Ermənilər böyük qorxu və xaos içərisindədirlər: “İlham Əliyev və Ordusu bizə yeni cəza verəcək”

A- A A+

Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi gözləndiyi bir vaxtda düşmən təxribatı üzündən silahlar yenidən işə düşüb. Bir neçə gündür ki, Azərbaycan və Ermənistan sərhədində, eləcə də Qarabağda vəziyyət gərgindir.

Ermənistan mediasına, sosial şəbəkələrin erməni istifadəçilərinin statuslarına nəzər saldıqda bəlli olur ki, Azərbaycan Ordusunun gücünün nümayiş etdirildiyi son hadisələrdən sonra qarşı tərəfdə ciddi narahatlıq yaranıb, xaos hökm sürür. İrəvanda xalq Azərbaycanın, onun lideri İlham Əliyevin gücündən təşvişə düşüb.

İrəvanın cəhdləri fiaskoya uğradı

İrəvandakı Regional Tədqiqatlar Mərkəzinin direktoru Riçard Giraqosyanın sözlərinə görə, son eskalasiya və ara-sıra baş verən toqquşmalar dövlət başçıları arasındakı diplomatiyanın ən yüksək səviyyəsində müsbət irəliləyiş əlamətləri ilə yerli səviyyədə baş verən hadisələr arasında əlaqənin pozulduğunu aşkara çıxarır:

“Daha geniş kontekstdə diqqəti çəkən odur ki, bu son gərginliyin nə Qarabağ məsələsi, nə də Rusiya sülhməramlılarının mövcudluğu ilə birbaşa əlaqəsi var. Əksinə, gərginlik Ermənistanla Azərbaycan arasındadır və müharibədən sonrakı qarşıdurmanın ikitərəfli ölçüyə keçməsi ilə yeni problem yaradır”.

Sərhəddə baş verənlərdən sonra Zəngəzurun Noravan kəndinin icra nümayəndəsi Slavik Papyan isə Azərbaycan hərbi birləşmələrinin kəndə doğru 2 kilometr irəlilədiyinə dair məlumat verib. Eyni zamanda vurğulanır ki, Ermənistan tərəfi 11 döyüş mövqeyini itirib. Rəsmi İrəvan isə hələlik 4 döyüş mövqeyini itirdiyini etiraf edib.

Hadisələrdən dərhal sonra İrəvan Moskvanı 1997-ci ildə imzalanmış ikitərəfli müqaviləyə uyğun olaraq Ermənistanın suveren ərazisini müdafiə etməyə çağırıb. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan məsələ ilə bağlı qeyd edib: “Ermənistanın suveren ərazisinə hücum olduğu üçün biz 1997-ci il ikitərəfli müqaviləsi çərçivəsində və qarşılıqlı öhdəliklər məntiqinə uyğun olaraq Ermənistanın ərazi bütövlüyünü qorumaq çağırışı ilə Rusiyaya müraciət edirik”.

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) və ATƏT-in Minsk qrupuna da müraciət edib. Lakin bu dəfə də İrəvanın cəhdləri fiaskoya uğrayıb. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının mətbuat katibi Vladimir Zaynetdinov məsələ ilə bağlı bildirib: “Hesab edirik ki, münaqişə yalnız sülh, siyasi və diplomatik yollarla həll edilməlidir. KTMT vəziyyəti diqqətlə izləyir. Rəsmi olaraq katibliyə Ermənistan tərəfdən heç bir müraciət daxil olmayıb”.

“İlham Əliyevin qarşısını kəsmək çox çətin olacaq”

Erməni siyasi şərhçi Aleksandr İskəndəryan vəziyyətin indi Ermənistan üçün arzuolunmaz olduğunu deyir. O bildirir ki, hazırda Ermənistan Azərbaycanın 1990-cı illərdə düşdüyü vəziyyətdədir, gücünü itirib və Azərbaycan da bacardıqca çox üstünlük əldə etməyə çalışır: “Hazırda gücünü itirmiş Ermənistanda bundan sonra nə etmək barədə siyasi qüvvələr arasında fikir ayrılığı var. Azərbaycan çalışır ki, nə mümkündür qoparsın. Son hadisələrdən sonra İlham Əliyevin qarşısını kəsmək çox çətin olacaq. Ermənistanda isə hakimiyyət çalışır ki, Azərbaycanla qarşıdurmanın qarşısını müvəqqəti olsa da alsın. Müxalifət isə hesab edir ki, hakimiyyət yararsızdır. Bəzi qüvvələr hesab edirlər ki, Ermənistan gözləmə rejiminə keçib özünə gələnə qədər gözləməlidir. Vəziyyət heç də qənaətbəxş deyil, amma müharibədən sonra başqa nə gözləmək olardı ki?!” Ekspert bildirir ki, Azərbaycanın əsas məqsədi Türkiyəyə quru yolu, başqa sözlə, Naxçıvana kommunikasiya xətti əldə etməkdir. Buna da nail olacaq.

Digər siyasi erməni ekspert Anna Abrahamyan “Teleqram” kanalında vurğulayıb ki, hakimiyyət xalqı yenidən birləşməyə çağırır. Bilmirəm, kim birləşməyə çağırır. Amma onu deyə bilərəm ki, bundan sonra birləşməyə ehtiyac yoxdur. Buna heç həvəsim də qalmayıb: “Müharibədir, birləşməliyik” kimi şüarlarla baş-qulağımızı apardığınız bəsdir. Artıq unudun belə sözləri. Bir il əvvəl də belə idi. Nə oldu nəticəsi? Biz onlarla birləşdik və Qarabağı itirdik. Sonra birləşdik ki, bizi saxtakarlıqla döysünlər, polislə qapımızın ağzını kəsərək, bizi cəbhəyə aparsınlar. Bu hakimiyyət nə qədər qalsa, biz o qədər itirəcəyik. Bunu niyə başa düşməməliyik ki?! Anlamasaq, onların sahibləri bizi daha çox yeyəcək. Yəni hazırda mənim üçün bir gündəm var, mənim edəcəyim başqa bir gündəm yoxdur. Mənim onların əmri ilə heç bir əlaqəm yoxdur və bu inamdan bir millimetr də geri çəkilmək fikrim yoxdur”.

