Milli Məclisin deputatı terrorizmlə bağlı çağırışların həllində parlamentlərin vacib rolundan danışıb
Oktyabrın 14-15-də ATƏT və ATƏT PA-nın birgə təşkil etdiyi “Xarici terrorçuların mühakiməsi, reabilitasiyası və reinteqrasiyası ilə bağlı Cənub-Şərqi Avropadan olan qanunvericilərlə regional siyasət üzrə dialoq” mövzusunda konfrans keçirilib.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, hibrid formatda təşkil edilən tədbirdə ATƏT PA-da Milli Məclisin nümayəndə heyətinin rəhbəri, ATƏT PA-nın vitse-prezidenti və Cənub-Şərqi Avropa üzrə xüsusi nümayəndəsi Azay Quliyev iştirak edib. Konfransa ATƏT PA-nın prezidenti Marqareta Sedefelt, Yunanıstanın daxili işlər naziri Makis Voridis, BMT Baş katibinin terrorla mübarizə üzrə müavini Vladimir Voronkov, ATƏT-in Transmilli Təhdidlərə Qarşı Fəaliyyət Koordinatoru Alena Kupçina, Cənub-Şərqi Avropadan olan parlament üzvləri, beynəlxalq təşkilatların nümayəndələri və elm xadimləri qatılıblar.
İkigünlük konfrans çərçivəsində qlobal və regional miqyasda terrorizmlə mübarizə, cinayət prosesinin və ədalətli istintaqın aparılması, ölkələr arasında məlumat mübadiləsinin həyata keçirilməsi, repatriasiya və postməhkumluq məsələləri haqda fikir və təcrübə mübadiləsi aparılıb.
Konfransa ATƏT PA-nın Cənub-Şərqi Avropa üzrə xüsusi nümayəndəsi mandatı çərçivəsində qatılan Azay Quliyev tədbirdə yekun nitq söyləyib.
O, çıxışında konfransdakı müzakirələrdə terrorizmlə bağlı çağırışların həllində parlamentlərin oynadığı vacib rolun vurğulandığını bildirib, ekstremizm və radikallaşma ilə mübarizədə hökumətlər arasında səmərəli koordinasiyanın və parlamentlərarası dialoqun əhəmiyyətini qeyd edib. Azay Quliyev terror təhdidinin aradan qaldırılması və yenidən əmələ gəlməsinin qarşısının alınması üçün Cənub-Şərqi Avropa üzrə regional və qlobal əməkdaşlığın zəruri olduğunu diqqətə çatdırıb.