Azərbaycan və İran arasında əməkdaşlıq üzrə birgə razılaşmalar icra olunur.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi deyib.
S.A.Musəvinin sözlərinə görə, bu razılaşmalardan biri "Qız Qalası", "Xudafərin" hidroqovşaqları və su elektrik stansiyaları ilə bağlıdır:
""Qız Qalası" və "Xudafərin" hidroqovşaqlarında inşa işləri demək olar ki, yekunlaşıb. Hazırda bu hidroqovşaqlar avadanlıqlar və turbinlərin quraşdırılması mərhələsindədir. Düşünürəm ki, 1 ildən az müddətdə hidroqovşaqlar istifadəyə veriləcək”,-deyə o bildirib.
Azərbaycan və İranın "Şimal-Cənub" nəqliyyat dəhlizinin mərkəzində yerləşdiyini deyən səfir bildirib ki, bu platformadan iki ölkənin iqtisadi inkişafı üçün istifadə olunacaq: "Bu istiqamətdə görülən işlər çərçivəsində Astarada (İran) dəmiryol terminalının bir hissəsi istifadəyə verilib, bir hissəsində inşa işləri davam etdirilir", - İran səfiri əlavə edib.
S.A.Musəvi deyib ki, iki ölkə arasında Astaraçay üzərində yeni körpünün inşa olunması üzrə işlərə başlanıb.
Onun sözlərinə görə, həmçinin iki ölkə arasında elektrik mübadiləsi həyata keçirilir: "Bununla yanaşı İran, Azərbaycan və Rusiya arasında elektrik sistemlərinin sinxronlaşdırılması üzrə işlər aparılır", - səfir vurğulayıb.