Paşinyan Qarabağın ermənilərə məxsus olmadığını bəyan etdi

A- A A+

Baş nazir Nikol Paşinyanın timsalında Ermənistan tərəfdən Qarabağ məsələsi ilə bağlı son günlərdə  konstruktiv fikirlər səslənir. Azərbaycan tərəfi bunu alqışlayır və əslində erməni cəmiyyəti də  bunun ilk növbədə, Ermənistanın xeyrinə olduğunun fərqindədir. Əgər Ermənistan Azərbaycanla münasibətləri kompleks şəkildə həll etmək istəyirsə, rəsmi Bakı bunu yalnız alqışlaya bilər.

Sərhədlərin demarkasiyası, Zəngəzur dəhlizinin açılması, ikitərəfli münasibətlərin daha geniş spektr alması - bütün bunlar ölkələrarası münasibətlərin inkişafı üçün böyük önəm kəsb edir. Hər halda bunu Paşinyan da qəbul edir.

Ermənistanın baş naziri sosial şəbəkə hesabında canlı yayımda mətbuat konfransı keçirib və bir sıra ciddi bəyanatlar verib. Ermənistan hökumətinin başçısı xatırladıb ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyıb, lakin o vaxtdan bəri regionun statusu məsələsi ilə ATƏT-in Minsk qrupu məşğul olub. 2016-cı ildə isə status məsələsi yenidən BMT Təhlükəsizlik Şurasına qaytarılıb və bu, Paşinyanın fikrincə, Ermənistan üçün “fəlakət” idi, çünki bu mötəbər beynəlxalq qurum çərçivəsində Qarabağın statusu ilə hesablaşmaq mümkün deyil.

“Qarabağda yaşayan azərbaycanlıların hüquqları ilə bağlı məsələ mübahisəli olmayıb və olmayacaq. Mən bu barədə dəfələrlə ictimaiyyət qarşısında çıxış etmişəm. Ən azı bu hissədə əvvəllər danışıqlarda iştirak etmiş dairələrin nümayəndələri təsdiqlədilər ki, Dağlıq Qarabağ Muxtar Vilayəti danışıqlar prosesində heç vaxt sırf erməni birliyi kimi nəzərə alınmayıb. Dağlıq Qarabağ Muxtar Vilayəti heç vaxt sırf erməni birliyi hesab edilməyib. Bu, ən azı əhali baxımından erməni-Azərbaycan birliyi kimi qəbul edilib, müşahidə edilib, qeydə alınıb” ,- deyə  Paşinyan xatırladıb.

Ermənistanın baş naziri, həmçinin bəyan edib ki, o, əvvəlki hakimiyyətin “Qarabağ heç vaxt Azərbaycanın bir hissəsi olmayacaq və yalnız Ermənistanın olmalıdır” ifadəsi ilə heç vaxt razılaşmayıb. “Mən bu ifadə ilə razı deyiləm, çünki Qarabağ tamamilə erməni ola bilməzdi. Əhalinin demoqrafik tərkibini nəzərə alsaq, heç bir halda. Danışıqların məzmunundan aydın görünürdü ki, Dağlıq Qarabağ Muxtar Vilayətində erməni və azərbaycanlı əhali yaşayır. Aydındır ki, Qarabağdakı hakimiyyət də tam erməni ola bilməz”, - deyə o, məxfi məlumatları açıqlamalı olduğuna işarə edib.

Paşinyanın istək və niyyətlərinin reallaşması, Ermənistanın konstruktiv dialoqa başlaması bölgədə möhkəm və uzunmüddətli sülhün bərqərar olmasına gətirib çıxaracaq. Dinc inkişafın vacib şərtlərindən biri olan əlaqələrin qurulması üçün yeni bir fürsət yaradılacaq. Bu mənada seçim erməni cəmiyyətinindir: ya fəlakət girdabında boğulmaq, ya da Azərbaycanla normal əlaqələr qurub inkişaf yoluna çıxmaq.

Çünki Ermənistanda siyasi, sosial-iqtisadi və digər sahələrdə yaranan və gündən-günə dərinləşməkdə olan problemlər əhalidə yaxın gələcəkdə xilas üçün heç bir ümid yeri qoymayıb. Beynəlxalq təşkilatların Ermənistanda keçirdiyi ictimai rəy sorğusunda respondentlərin 28 faizi iqtisadi vəziyyəti və işsizliyi əsas problem hesab etdiyinə diqqət çəkir. Ümumilikdə Qarabağ məsələsi insanların yalnız 9 faizini, millət və sərhəd problemləri 5 faizini, Ermənistanın milli təhlükəsizlik məsələsi isə 3 faizini maraqlandırır.

Ümumiyyətlə, müharibədən sonra beynəlxalq təşkilatların Ermənistanda keçirdiyi sorğulardan belə nəticəyə gəlmək olar ki, cəmiyyətin böyük əksəriyyəti sosial-iqtisadi problemlər içində yaşayır. Eyni zamanda insanlar baş nazir Nikol Paşinyana həqiqi alternativ görmürlər, çünki müxalifət elitasının küçədə dayanan hissəsi cəmiyyətin əksəriyyəti üçün maraq kəsb etməyən məsələ və mesajlarla çıxış edir.

 

Elçin Cəfərov

“Azərbaycan” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: