Misir agentliyi: 44 günlük müharibə zamanı Ermənistanın yanlış informasiya siyasəti öz hədəflərinə çatmadı
Misirin “Asiaelyom” agentliyinin saytında 44 günlük müharibə zamanı Ermənistanın apardığı yanlış informasiya siyasəti haqqında məqalə yayımlanıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Azərbaycanın Vətən müharibəsində Ermənistan rəsmi və qeyri-rəsmi KİV-də yalan, şayiələrə əsaslanan xəbər və dezinformasiyalardan geniş istifadə edib. Lakin onun işğalçı mahiyyətini gizlətmək və vəhşilikləri ört-basdır etmək istiqamətində strategiyası hədəflərinə çatmayıb. Azərbaycan informasiya müharibəsində də Qələbəyə nail olub, həqiqətləri dünya ictimaiyyətinə obyektiv şəkildə çatdırıb, öz ədalətli mövqeyini qoruyaraq erməni yalanlarını ifşa edib.
Yazıda diqqətə çatdırılıb ki, Ermənistanın yalan maşınının uğursuzluğa düçar olmasının əsas səbəbi işğalçı ölkənin dünyada baş verən dəyişiklikləri nəzərə almaması olub. Artıq müasir texnologiyalar əsrində beynəlxalq ictimaiyyəti yanlış informasiyalara inandırmaq mümkün deyil. Digər tərəfdən, Azərbaycan Prezidenti İlham Əliyev özünün müraciətləri, çıxışları ilə informasiya cəbhəsində qələbəni təmin edib, Ermənistanın böhtan və şayiələrini ifşa edib. Məsələn, Prezident İlham Əliyev Almaniyanın ARD telekanalına müsahibəsində “Nəyə görə Qarabağ Azərbaycan üçün belə önəmlidir” sualına müdrik cavab verib: “Elzas və Lotaringiya sizin üçün önəmlidir? Bavariya sizin üçün önəmlidir? Yaxud Reyn-Vestfaliya? Bu, bizim torpaqdır, beynəlxalq səviyyədə tanınan bizim ərazimizdir. Bu, resurslar məsələsi deyil”. Bu qısa cavab Azərbaycanın ədalətli mövqeyini bütün dolğunluğu ilə ifadə edib.
Məqalədə qeyd olunub ki, müharibə günlərində bir neçə xarici KİV də Ermənistanın yalan və böhtan kampaniyasına alət olub. Hətta bəzi nüfuzu olmayan ermənipərəst siyasətçilərlə yanlış məlumatlara əsaslanan müsahibələr təşkil olunub. Lakin Azərbaycan bütün dünyaya sübut etdi ki, demoqrafik böhran keçirən və ordusu zəif olan işğalçı dövlət döyüşlərdə xaricdən gətirilmiş muzdlu əsgərlərdən istifadə edib. Beynəlxalq ictimaiyyət Azərbaycan Ordusunun qüdrətini, onun öz gücünə torpaqları düşməndən azad etmək əzmini gördü və bu, mediada öz əksini tapdı.
Sonda vurğulanır ki, əslində, yalan və yanlış informasiya yaymaq bütün işğalçı dövlətlərin istifadə etdiyi bir metoddur. Ermənistan da işğalçı siyasətini pərdələmək, Azərbaycan ərazilərində törətdiyi vəhşilikləri gizlətmək üçün bu uğursuz üsuldan istifadə edib.