Azərbaycan Ermənistanla olan münaqişəni sülh yolu ilə həll etməyə çalışırdı. Lakin biz buna nail ola bilmədik. Çünki Ermənistan hər zaman yeni ərazilər işğal etmək istəyirdi.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu sözləri VIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən "Cənubi Qafqaz: regional inkişaf və əməkdaşlıq üçün perspektivlər" mövzusunda paneldə Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin bildirib.
Ermənistanın bölgədə qonşu ölkələrlə normal münasibətlər qurmasının əhəmiyyətini qeyd edən Hikmət Çətin erməni diasporunun bu məsələdə mənfi rol oynadığını deyib.
O, həmçinin qeyd edib ki, ABŞ, Rusiya və Fransanın həmsədri olduğu ATƏT-in Minsk qrupunun münaqişənin danışıqlar yolu ilə həllini təmin edə bilmədi. Artıq başqa yol qalmadığı üçün Prezident İlham Əliyevin əmri ilə əks-hücuma keçən Azərbaycan Ordusu ötən il 44 günlük müharibədə işğal altındakı torpaqları azad etdi. Azərbaycan torpaqlarını işğaldan azad edib, artıq gələcəyə baxmaq lazımdır. Regionda sülh, əməkdaşlıq məsələləri həll olunmalıdır.