşır. Müharibəyə qədər hərbçilərin peşəkarlığı, silah-sursatdan istifadə etmək bacarığının for­malaşdırılmasına xüsusi diqqət yetirilmişdir. Xarici ölkələrdə təhsil almağa, hərbi biliklərinin və peşəkarlıqlarının artırılması qayğısına qalınmışdır. Burada hərbi təlimlərin də əhəmiyyətini xüsusi olaraq qeyd etməliyik. Hərbi təlimlər hərbçilərdə praktik vərdişlər formalaşdırır. Ordu­nun müasir silah-sursatla təchiz edilməsinə ölkəmizdə xüsusi əhəmiyyət verilmişdir.

Respublikamızda Müdafiə Sənayesi Nazirliyinin yaradıl­ması da uzaqgörən siyasətlə əlaqədardır. Ordunun, döyüş həmlələrinin idarə edilməsi də qələbə üçün çox vacib amildir. Bu­nunla əlaqədar Ali Baş Komandan İlham Əliyev demişdir: “Ordu quruculuğu mənim fəaliyyətimdə həmişə birinci yerdədir. Hərbçilər də, Azərbaycan xalqı da bunu bilir. Həmişə demişəm ki, ordumuz üçün nə lazımdırsa, biz onu da edəcəyik. Biz güclü, iradəli ordu yaratmışıq. Bizim bütün silahlı birləşmələrimiz müasir standartlara cavab verir”.

Məlumdur ki, dünyanın müva­fiq reytinq agentliklərinin sorğu­suna görə, Azərbaycan Ordusu dünyanın 50 ən güclü ordusu sırasında yer tutmuşdur. Ərazi bütövlüyünün təmin edilməsində ilk növbədə, Azərbaycan Ordusu misilsiz fədakarlıq və qəhrəmanlıq nümayiş etdirdi. Döyüş meydanla­rında əldə edilmiş bütün zəfərlərin başlıca qəhrəmanını dövlət başçısı İlham Əliyev Azərbaycan əsgəri və zabiti hesab edirdi: “Ancaq mən bunu artıq bir neçə dəfə demişəm, bu qələbəni qazanan bizim texniki vasitələr yox, əsgər və zabitlərimizdir. Onlar torpa­ğımızı düşməndən qarış-qarış azad edə-edə bu qələbəni, bu zəfəri xalqımıza nəsib etdilər. Ona görə bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir”.

Qələbəni şərtləndirən amillər sırasında xalqımızın milli birliyi, həmrəyliyi də əsas yer tutur. Əks-hücum əməliyyatları başladığı gündən, siyasi əqidəsindən, milli mənsubiyyətindən asılı olmayaraq bütün Azərbaycan xalqı yumruq kimi birləşdi. Ölkədə fəaliyyət göstərən siyasi partiyalar da dövlətimizin başçısının ətrafında sıx birləşərək dəstəklərini ifadə etdilər. 50+1 formatında siyasi partiyaların birgə bəyanatı xalq-iqtidar birliyinin təcəssümünün parlaq göstəricisi idi. Prezident İlham Əliyev xalqa müraciətində bu məsələyə də xüsusi diqqət yönəldərək bildirmişdir: “Əgər bu birlik olmasaydı, milli həmrəylik olmasaydı, biz heç vaxt torpaq­larımızı işğalçılardan azad edə bilməzdik. Bu illər ərzində bizə qarşı aparılan qara piar kampa­niyası, qarayaxma, şər-böhtan kampaniyasının da əsas məqsədi o idi ki, bizi əsas vəzifəmizdən uzaqlaşdırsınlar, biz uzaqlaşaq, daxili problemlər içində boğulaq və işğal edilmiş torpaqlar işğalçıların əlində əbədi qalsın. Güclü siyasi iradə, xalq-iqtidar birliyi bu planları da alt-üst etdi”.

Azərbaycan cəmiyyətində hər zaman olduğundan daha böyük milli birlik və siyasi həmrəylik özünü göstərdi. Cəbhədə şiddətli döyüşlər getdiyi bir vaxtda müxtəlif təşkilatlar, həmçinin tanınmış ictimai-siyasi xadimlər, ziyalılar bəyanat verərək xalqın, dövlətin, ordunun, Ali Baş Komandanın yanında olduğunu bəyan edirdilər. Müxtəlif idarə və təşkilatlar, siravi vətəndaşlar, hətta xarici ölkələrdə yaşayan soydaşlarımız da xalqımı­za, ordumuza dəstək olur, Silahlı Qüvvələrə Yardım Fonduna ianələr edirdilər. Qismən səfərbərliyin elan olunması və bəzi vətəndaşların hərbi xidmətə cəlb olunması ilə ya­naşı, on minlərlə vətənpərvər öv­ladımız könüllü şəkildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edərək cəbhəyə yollanmağa hazır olduqla­rını söyləyirdilər.

