Naxçıvan Qarnizonu Qoşunlarında silsilə bayram tədbirləri keçirilir - FOTOLAR
Naxçıvan Qarnizonu Qoşunlarında 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə silsilə tədbirlər keçirilir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bayram ovqatlı tədbirlər Naxçıvan Muxtar Respublikasında yerləşən bütün birləşmə, hissə və bölmələrdə, Təlim-Tədris Mərkəzlərində, Heydər Əliyev adına Hərbi Liseydə, Naxçıvan Qarnizonu tam orta məktəbində və uşaq bağçalarında təşkil olunub.
Əlahiddə Ümumqoşun Ordunun ön xətdə yerləşən hərbi hissələrindən birində keçirilən tədbirdə iştirak edən Naxçıvan Muxtar Respublikası ictimaiyyət, mədəniyyət və mətbuat nümayəndələri şəxsi heyətin sosial-məişət şəraiti və döyüş növbətçiliyi ilə tanış olub, dərs və məşğələləri izləyiblər.
“Bu gün ölkəmizdə xalq-ordu birliyi ən yüksək səviyyədədir. Bu birliyin nümunəsi olaraq ənənə halını alan görüşlər keçirilir, bayram günlərində tədbirlər təşkil olunur. Dövlət qayğısından və xalq-ordu birliyindən ruhlanan hərbi qulluqçularımız yüksək nizam-intizama və döyüş qabiliyyətinə malikdirlər”,-deyə çıxış edənlər bildirib.
Tədbirdə Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının, hərbi hissələrin bədii özfəaliyyət kollektivlərinin üzvləri əsgərlər qarşısında milli vətənpərvərlik ruhunda mahnılarla çıxış ediblər.
Tədbir ön xətdə xidmət aparan şəxsi heyətdə xoş təəssürat yaradıb, hərbi qulluqçular göstərilən qayğı və yaradılan şəraitə görə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Naxçıvan Qarnizonu Qoşunlarında keçirilən bayram ovqatlı silsilə tədbirlər davam edir.
Xosrov İbrahimov