Prezident İlham Əliyev: Biz iqtisadiyyatımızın şaxələndirilməsi, neft və qaz sahəsindən asılılığın azaldılması üzərində fəal çalışırıq
Biz iqtisadiyyatımızın şaxələndirilməsi, neft və qaz sahəsindən asılılığın azaldılması üzərində fəal çalışırıq. Bizim ümumi daxili məhsulumuzun strukturuna nəzər salsanız, neft və qaz amili 50 faizdən aşağıdır.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Prezident İlham Əliyev İspaniyanın “El Pais" qəzetinə müsahibəsində deyib.
“İxraca gəldikdə isə əlbəttə, bu, bizim əsas ixracımızdır və təbii qaza gəldikdə, bu ixrac artmaqdadır. Hazırda qazın qiyməti ilə bağlı, necə deyərlər, böhranın səbəbi mənə məlum deyil və səmimi desəm, bu, məni maraqlandırmır. Biz isə öz növbəmizdə ev tapşırığımızı yerinə yetirirdik, neft və qaz sektoruna milyardlarla ölçülən sərmayə cəlb edirdik və XXI əsrin ən mühüm infrastruktur layihələrindən olan Cənub Qaz Dəhlizi üzərində çalışırdıq. Həmin layihə ötən ilin son günündə başa çatdırılmışdır. Layihənin dördüncü seqmenti – Transadriatik qaz kəməri 2020-ci il dekabrın 31-də istismara verildi və həmin vaxtdan bizim Avropaya ixracımız başladı”, - deyə dövlətimizin başçısı qeyd edib.
Bu il Azərbaycanın Avropa İttifaqına 7 milyard kubmetrdən çox təbii qaz ixrac etdiyini bildirən Prezident İlham Əliyev deyib: “Gələn il biz 9 milyard kubmetr, 2023-cü ildə isə 11 milyard kubmetr qaz ixrac etməyi planlaşdırırıq. Bu rəqəm arta da bilər, ancaq bilirsiniz ki, qaz bazarı neft bazarından fərqlidir. Burada müqavilələr əvvəlcədən bağlanmalıdır. Hazırda ixrac etdiyimiz qaz həcmlərinə dair müqavilələr boru kəmərinin istifadəyə verilməsindən öncə bağlanıb. Qaz sahəsində biznes bu şəkildə aparılır. Beləliklə, hasilatı artırmaq və ya Avropa İttifaqının yeni üzvləri ilə əməkdaşlığı planlaşdırmaq üçün praktiki səviyyədə danışıqlar aparılmalı, həmin bazarın potensialı və Avropada qaz infrastrukturu sistemlərinin bağlılığı qiymətləndirilməlidir”.