“Zəngəzuru artıq unuda bilərik”

Samvel Xaçatryan adlı “Feysbuk” istifadəçisi paylaşdığı statusda bildirib ki, xalqın yalançı Paşinyana inamı artıq tamam tükənib: “Atam ehtiyatda olan hərbi zabitdir. Qeyd edir ki, Zəngəzuru artıq unuda bilərik. Həmin bölgəyə çağırıblar, gizlənib getmir. Deyir ki, Paşinyan Ermənistan üçün nə edib? Qarabağ savaşında lazımsız itkilər verdik. Rəhbərlik müharibə adı ilə ciblərini doldurdu. Gənclərin bu gün Zəngəzurda səbəbsiz ölümündə birbaşa təqsirkardırlar. Əsgər valideynləri, övladlarınızın boş yerə ölməsinə etiraz edin”.

“Tviter” sosial şəbəkəsində sərhəddə baş verən qarşıdurma barədə rəy bildirən Qriqori Simonyan adlı istifadəçi isə yazır: “Çox təəssüf hissi keçirirəm. Qarabağda ağır məğlubiyyətə uğradıq, susduq. Çünki bizə başqa ölkənin torpağı lazım deyildi. İndi isə öz ərazilərimizi itirməyə başlamışıq. Ayılmaq lazımdır, Azərbaycan Ordusu İrəvana doğru irəliləyir”.  

“Bizi xoş günlər gözləmir”

Araik Qriqoryan adlı “Odnoklasniki” sosial şəbəkə istifadəçisi isə yazır ki, hansı günümüzə Azərbaycana müqavimət göstəririk:

“Qarabağda müharibədəki qələbədən sonra Azərbaycan Ordusu daha da gücləndirilib. Hərbçi dostum deyir ki, şəxsi heyəti durmadan məşq edir, texnikalar sınaqdan keçirilir, taktikalar hazırlayırlar. Son qarşıdurmada isə yaxşı silahlara malik olduqlarını göstərdilər. Dostum bildirir ki, biz son hadisələrdən sonra daha çox narahatıq. Əvvəllər gün ərzində müşahidələr aparırdıqsa, indi hər saat izləyirik. İlham Əliyev və Ordusu bizə yeni cəza verəcək”.

Avrik Stepanyan adlı biri isə “Paşinyan bizə parlaq gələcək yox, parlaq ölüm verir” başlıqlı “tvit” atıb: “Açıq reallıq budur. Sərhəddəki son hadisələr heç də ürəkaçan deyil. Müharibədə uduzan ölkə üçün bu nəyə lazımdır? Bizi xoş günlər gözləmir. Sərhəddəki son təxribatların cavabı ağır olacaq. Qardaşım Simon sərhəddə xidmət edir. Dünən mesaj atdı ki, vəziyyət yaxşı deyil. Qorxurlar, hər an ölümlə üz-üzədirlər. Bizim baş nazirimiz isə nə edəcək? Həmişəki kimi seyrçi mövqeyində qalacaq”.

“İlham Əliyevin növbəti qələbə çıxışları Şuşada yox, Zəngəzurda olacaq”

Edvard Karapetyanın “İnstaqram”da sərhəddə son qarşıdurma ilə bağlı paylaşıma şərh yazaraq qeyd edib: “Dostlar, acı olsa da, reallığı Azərbaycanın Qarabağ müharibəsindəki qələbəsində gördük. Zəngəzur dəhlizinin açılmasının gündəmdə olduğu bir vaxtda bu heç də yaxşı deyil. Belə davam etsələr, İlham Əliyevin növbəti qələbə çıxışları Şuşada yox, Zəngəzurda olacaq. Ordumuz qorxaq, rüşvətxor hərbçilərlə doludur”.

Henrix Qalstukyan adlı istifadəçi xəbər agentliyinin “Teleqram” kanalında sərhəddə baş verən qarşıdurma ilə bağlı paylaşıma daha bədbin şərh verib: “Ermənistan rəhbərliyi ölüb, ağlayanı yoxdur. İtkilərimizi izlədim, dəhşətə gəldim. Xəbəriniz varmı ki, İlham Əliyev yavaş-yavaş İrəvana doğru irəliləyir? Məni qınasanız da deyəcəm: Övladlarıma, mənə müharibə lazım deyil. Paşinyan da Sarkisyanın tayıdır. Xalqını, dövlətini yeni müharibəyə, ölüm-itimli günlərə sürükləyir. Qarabağdakı məğlubiyyət sənə dərs olmadı? Gör, biz kim üçün günlərlə küçədə etirazlar keçirmişik”.

Yuxarıda qeyd etdiyimiz statuslara və şərhlərə daha çoxunu əlavə etmək olar. Göründüyü kimi, sülh müqaviləsinin imzalanmasının müzakirə edildiyi bir dönəmdə sərhəddə yaşanan son qarşıdurmadan qorxuya düşən ermənilər sosial şəbəkələrdə Paşinyandan hesab sorurlar.

 

Elçin Cəfərov

“Azərbaycan” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: