Naxçıvanda keçirilən “Sarsılmaz qardaşlıq – 2021” Türkiyədə geniş işıqlandırılıb - VİDEO

245

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə əsasən Naxçıvanda hər iki ölkənin motoatıcı, xüsusi təyinatlı, komando və müxtəlif qoşun növlərinin iştirakı ilə “Sarsılmaz qardaşlıq - 2021” birgə əməliyyat-taktiki təliminin döyüş atışlı mərhələsi keçirilib. Təlim qardaş Türkiyədə də böyük maraqla qarşılanıb, ölkənin aparıcı telekanalları, informasiya agentlikləri Naxçıvanda keçirilən təlimi geniş işıqlandırıb. “Dosta güvənc, düşmənə qorxu” kimi dəyərləndirilən təlim barədə informasiya və görüntülər Türkiyədə sosial şəbəkələrin trendinə çevrilib, milyonlar tərəfindən izlənilib, bəyənilib və paylaşılıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvanda hər il keçirilən “Sarsılmaz qardaşlıq” birgə əməliyyat-taktiki təlimi bu il də ölkəmizin  telekanalları, agentlik və sosial şəbəkələri ilə yanaşı, Türkiyədə də böyük maraqla qarşılanıb.  Qardaş ölkənin aparıcı telekanalları - “TGRT Haber”, “TRT HABER”, “HABER GLOBAL” və digər media orqanları təlimdən geniş videolar təqdim edib, “Sarsılmaz qardaşlıq - 2021”in uğurla yerinə yetirilməsindən söz açıblar.

Türkyənin əsas xəbər siması olan “TRT HABER” bununla bağlı xəbəri “Türkiyə və Azərbaycandan döyüş səhnələrindən fərqlənməyən təlim”, “A HABER” isə “Türkiyə və Azərbaycandan nəfəs kəsən təlim! Savaş səhnələrini aratmadı” kimi maraqlı başlıqla təqdim edib.

“Habertürk” və “Əl-Cəzirə” telekanalının türkcə yayım xidməti də “Türkiyə və Azərbaycandan ortaq hərbi təlim”dən geniş bəhs ediblər.

“Haber 7”, “STAR HABER” və digər bir sıra agentliklər isə təlim barədə məlumatları “Sarsılmaz Qardaşlıq – 2021” dosta güvən, düşmənə qorxu verdi!” başlığı ilə minlərlə izəyicisinə təqdim edib. Ölkənin əsas informasiya agentlikləri olan “Anadolu agentliyi”, “İxlas xəbər agentliyi”, “EN SON HABER”, “A HABER”, “HÜRRİYET” və digər xəbər portallarında da Azərbaycan-Türkiyə hərbi-strateji əməkdaşlığını əks etdirən təlim geniş paylaşılıb. Yayımlanan videomaterial milyonlarla izlənmə və bəyənmə sayı əldə edib.

Qeyd edək ki, “Sarsılmaz qardaşlıq-2021” birgə əməliyyat-taktiki təlimi haqqında Türkiyənin Milli Müdafiə Nazirliyi  “Twitter” hesabında da paylaşım edib. Məlumatda bildirilib ki, 3-cü Ordu Komandanlığımızın və Naxçıvan Qarnizonu Qoşunlarının iştirakı ilə 5-8 oktyabr 2021-ci il tarixlərində Naxçıvanda keçirilən “Sarsılmaz qardaşlıq – 2021” birgə əməliyyat-taktiki təlimi uğurla həyata keçirildi. 

Xatırladaq ki, Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşma planı”na və Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə əsasən Naxçıvanda hər iki ölkənin motoatıcı, xüsusi təyinatlı, komando və müxtəlif qoşun növlərinin iştirakı ilə “Sarsılmaz qardaşlıq-2021” birgə əməliyyat-taktiki təliminin döyüş atışlı mərhələsi keçirilib. Təlimin döyüş atışlı mərhələsindən əvvəl Əlahiddə Ümumqoşun Ordu Komandanı, general-polkovnik Kərəm Mustafayev, Türkiyə Respublikasının 3-cü Ordu Komandanı, general-polkovnik Yavuz Türkgənci və müxtəlif qoşun növü komandirləri silahlanmaya yeni qəbul edilən hərbi-texniki vasitələrə baxıblar, səhra şəraitində müasir cihaz və avadanlıqlarla təmin edilmiş döyüşü idarəetmə məntəqəsi ilə tanış olublar. “Sarsılmaz qardaşlıq-2021” Azərbaycan-Türkiyə birgə əməliyyat-taktiki təliminə Əlahiddə Ümumqoşun Ordunun, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının, Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin və Türkiyə Silahlı Qüvvələrinin bölmələri cəlb edilib.

Təlim qardaş ölkədə sosial şəbəkə hesablarında da geniş paylaşılıb, milyonlarla izləyici Azərbaycan və Türkiyənin sarsılmaz qardaşlığını xüsusi vurğulayıb.

Mahmud Hüseynov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: