Nüfuzlu beynəlxalq portalda Qarabağ münaqişəsinin bitməsindən ötən bir illik dövr təhlil olunub

A- A A+

Avropanın beynəlxalq münasibətlər üzrə nüfuzlu www.neweurope.eu portalında “Qarabağda münaqişənin həllinə aparan yol” sərlövhəli məqalə dərc olunub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Kanada Qlobal Məsələlər İnstitutunun tədqiqatçı alimi Robert Katlerin müəllifi olduğu məqalədə İkinci Qarabağ müharibəsindən ötən bir illik dövr təhlil olunur, yeni fenomenlər qiymətləndirilir, xüsusilə kommunikasiya və nəqliyyat əlaqələrinin qurulması imkanları nəzərdən keçirilir. Müəllif qeyd edir ki, bu il yanvarın 11-də bu əlaqələrin inkişafı üçün üçtərəfli işçi qrup yaradılsa da, Ermənistan sonrakı müzakirələrdə iştirakdan imtina edib və yalnız avqustun 17-də Moskvada Baş nazirlərin müavinləri səviyyəsində keçirilən görüşdə bu mövzuya geri dönüb. Digər tərəfdən isə Azərbaycan xoş niyyət nümayiş etdirərək özünün milli qaz kəməri sistemindən Rusiya qazının Ermənistana nəqli üçün istifadəyə, eyni zamanda, Gorus-Qafan magistral yolunun Azərbaycan ərazisindən keçən hissəsində hərəkətə icazə verib.

R.Katler məqalədə 10 noyabr Bəyanatının mühüm şərtlərinə də toxunur. Qeyd edir ki, Bəyanatda Azərbaycanla onun bir hissəsi Naxçıvan arasında dəhlizin açılması tələb olunur. Lakin Ermənistan “Zəngəzur dəhlizi” adlanan bu kommunikasiya xəttinin reallaşmaması üçün əlindən gələni edir. Digər tərəfdən, müəllif Türkiyənin “Botaş” şirkətinin Naxçıvan və Ermənistan sərhədi yaxınlığında zavod inşa etmək planlarına toxunur. Vurğulayır ki, əgər Ermənistanın cənubundan keçməklə boru xətti çəkilərsə, bu, ilk növbədə, iqtisadi inkişafa böyük ehtiyac duyan rəsmi Yerevana xeyir verə və onun uzunmüddətli maraqlarına xidmət edə bilər. Lakin müharibədən sonrakı dövrdə Ermənistanda daxili siyasi çəkişmələr, növbədənkənar parlament seçkiləri və yeni hökumətin formalaşması fonunda ötən dövr ərzində rəsmi Yerevan heç bir konstruktiv qərar qəbul edə bilməyib.

Yazıda, eyni zamanda, qeyd edilir ki, qarşılıqlı etimadın gücləndirilməsi üçün ən təcili və təsirli tədbirlərdən biri 1990-cı illərin əvvəlində etnik təmizləmə nəticəsində doğma torpaqlarından didərgin düşmüş azərbaycanlıların evlərinə qayıtmasını asanlaşdırmaq olar. Lakin onların evlərinin əksəriyyətinin məhv edilməsi ilə yanaşı, işğaldan azad olunmuş ərazilərdə Ermənistan ordusunun basdırdığı minalar bərpa və məskunlaşma prosesini çətinləşdirir. Ermənistanın təqdim etdiyi mina xəritələrinin dəqiqliyi isə cəmi 25 faizdir.

Artıq beynəlxalq ictimaiyyət də vəziyyətin ciddiyyətini anlamağa başlayıb və bir sıra ölkələr ərazilərin minalardan təmizlənməsi əməliyyatlarına töhfə verməyə hazır olduqlarını ifadə ediblər. Avropa Şurası Parlament Assambleyasının (AŞPA) nümayəndə heyəti işğaldan azad edilmiş ərazilərə səfər edərək, olduqca balanslaşdırılmış hesabat hazırlayıb. Eyni zamanda, bölgədə mədəni irs və humanitar itkilərin inventarlaşdırılması məqsədilə UNESCO missiyasının səfəri də nəzərdə tutulur.

Müəllif qeyd edir ki, münaqişənin “hüquqi mühakimə” müstəvisində davam edəcəyini də gözləmək olar. Belə ki, Ermənistan Azərbaycana qarşı Haaqa Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edib, lakin bu məsələdə Azərbaycanın əlindəki faktlar daha tutarlıdır, rəsmi Yerevan irqi ayrı-seçkilik və etnik təmizləmədə ittiham olunur. Ötən əsrin 90-cı illərində Qarabağ regionundan deyil, eyni zamanda, 1980-ci illərin sonunda Ermənistan ərazisində azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin həyata keçirilməsi müfəssəl şəkildə sənədləşdirilib. Həmçinin 2015-ci ildə Avropa İnsan Haqları Məhkəməsi öz qərarında Azərbaycanın işğal edilmiş ərazilərindəki silahlı qüvvələrin rəsmi Yerevanın nəzarəti altında olduğunu təsbit edib.

Müəllif yekunda münaqişənin nizamlanması üçün məsul olan ATƏT-in Minsk qrupunun fəaliyyətindən də bəhs edib. Qeyd olunur ki, Minsk qrupu artıq köhnəlib və heç bir rola malik deyil. Əslində, formal olaraq bu, düzgün gedişatdır, çünki konsens diplomatiyasına söykənən multilateral beynəlxalq təşkilatlar hadisələrin müasir inkişaf sürəti ilə ayaqlaşa bilmirlər.

Diqqətçəkən önəmli məqamlar sırasında isə ötən günlərdə Rusiya Müdafiə Nazirliyinin hazırladığı xəritədə Dağlıq Qarabağ Muxtar Vilayətinin sovet dövrünə aid inzibati hüdudlarını əks etdirən xətləri ləğv etməsidir. Qeyd edilir ki, Minsk qrupunun həmsədrlərindən yalnız Rusiya aktiv əməli fəaliyyətdədir və digər həmsədrlərdən müstəqil şəkildə üçtərəfli qaydada Azərbaycan və Ermənistanla ünsiyyətdədir. Ötən bir il ərzində Minsk qrupunun ilk rəsmi fəaliyyəti BMT Baş Assambleyasının sessiyasının açılışı ərəfəsində Ermənistan və Azərbaycan xarici işlər nazirləri ilə ayrı-ayrılıqda görüşlər keçirməkdən ibarət olub.

Müəllif sonda vurğulayır ki, Minsk qrupu öz himayəsindən kənarda razılaşdırılmış yekun həll üçün çətir kimi faydalı bir məqsədə xidmət də edə bilər, lakin heç buna da ehtiyac yoxdur. İndi əsas məsələ zəmanətlərə söykənən beynəlxalq sülh müqaviləsinin bağlanmasıdır. Müharibələr məhz belə başa çatır: ölkələrin beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün qarşılıqlı tanınması, dövlət sərhədlərinin delimitasiyası və ərazi məskunlaşması ilə.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: