Azərbaycan Prezidentinin “Valday” Beynəlxalq Diskussiya Klubunun iclasındakı tarixi çıxışından iki il ötür

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Qarabağ Azərbaycandır və nida işarəsi. Azərbaycan Prezidenti İlham Əliyevin düz iki il əvvəl, oktyabrın 3-də Soçi şəhərində keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasındakı tarixi çıxışı zamanı səsləndirdiyi bu sözlər artıq milli azadlıq mübarizəmizin rəmzinə çevrilib.

Ermənistan baş naziri Nikol Paşinyanın 2019-cu ildə etdiyi “Arsax (Dağlıq Qarabağ) Ermənistandır, nöqtə” bəyanatı Qarabağ münaqişəsinin dinc yolla həlli prosesinə sanki nöqtə qoymuşdu. O, Xankəndinə səfəri zamanı bu sözləri deməklə və “Miasum” çığırmaqla, bir növ, danışıqların faydasız olmasına, işğal altındakı torpaqların sülh yolu ilə qaytarılmayacağına işarə etmişdi.

Ermənistan rəhbərinin bu sərsəm bəyanatından sonra dünyanın 40 ölkəsindən 150-dən çox nümayəndənin iştirak etdiyi “Valday” Beynəlxalq Diskussiya Klubunun iclasında çıxış edən Azərbaycan Prezidenti Ermənistanın ölkəmizə qarşı davam edən hərbi təcavüzündən, beynəlxalq aləmdə münaqişənin tarixinə düzgün yanaşılmamasından danışmışdı. Prezident İlham Əliyev bildirmişdi ki, münaqişə ilə əlaqədar çox vaxt reallığı əks etdirməyən fikir formalaşır. Dövlətimizin başçısı iclasdakı çıxışında demişdi: “Bu məsələyə aydınlıq gətirmək üçün deməliyəm ki, 1921-ci ildə Qafqaz bürosunun qərarında Dağlıq Qarabağın çox vaxt erməni tərəfinin interpretasiya etdiyi kimi, Azərbaycana verilməsi deyil, onun Azərbaycanın tərkibində qalması göstərilmişdir. Münaqişə başlayana qədər Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətində yaşayan azərbaycanlı və erməni əhalinin say nisbəti 25:75 faiz olub. Münaqişə nəticəsində Dağlıq Qarabağdan, həmçinin digər 7 rayondan bütün azərbaycanlı əhali qovulub, başqa sözlə desək, orada etnik təmizləmə aparılıb”.

Prezident İlham Əliyev xatırlatmışdı ki, BMT Təhlükəsizlik Şurası erməni silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. İyirmi beş ildən çoxdur ki, bu qətnamələr yerinə yetirilmir. “Burada biz mühüm məsələyə - qəbul olunmuş qərarların yerinə yetirilməsinə gəlirik. BMT Təhlükəsizlik Şurası ali beynəlxalq orqandır. Əgər 25 ildən çox müddətdə Təhlükəsizlik Şurasının qəbul etdiyi qərarlar yerinə yetirilmirsə, onda bu, həmin təşkilatın səmərəliliyi ilə bağlı bir çox suallar doğurur”, - deyə Azərbaycan Prezidenti vurğulamışdı.

Dövlətimizin başçısı əlavə etmişdi ki, Ermənistan baş nazirinin “Qarabağ Ermənistandır və nöqtə” ifadəsi təkcə Azərbaycanda təəccüblə qarşılanmayıb, ona Rusiya Federasiyası tərəfindən də “Valday” forumu çərçivəsində müvafiq cavab verilib. Azərbaycan Prezidenti demişdi: “Beləliklə, bəyanat sözbəsöz belədir: “Qarabağ Ermənistanın bir hissəsidir və nöqtə”. Birincisi, yumşaq desək, bu, yalandır. Dünya tərəfindən həm Aran, həm də Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi tanınıb. Ermənistan özü də bu qanunsuz qurumu tanımır. Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi”.

Azərbaycan Prezidentinin həmin tarixi çıxışından düz iki il və 44 gün keçir. Mən 44 günü səhvən ayrıca qeyd etmədim. Azərbaycanın ən yeni tarixinin ən şərəfli günləri taleyimizə əlahiddə qızıl hərflərlə yazılıb. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz “Qarabağ Azərbaycandır” cümləsinin nida işarəsini əbədi həkk edib. Biz Qarabağa, Qarabağ da bizə qovuşub.

Artıq Azərbaycan dövləti işğaldan azad olunmuş torpaqların minalardan təmizlənməsi, bərpası, qaçqın və köçkünlərin doğma yurd-yuvalarına qaytarılması, Ermənistanla hər iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında normal münasibətlər qurulması istiqamətində addımlar atır, qonşu ölkələrlə Cənubi Qafqazda kommunikasiyaların açılması məsələsini müzakirə edir.

Hazırda Azərbaycan ərazisində “Dağlıq Qarabağ” adlandırdıqları inzibati vahid belə yoxdur. Azərbaycan Prezidentinin Fərmanı ilə həmin ərazidə iki iqtisadi zona - Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonaları yaradılıb.

Bu baxımdan, qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın təklif etdiyi və regionda sülh, sabitlik və inkişaf üçün yeni perspektivlər açan “3+3” regional əməkdaşlıq platforması xüsusi diqqət çəkir. Azərbaycan Prezidenti İlham Əliyevin İspaniyanın EFE informasiya agentliyinə müsahibəsində qeyd etdiyi kimi, regionun altı ölkəsi arasında bu cür əməkdaşlıq formatı hər hansı yeni düşmənçilik hərəkətlərinə qarşı əsas zəmanət ola, regional əməkdaşlığın mühüm amilinə çevrilə bilər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: