Türkiyənin Qars şəhərində 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə tədbir keçirilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Azərbaycanın Qarsdakı baş konsulluğunun təşkilatçılığı ilə keçirilən tədbirdə ziyalılar, yerli ictimaiyyətin tanınmış nümayəndələri, gənclər iştirak ediblər.
Əvvəlcə Qarsdakı Heydər Əliyev Parkına gələn iştirakçılar Ulu Öndərin burada yüksələn abidəsi önünə tər çiçəklər düzüblər.
Mərasim Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlanıb.
Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Baş konsul Nuru Quliyev Azərbaycanın müstəqilliyinin bərpası günü ilə bağlı müfəssəl məlumat verib. Çıxışında ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyasına geniş yer ayıran baş konsul diqqətə çatdırıb ki, Ulu Öndərimizin müəyyən etdiyi dövlətçilik strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində Azərbaycan dövləti qüdrətlənib, inkişafa yüksəlib və ərazi bütövlüyünü bərpa edib. Azərbaycan xalqı böyük Zəfər müjdəsindən məmnun və iftixarlıdır.
Qars Qafqaz Universitetinin dosenti İlkin Quliyev və başqaları çıxışlarında son otuz ildə Azərbaycanda yaşanan ictimai-siyasi proseslərdən bəhs ediblər. Əminliklə ifadə edilib ki, qüdrətli Azərbaycan dövləti əbədiyyətə qədər Azərbaycan xalqı ilə çiyin-çiyinə yaşayacaq.