Misir nəşri Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpası haqqında kanadalı ekspertin məqaləsini dərc edib - FOTOLAR

A- A A+

Kanada Qlobal Məsələlər İnstitutunun eksperti Robert Katlerin “Geopolitical Monitor” jurnalında yayımlanmış “Qarabağın inkişafı Cənubi Qafqazda vəziyyəti dəyişəcək” sərlövhəli analitik məqaləsi Misirin “Əl Şuruğ” qəzetində ərəb dilində dərc edilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, məqalədə 30 ilə yaxın Ermənistanın işğalı altında qalmış Qarabağın azad edilməsinin Cənubi Qafqaz regionunun inkişafına təkan verəcəyi qeyd olunub. Müəllif diqqətə çatdırıb ki, 1993-cü ildə Ermənistanın qəsb etdiyi və 44 günlük müharibə zamanı azad olunmuş Füzuli şəhərində aeroportun istifadəyə verilməsi bu istiqamətdə atılmış ən böyük addımdır və Azərbaycan hökuməti ermənilər tərəfindən dağıdılmış infrastruktur obyektlərinin bərpasına dair böyük proqram həyata keçirir. Belə ki, Zəngilan və Laçın rayonlarında da aeroportlar tikilir və gələn il istifadəyə verilməsi nəzərdə tutulur. Həmin hava limanlarının ətrafında isə sənaye zonaları olacaq. Artıq Türkiyənin özəl şirkətləri Zəngilanda aqroparkın tikintisinə başlayıb. Beləliklə, bu aeroportlar Qarabağ ərazisində müasir logistika və nəqliyyat mərkəzinin əsası olacaq. Eyni zamanda, yeni magistral avtomobil yollarının inşası da sürətlə davam edir.

R.Katler yazır ki, bərpa-quruculuq işlərinin önündə əsas maneələrdən biri Ermənistanın minaladığı ərazilərin xəritələrini təqdim etməməsidir. Hesablamalar göstərir ki, ermənilər işğal etdikləri torpaqlarda bir milyona yaxın mina basdırıblar. Ərazilərin minalardan təmizlənməsi prosesi davam edir və Böyük Britaniya bu məqsədlər üçün 667 min dollar, Fransa 473 min dollar, ABŞ isə 500 min dollar vəsait ayırıb. Lakin təəssüflə qeyd edilməlidir ki, minalar əleyhinə 1997-ci il “Ottava Sazişi”nin təşəbbüskarı olan Kanada hökuməti bu məqsədlə Azərbaycana yardım edən ölkələrin sırasında deyil. Rəsmi Bakı bu məsələ ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edib.

Məqalədə Azərbaycanın işğaldan azad olunmuş ərazilərin bərpasını həyata keçirmək üçün kifayət qədər maliyyə resurslarına malik olduğu, eyni zamanda, beynəlxalq şirkətlərin də prosesdə fəal iştirak etdiyi qeyd olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: