Müharibədə məğlubiyyətin və pandemiya dövrünün fonunda sosial-iqtisadi sahədə dərin böhran yaşayan Ermənistanda yoxsulluq həddi gündən-günə yüksəlir.
Ağırlaşan vəziyyət hakimiyyət üçün hər gün yeni problemlər yaradır. Qeyd olunur ki, ölkədə yoxsulluğun səviyyəsi ötən il 0,6 faiz artaraq 27 faizə çatıb. Bu, gündəlik gəliri 1,5 dollardan yuxarı olan, lakin minimum əməkhaqqına (ayda 140 dollar) belə çatmayan insanlardır.
Ermənistan Milli Statistika Xidmətinin məlumatına görə, ölkədə minimum ərzaq səbəti 35 983 dram (70 dollardan çox), minimum istehlak səbəti 66 568 dram (təxminən 135 dollar) təşkil edir. Ermənistanda minimum əməkhaqqı 68 min dramdır (141 dollar).
“İravunk” qəzeti yazır ki, ötən il yoxsulluğun ən yüksək səviyyəsi Şirak vilayətində olub ki, bu da 57,7 faiz təşkil edib. Ermənistan Statistika Komitəsinin məlumatına görə, yüksək səviyyə Qeğarkunik vilayətində də müşahidə olunub və bu, 56 faiz təşkil edib. Bu göstərici Tavuşda 46,1 faiz, Araqatsotnda 40,1 faiz olub. “İfrat yoxsulluğun ən yüksək səviyyəsi Araqatsotn (4,2 faiz) və Şirak vilayətlərində (3,1 faiz) müşahidə edilib. Əslində, Ermənistan vətəndaşının həyatı yaxşılaşmır və buna paralel olaraq əhalinin həyat səviyyəsi də getdikcə azalır. Bu rəsmidir”, - deyə nəşr bildirib.
2021-ci ilin yanvar-oktyabr aylarında Ermənistanda əvvəlki illərlə müqayisədə görünməmiş 6,9 faizlik yüksək inflyasiya qeydə alınıb. Eyni zamanda ölkə iqtisadiyyatı ötənilki böhrandan çıxa bilməyib və əhalinin gəlirləri - pensiyalar, müavinətlər, maaşlar əsasən eyni qalıb. Odur ki, gələn il yoxsulluq probleminin daha da kəskinləşəcəyi, sosial problemlərin ağırlaşacağı və mühacirət dalğasının davam edəcəyi ehtimalı yüksəkdir.
Postmüharibə dövründə erməni ordusunda yaşanan xaos getdikcə daha geniş vüsət almaqdadır. Hər halda müharibədən sonra baş verənlər bunu sübut edir. Bunların fonunda “Sisakan” adlı silahlı dəstənin başçısı Aşot Minasyanın həbsə atılması ölkədə rezonans doğurub. Apellyasiya Məhkəməsinin hakimi Tiqran Simonyanın çıxardığı qərar İrəvanda birmənalı qarşılanmayıb.
Hüquq müdafiəçiləri, müxalifətçilər hakimin müstəntiqin 15 noyabr 2020-ci il tarixli vəsatətini təmin etməsini siyasi sifariş kimi qiymətləndiriblər. Minasyanın vəkili Miqran Poqosyan qərara reaksiya verərək deyib ki, həbs üçün faktlar vacib deyil, hakimiyyətin istəyi önəmlidir: “Prokurorluğun şikayətinin mahiyyəti ondan ibarət olub ki, Minasyan, guya, ədalət mühakiməsindən yayına bilərmiş və ya işin araşdırılmasına mane olacaqmış. Yəni ortada belə bir ehtimal olub. Ötən ilin noyabrında birinci instansiya məhkəməsi müstəntiqin oxşar vəsatətini əsassız sayaraq Minasyanı həbsə almaqdan imtina edib”.
Bildirilir ki, Apellyasiya Məhkəməsi bir il sonra, keçən il ifadə olunan məlum ehtimalları etiraf etdi. Prokurorluq bu il Minasyanın mühakimədən qaçmaq və ya istintaqa mane olmaq cəhdi ilə bağlı bir fakt da təqdim etməyib. Apellyasiya instansiyasının qərarı absurddur. İl ərzində istintaq bir addım belə atmadı, ortada heç bir yeni fakt və ifadə yoxdur. Belə bir şəraitdə məhkəmə binanın qarşısında saat yarım gözləyən müvəkkilin həbsinə qərar verdi.
Hüquq müdafiəçisi Nina Karapetyants isə “Minasyan işi”nin hansısa cinayət əməlinə verilən qiymətdən çox siyasi sifariş olduğunu bildirir. Hesab edir ki, Minasyanın gizlənəcəyi və ya istintaqa müdaxilə edəcəyi ilə bağlı ittihamlar siyasi sifariş variantının lehinə işləyir.
Ermənistanın Helsinki Komitəsinin sədri Avetik İşxanyan da haqqında söz açılan prosesin arzuolunmaz istiqamətə yönəldiyini deyib. O bildirib ki, məhkəmə sistemində qorxu mühiti hökm sürür. Ümumilikdə isə əksər erməni hüquq müdafiəçiləri “Sisakan” rəhbərinin həbsini siyasi qərar kimi qiymətləndirirlər.
Xatırladaq ki, Minasyan 2020-ci il noyabrın 14-də baş nazir Nikol Paşinyana sui-qəsdin hazırlanması ilə bağlı başlanmış cinayət işi çərçivəsində saxlanılıb. Daha sonra istintaq ondan külli miqdarda silah-sursat aşkarlanaraq götürüldüyünü bəyan edib. Telefon danışıqlarının qeydləri də dərc edilib və bu danışıqlarda Minasyan sui-qəsdin təfərrüatlarını müzakirə edib. Onunla yanaşı, Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanetsyan, Respublika partiyasının keçmiş deputatı Vaqram Baqdasaryan və “Daşnaksütyun”un üzvü Aşot Avakyan da saxlanılıb. Lakin tezliklə onların hamısı sərbəst buraxılıb.
Müxalifət isə indiki halda həbsə atılanları müdafiə etməyə çalışır. Amma görünən budur ki, hadisələrin gedişi müxalifətin həbsə atılanlara hansısa formada kömək etməsini mümkünsüz edir. Bu fonda müxalifət yeni etirazlara hazırlaşır. Bütün bunlar isə İrəvanın yenə qarışmasını istisna etmir.
Elçin Cəfərov
“Azərbaycan”