Tanınmış elm və mədəniyyət xadimləri, müxtəlif kollektivlərin nümayəndələri, dini konfessi­yaların üzvləri hərbçilərlə gö­rüşür, onların döyüş ruhunu, vətənpərvərliyini artırmaq üçün söhbətlər edirdilər. Xalqımız vətəndaşlıq mövqeyi ilə mübarizə meydanında, hərbçilərin yanın­da, dövlətin ətrafında olduğunu göstərdi.

Vətən müharibəsinin ilk günündən qardaş Türkiyənin mənəvi dəstəyini hiss etdik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan etdi ki, “Azərbaycan tək deyildir, Türkiyə hər zaman onun yanındadır. Azərbaycan bizim üçün yalnız dost deyil, qardaş ölkədir”. Türkiyə Prezidentinin bu bəyanatından sonra üçüncü ölkələr öz hesabla­rını apardılar, hadisələrə müdaxilə etmək fikirlərindən geri çəkildilər.

Dövlətimizin başçısı İlham Əliyev bildirmişdir ki, “Türkiyə hər zaman olduğu kimi, bizi bir daha bu məsələ ilə bağlı açıq və birmənalı dəstəklədi. Əziz qar­daşım Rəcəb Tayyib Ərdoğanın açıqlamaları, digər yüksək səviyyəli vəzifəlilərin açıqlamaları bir daha qardaşlıq mövqeyinin təzahürü kimi özünü göstərdi. Əziz qardaşım Rəcəb Tayyib Ərdoğanın bu toqquşmaların ilk saatlarında verdiyi dəstək sabitliyi qorudu. Bəziləri bəlkə bunu anlamırlar. Əgər o sözlər olmasaydı, əgər mənim qardaşım deməsəydi ki, Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır, bəlkə də burada vəziyyət qarışardı. Bəlkə də başqa kimsə burada, necə deyərlər, bulanıq suda balıq tutmağa çalışacaqdı. Ona görə bundan sonra bu bölgədə biz yeni bir strateji mənzərə, strateji baxış yaratmalıyıq”.

Noyabrın 10-da Silahlı Qüvvələrin Ali Baş Koman­danı İlham Əliyevlə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığında da dövlət başçıları İkinci Qarabağ müharibəsində Azərbaycanın qazandığı parlaq Qələbə münasibətilə bir-birini təbrik edərkən cənab İlham Əliyev müharibə dövründə Türkiyə Prezidenti və Türkiyə xalqının Azərbaycana göstərdiyi siya­si və mənəvi dəstəyə görə bir daha minnətdarlığını bildirmişdir. Türkiyənin Azərbaycana mənəvi və siyasi dəstəyi qələbəmizi daha inamlı və dönməz etdi: “İkinci Qarabağ müharibəsi tarixdə Azərbaycanın şanlı qələbəsi kimi qalacaq”.

Azərbaycan Prezidenti İlham Əliyev erməni işğalına qarşı aparı­lan müharibədə əldə edilmiş tarixi qələbəni bütün xalqın qələbəsi kimi dəyərləndirərək demişdir: “Bu, bizim hamımızın qələbəsidir, bütün Azərbaycan xalqının qələbəsidir. Azərbaycan xalqı bir daha göstərdi ki, nə qədər böyük xalqdır, nə qədər vətənpərvər xalqdır, nə qədər dəmir iradəyə malik olan xalqdır. 30 ilin əziyyəti, 30 ilin ümidsizliyi, 30 ilin əzabları xalqı­mızı sındırmadı, iradəmizə heç bir mənfi təsir göstərmədi. Əksinə, biz daha da bütövləşdik, daha da mətinləşdik, daha da gücləndik, özümüzü toparladıq, dedik ki, artıq yetər, biz bu işğala dözməyəcəyik. Dedik ki, düşməni torpaqlarımız­dan qovacağıq!

Biz bir daha gücümüzü göstərdik, xalqımızın birliyini göstərdik. Göstərdik ki, heç bir qüvvə bizim qabağımızda dura bilməz, heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz. İkinci Qarabağ müharibəsi tarixdə Azərbaycanın şanlı qələbəsi kimi qalacaq. Bu qələbənin qazanıl­masında bütün xalqımız birlik, həmrəylik göstərmişdir”.

Beləliklə, İkinci Qarabağ müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə başa çatdı. Bu müharibədə rəşadətli Azərbaycan Ordusu İlham Əliyevin müzəffər Ali Baş Komandanlığı ilə Ermənistanı döyüş meydanında darmadağın edərək onun işğal siyasətinə son qoydu. Ona görə bu müharibə müasir tariximizin Zəfər salnaməsinə çevrildi. Bu qələbə Azərbaycanı qaliblər sırasına çıxardı və daha da güclü etdi. Qazanılmış Qələbə ölkəmiz üçün inkişaf, tərəqqi və təhlükəsizlik dövrü açdı.

İsmayıl Hacıyev

AMEA Naxçıvan Bölməsinin sədri,

 akademik

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: