Ceyhun Bayramov: Azərbaycan üçtərəfli bəyanatlardan irəli gələn öhdəliklərin yerinə yetirilməsinə sadiqdir - FOTOLAR

219

Oktyabrın 14-də Belarusda MDB üzv ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov tədbirdə çıxış edib.

Nazir Ceyhun Bayramov çıxışında iclasın gündəliyində yer alan və MDB çərçivəsində qarşılıqlı fəaliyyətimizin geniş spektrini əhatə edən məsələləri qeyd edib, müzakirə olunacaq məsələlər sırasında “MDB-nin 30 illiyi ilə bağlı üzv dövlətləri başçılarının Bəyanat layihəsi ilə bağlı Qərar”ı xüsusilə vurğulayıb.

Nazir Azərbaycanın MDB çərçivəsində əməkdaşlığa, həmçinin bütün üzv dövlətlərlə ikitərəfli münasibətlərin daha da genişləndirilməsi və dərinləşdirilməsinə böyük əhəmiyyət verdiyini bildirib.

Xarici işlər naziri MDB çərçivəsində qarşılıqlı humanitar sahənin fəaliyyətin əsas istiqamətlərindən biri olduğunu, bu xüsusda, əməkdaşlığın davam etdirilməsinin xalqlarımız və ölkələrimiz arasında münasibətlərin daha da inkişafına töhfə verəcəyini bildirib. O, həmçinin təşkilat çərçivəsində, o cümlədən ikitərəfli əsasda MDB-yə üzv dövlətlərin miqrasiya sahəsində qarşılıqlı fəaliyyətin mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Ceyhun Bayramov çıxışında 44 günlük Vətən müharibəsi nəticəsində ərazilərimizin bir hissəsinin 30 ilə yaxın davam edən işğalına son qoyulduğunu, Azərbaycanın ərazi bütövlüyünün təmin edildiyini vurğulayıb, 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli üçtərəfli bəyanatlarından irəli gələn məsələlərdən, habelə bölgədə mövcud olan mina təhlükəsi və doğurduğu ağır nəticələrdən bəhs edib. Regionda həyata keçirilən sülhməramlı səylərə, o cümlədən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətinə Azərbaycan tərəfindən böyük əhəmiyyət verildiyi vurğulanıb.

Nazir, həmçinin Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycan ərazilərində tarixi, dini və mədəni irsinin dağıdılması, həyata keçirilən urbisid və kultursid barədə iclas iştirakçılarını məlumatlandırıb. O, hazırda münaqişənin keçmişdə qaldığını, əsas məqsədin azad edilmiş ərazilərin bərpası və məcburi köçkünlərin öz doğma yurdlarına geri dönməsinin təmin edilməsi olduğunu vurğulayıb. Bu xüsusda, nazir toplantı iştirakçılarına azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq içləri barədə ətraflı məlumat verib.

Tədbirdə bütün çətinliklərə baxmayaraq, Azərbaycanın beynəlxalq hüququn prinsiplərinə, xüsusilə dövlətlərin suverenliyi, ərzi bütövlüyü və sərhədlərin toxunulmazlığına hörmət əsasında Ermənistanla münasibətlərin normallaşmasına hazır olduğunu vurğulayıb. Azərbaycanın qeyd olunan prinsiplərə riayət etməklə Ermənistanla sərhədlərin delimitasiya və demarkasiya prosesinin başlanılmasına çağırdığı diqqətə çatdırılıb. Nazir, Azərbaycanın üçtərəfli bəyanatlardan irəli gələn öhdəliklərin, o cümlədən regionda bütün kommunikasiya əlaqələrinin açılması üzrə razılaşmaların yerinə yetirilməsinə sadiq olduğunu vurğulayıb. Kommunikasiya əlaqələrinin açılmasının regiondakı bütün dövlətlərə fayda gətirəcəyi və beynəlxalq nəqliyyat layihələrində Cənubi Qafqazın rolunu gücləndirəcəyindən əminlik ifadə edilib.

İclasın sonunda nazirlər tərəfindən “2022-ci ildə MDB-də xalq yaradıcılığı və mədəni irs İlinin qeyd edilməsi ilə əlaqədar Tədbirlər Planının layihəsinə dair Qərar” və “Miqrasiya sahəsində əməkdaşlığın inkişaf etdirilməsinə dair MDB iştirakçı dövlətlərin rəhbərlərinin bəyanat layihəsinə dair Qərar” sənədləri imzalanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: