Bəhreyn qəzetlərində Azərbaycanın müstəqilliyinin bərpasının ildönümünə həsr olunmuş məqalə dərc olunub - FOTOLAR

A- A A+

Bəhreynin “Əl Əyam” və ingiliscə nəşr edilən “The Daily Tribune - News of Bahrain” qəzetlərində Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayevin “Azərbaycan xalqı müstəqilliyinin bərpasının 30-cü ildönümünü qeyd edir” sərlövhəli məqaləsi dərc edilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, məqalədə müstəqillik illərində ölkə həyatının müxtəlif sahələrində köklü dəyişikliklərin baş verdiyi, onların ən əsasının isə torpaqların işğaldan azad edilməsi olduğu vurğulanıb. Müəllif qeyd edib ki, dövlət müstəqilliyinin ilk illərində Azərbaycan böyük çətinliklərlə üzləşib və ərazilərinin 20 faizi işğalçı Ermənistan tərəfindən zəbt edilib. Sovet İttifaqının süqutundan sonra ölkəmizdə siyasi, iqtisadi, sosial və mənəvi böhran başlayıb, düşmən ərazilərimizdə etnik təmizləmə siyasəti həyata keçirib. Belə şəraitdə xalq öz xilaskarını təkidlə hakimiyyətə dəvət edib. Məhz ümummilli lider Heydər Əliyevin çoxillik dövlətçilik təcrübəsinə əsaslanan müdrik siyasi kursu nəticəsində Azərbaycan qısa müddətdə dərin böhrandan çıxıb və inkişaf yoluna qədəm qoyub. Dahi siyasi xadimin 1994-cü ildə transmilli enerji şirkətləri ilə imzaladığı “Əsrin müqaviləsi” Azərbaycana böyük sərmayə xaınını təmin edib və gələcək nəhəng neft-qaz layihələrinin əsasını qoyub. Yeni Azərbaycan dövlətini quran Heydər Əliyev bəyan etmişdi: “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir”.

Məqalədə Azərbaycanın beynəlxalq nüfuzunun artması sahəsində görülmüş işlər, BMT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlara qoşulması, xüsusən İslam ölkələri ilə sıx əməkdaşlıq və dostluq əlaqələrinin qurulmasından bəhs olunub.

Ş.Abdullayev vurğulayıb ki, 2003-cü ildə hakimiyyətə gələn Prezident İlham Əliyev iqtisadiyyatın inkişafı, yeni transmilli enerji layihələrinin həyata keçirilməsi, ölkədə işsizliyin və yoxsulluğun azaldılması sahələrində böyük işlər görüb. Onun ardıcıl və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycan regionun lider dövlətinə çevrilib. Dövlətimizin başçısı, həmçinin Ulu Öndərin İslam aləmi, o cümlədən ərəb ölkələri ilə dostluq əlaqələrinin möhkəmlənməsi və əməkdaşlığın inkişafı siyasətini uğurla davam etdirib.

Məqalədə Azərbaycanın humanitar, mədəni sahədə əldə etdiyi uğurlardan, dövlətimizin tolerantlıq, dinlər və sivilzasiyalararası dialoq təşəbbüslərindən bəhs olunub.

Sonda vurğulanıb ki, Azərbaycan Prezidenti ümummilli lider Heydər Əliyevin vəsiyyətini yerinə yetirərək Ali Baş Komandanı olduğu Ordunun Qələbəsini 44 gün ərzində təmin edib, rəşadətli əsgərlərimiz torpaqlarımızı düşməndən azad edib və ərazi bütövlüyümüz bərpa olunub. Hazırda işğaldan azad edilmiş ərazilərdə geniş bərpa-quruculuq işləri aparılır, keçmiş məcburi köçkünlərin tezliklə öz doğma yurdlarına qayıtması istiqamətində tədbirlər həyata keçirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: