Rusiyalı politoloqlar Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Minsk görüşünü şərh ediblər

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Minskdə keçirilən MDB Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində Rusiya tərəfinin təşəbbüsü və vasitəçiliyi ilə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ilə görüşünün nəticələri rusiyalı politoloqlar tərəfindən şərh olunub.

Görüşdə nazir Ceyhun Bayramov münaqişə sonrası vəziyyət, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması ilə bağlı ölkəmizin mövqeyini səsləndirib, üçtərəfli bəyanatların tam icra edilməsinin vacibliyini vurğulayıb.

Xarici işlər naziri, həmçinin Azərbaycanın Ermənistan ilə sərhədlərinin delimitasiyası prosesi üzrə danışıqlara başlanılmasının, regionda bütün nəqliyyat kommunikasiyalarının açılmasının, Ermənistan tərəfindən dəqiq mina xəritələrinin təqdim edilməsinin vacibliyini diqqətə çatdırıb. C.Bayramov kommunikasiya əlaqələrinin açılmasının regiondakı bütün dövlətlərə fayda gətirəcəyinə və beynəlxalq nəqliyyat layihələrində Cənubi Qafqazın rolunu gücləndirəcəyinə də əminlik ifadə edilib.

Rusiyalı jurnalist və hərbi ekspert, “Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko jurnalistlərə bildirib ki, regionda üçtərəfli bəyanatların yerinə yetirilməsinin, nəqliyyat kommunikasiyalarının açılmasının ləngiməsi Ermənistanın siyasi elitasının qeyri-konstruktiv yanaşması üzündən baş verir. “Düşünürəm ki, Azərbaycan və Ermənistanın birgə səyləri nəticəsində üçtərəfli bəyanatların şərtlərinin yerinə yetirilməsi, erməni hərbi birləşmələrinin Qarabağdan çıxarılması, separatçı strukturların fəaliyyətinin dayandırılması üçün lazımi işlər görüləcək. Orada yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır. Onlar həm özlərini, həm də övladlarını bir neçə sonra Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqələrini alacaqlarına mental baxımdan hazırlamalı, milliyyətçi ideologiyadan imtina etməlidirlər”, - deyə ekspert bildirib.

O vurğulayıb ki, Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağda həyata keçirdiyi infrastruktur layihələri, şəhər və kəndlərin bərpası Qarabağ erməniləri üçün cəlbedici motivasiya olacaq. İ.Korotçenko deyib: “Qarabağda 21-ci əsrin ən yeni şəhərsalma və arxitektura imkanlarından istifadə olunur. Qarabağ erməniləri onları qalib, 21-ci əsrdə beynəlxalq proseslərin gedişini müəyyən edən bir ölkənin tərkibində daha firavan həyat gözlədiyinə əmin olmalıdırlar”.

Görüşün Minskdə keçirilməsinin rəmzi məna daşıdığını bildirən rusiyalı jurnalist və politoloq Maksim Şevçenko qeyd edib: “Otuz il ərzində Minsk qrupu tarixi həqiqətin bərpası üçün heç bir iş görə bilmədi. Azərbaycan Prezidenti İlham Əliyevin bu qrupun fəaliyyətinə verdiyi qiymət olduqca dəqiqdir. Görünür, Minskdə yeni təşəbbüslərə yol açmağın vaxtı çatıb. Əminəm ki, Azərbaycan və Ermənistan xalqları sülh istəyirlər. Azərbaycan ilk addımı atıb, sülhə, sərhədlərin, iqtisadi əlaqələrin, nəqliyyat dəhlizlərinin bərpasına hazır olduğunu bəyan edib. Növbə Ermənistanındır. Rusiyanın bu prosesdə iştirakı dialoqun baş tutacağına ümid verir. Prezident Vladimir Putin sözünün üstündə duran insandır. Onun İkinci Qarabağ müharibəsi zamanı tutduğu qətiyyətli mövqe Ermənistanda, elə Rusiyanın özündə də çoxlarının xoşuna gəlmirdi. Mən düşünürəm ki, dialoq üçün böyük perspektivlər var”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: