Yaponiyanın nüfuzlu “NIKKEI” qəzeti Azərbaycanın Zəfər Günündən yazıb

A- A A+

Azərbaycanın Yaponiyadakı səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə Yaponiyanın nüfuzlu “Nihon Keizai Shinbun” (“NIKKEI”) qəzetində səfir Gürsel İsmayılzadənin “Vətən müharibəsində Qələbənin birinci ildönümü” adlı məqaləsi dərc edilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, məqalədə noyabrın 8-də Azərbaycanın 44 günlük Vətən müharibəsində möhtəşəm Qələbəsinin birinci ildönümünün qeyd olunduğu vurğulanır. Bildirilir ki, bu Zəfər nəticəsində Ermənistan tərəfindən 30 ilə yaxın bir müddətdə işğal altında saxlanılan ərazilərimiz Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin iradəsi və igid əsgərlərimizin qəhrəmanlığı nəticəsində azad edilib.

Tarixə ekskursiya edən müəllif 1990-cı illərin əvvəllərində ermənilərin Azərbaycana təcavüzü nəticəsində ərazilərimizin 20 faizinin işğal edilməsini, minlərlə insanın qətlə yetirilməsini və bir milyondan çoxunun qaçqın və məcburi köçkünə çevirilməsini xatırladır. Qeyd edir ki, ötən dövrdə bütün mötəbər beynəlxalq təşkilatlar Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyib, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri Ermənistanın işğalçı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmasını tələb edib.

Məqalədə döyüş əməliyyatlarının növbəti dəfə başlamasının səbəbləri də açıqlanır. Bildirilir ki, 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun cəbhə zonasında yerləşən mövqelərini və mülki insanların sıx şəkildə yaşadığı yerləri intensiv şəkildə atəşə tutması nəticəsində mülki əhali və hərbi qulluqçular həlak olmuş və yaralanmış, çoxsaylı mülki obyektlərə ciddi ziyan dəymişdir. Azərbaycan Silahlı Qüvvələri Ermənistanın növbəti hərbi təxribatının qarşısını almaq və təmas xətti boyunca sıx şəkildə yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə beynəlxalq humanitar hüquqa tam riayət etməklə əks-hücum və cavab tədbirlərini həyata keçirmişdir.

Səfir vurğulayır ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi və əsgərlərimizin igidliyi sayəsində Azərbaycan 44 gün davam edən Vətən müharibəsində böyük Qələbə qazanıb.

Məqalədə qeyd edilir ki, 2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı üçtərəfli bəyanatla Ermənistanın Azərbaycana qarşı 30 il davam edən təcavüzünə son qoyulub. Bu saziş bölgədə yeni geopolitik reallıq və əməkdaşlıq üçün çərçivə yaradıb. Sənəddə Azərbaycanı Naxçıvan Muxtar Respublikası ilə birləşdirən Zəngəzur dəhlizinin açılması məsələsinə toxunularaq, onun yalnız Azərbaycan üçün deyil, həm də region ölkələri üçün səmərəli şərait yaradacağı vurğulanıb.

Yazıda Azərbaycanın Ermənistanla münasibətləri normallaşdırmağa və sülh müqaviləsi imzalamağa hazır olduğu da əksini tapıb. Vurğulanıb ki, Ermənistan bunun üçün beynəlxalq öhdəliklərini yerinə yetirməli, Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmalıdır.

Məqalədə 30 illik işğaldan sonra azad edilən ərazilərdə nəhəng bərpa və yenidənqurma işlərinin başlandığı, regionun inkişafı üçün real imkanlar yarandığı barədə də məlumat verilir. Azərbaycanın yeni və perspektivli reallıqlardan faydalanaraq, tərəfdaşları ilə birlikdə azad edilmiş ərazilərdə artıq böyük bərpa işlərinə başladığı vurğulanır.

Qeyd edək ki, “NIKKEI” - “Yaponiya iqtisadiyyatı qəzeti” bu Gündoğar ölkənin aparıcı nəşrlərindən biridir və geniş oxucu ayditoriyasına malikdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: