Peru Konqresinin üzvü Xose Enrike Orenin təşəbbüsü ilə Konqres tərəfindən Azərbaycanın Vətən müharibəsindəki qələbəsinin ilk ildönümü münasibətilə bəyanat qəbul edilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, sənəddə Azərbaycanın ötən ilin sentyabrın 27-də başlamış və 44 gün davam etmiş müharibə nəticəsində öz torpaqlarını işğaldan azad edərək BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq beynəlxalq sərhədləri çərçivəsində öz ərazi bütövlüyünü bərpa etdiyi, ötən ilin noyabrın 10-da Üçtərəfli Bəyanatla isə Ermənistanın işğalda saxladığı digər Azərbaycan ərazilərini tərk etdiyi bildirilir və 8 noyabr tarixində “qardaş Azərbaycan xalqının ölkə tarixinin ən şanlı səhifələrindən biri olan Vətən müharibəsindəki qələbəsinin ilk ildönümünü böyük qürur hissi ilə qeyd etdiyi” söylənilir.
Bəyanatda Azərbaycanın beynəlxalq hüquq və ədaləti, eləcə də bir miyona yaxın məcburi köçkünün öz evlərində yaşamaq hüququnu bərpa etdiyi və hazırda qeyd olunan məqsədə nail olmaq üçün bütün səylərini bölgənin minalardan təmizlənməsinə və yenidən qurulmasına, habelə burada davamlı sülhün bərqərar olmasına yönəltdiyi vurğulanır.
Sonda 8 Noyabr – Zəfər Günü münasibətilə qardaş Azərbaycan xalqına təbriklər çatdırılır və şəhid olmuş soydaşlarımızla bağlı başsağlığı ifadə olunur.