ABŞ-ın Apeks şəhərinin meri Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə soydaşlarımızı təbrik edib
ABŞ-ın Şimali Karolina ştatının Apeks şəhərinin meri Jak Jilber sosial media hesabında Azərbaycan icmasını təbrik edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, mer Roli şəhərində keçirilən tədbir zamanı Azərbaycan Dostluq Təşkilatına 18 Oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə bəyannaməni təqdim etdiyi üçün şərəf və qürur duyduğunu bildirib. Qeyd edib ki, Azadlığı və Demokratiyanı Böyük Qafqazda yayan azərbaycanlılar və Amerika azərbaycanlıları Apeks şəhərində də mədəni müxtəlifliyə, zənginliyə və iqtisadi tərəqqiyə töhfələr bəxş edirlər.
Mer Azərbaycan icmasına ürək sözlərini belə ifadə edib: "Mənim ailəm – sizin ailəniz, sizin ailəniz – mənim ailəmdir".
Roli şəhərində keçirilən anım mərasimini “beynəlxalq təmsilçiliklə böyük birlik hadisəsi” adlandıran mer tədbirdə Azərbaycanın Vaşinqtondakı səfirliyinin əməkdaşlarının, Türkiyə, Pakistan və İsrail icmalarının nümayəndələrinin iştirakına da diqqəti cəlb edib.