Gürcüstan portalları Gəncə şəhərinin Ermənistan tərəfindən raket atəşə tutulmasının ildönümü ilə bağlı materiallar yayıb
Gürcüstanın “gaxa.ge”, “interpress.ge”, “24news.ge” və digər informasiya portalları Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncənin 2020-ci il oktyabrın 11-də Ermənistan silahlı qüvvələri tərəfindən növbəti dəfə raket atəşinə tutulmasının ildönümü ilə bağlı materiallar yayıb.
Azərbaycan, rus, ingilis və gürcü dillərində yayımlanan materiallarda qanlı terror hadisəsi barədə oxuculara ətraflı məlumat verilir.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, materiallarda oktyabrın 10-dan humanitar atəşkəs rejiminin tətbiq edilməsinə baxmayaraq, Ermənistan ordusunun Azərbaycanın yaşayış məntəqələrini intensiv atəşə tutmaqda davam etdiyi bildirilib. Qeyd olunub ki, Ermənistan silahlı qüvvələri qədim Gəncədə dinc sakinləri növbəti dəfə hədəf alıb. Düşmənin çoxmənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 4-ü qadın olmaqla, 9 nəfər həlak olub, 35 nəfər yaralanıb. Yaralılardan biri sonradan xəstəxanada vəfat edib.
Materiallarda raket hücumu zamanı 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəydiyi də vurğulanıb.
Bundan başqa, “İnterpress.ge” portalı məlumatı gözdən əlil və latın qrafikası ilə oxuya bilməyən insanlar üçün Gəncənin raket atəşinə tutulması barədə səsli xəbər yayıb.