Qırğızıstan portalları Azərbaycanın 44 günlük Vətən müharibəsi haqqında materiallar yayıb - FOTOLAR
Qırğızıstanın “nazarnews.org”,”turktoday.info”, “vb.kg” portalları Azərbaycanın 44 günlük Vətən müharibəsi haqqında rus dilində materiallar verib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Politologiya kafedrasının müdiri, professor Nigar Ələkbərovanın müəllifi olduğu məqalədə ölkəmizin iqtisadi sahədəki uğurlarından söhbət açılır, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı böyük Qələbədən danışılır.
Ermənistan silahlı qüvvələrinin cəbhə xəttindən uzaqda yerləşən Gəncə, Bərdə, Mingəçevir, Tərtər, Qəbələ, Siyəzən, Xızı və digər şəhər və rayonlarımıza qadağan olunmuş ballistik raketlərdən, fosforlu və kasetli bombalardan istifadə etdiyi, çox sayda dinc sakinin öldürüldüyü və yaralandığı vurğulanır. Bildirilir ki, müharibə dövründə Azərbaycan yalnız hərbi obyektlərə atəş açıb.
Şuşanın düşməndən geri alınmasını hərb tarixində nadir hadisə kimi qiymətləndirən müəllif yazır ki, şəhərətrafı relyefin çətin olmasına baxmayaraq, Azərbaycan Ordusunun əsgər və zabitləri qarşıya qoyulan vəzifəni uğurla yerinə yetirib və bu qədim şəhər düşmən tapdağından azad edilib.
Yazılarda Azərbaycanın neft strategiyası, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi haqqında da söhbət açılır.