Ermənistanın iqtisadiyyatında və sosial həyatında yaranan ağır vəziyyət davam edir. Erməni ekspertlər etiraf edirlər ki, bu gedişlə ölkə daha böyük fəlakətlərlə üzləşməli olacaq.
Yaşanan iqtisadi böhran şəraitində gündəlik istehlak, xüsusən də ərzaq məhsullarının qiymətində artım mövcud durumu daha da pisləşdirir. Keçmiş maliyyə naziri Vardan Aramyan deyib ki, ölkə iqtisadiyyatının xilasına ümid var, lakin bunun üçün hökumət populist addımlardan əl çəkməli, kəmərləri sıxmalıdır.
Dövlət maliyyəsinin idarə edilməsi üzrə beynəlxalq müşavir V.Aramyan 2021-ci ilin iqtisadi göstəricilərini və 2022-ci il üçün proqnozlarını təhlil edərkən bildirib ki, cari ildə Ermənistan həm sosial, həm də siyasi baxımdan ciddi problemlərlə üzləşəcək: “2020-ci böhran ilindən sonra gələn 2021-ci ilin hamı, hətta inkişaf etmiş ölkələr üçün çətin olduğunu kimsə inkar etmir. Lakin iqtisadi tənəzzül Ermənistanda həm Aİ ölkələri, həm də region ölkələri arasında ən dərindir.
Təəssüf ki, 2022-ci ildə makroiqtisadi canlanma natamam olacaq. 2020-ci ildəki 7,4 faiz iqtisadi geriləmədən sonra Ermənistanda iqtisadi artım xeyli aşağıdır. Ən azı 7 faizə yaxınlaşa biləcəyimizlə bağlı proqnozlar fantaziya janrındandır”.
V.Aramyan deyir ki, Ermənistan hökuməti xalqın rəğbətini qazanmaq üçün populist addımlar ataraq ölkənin iqtisadi vəziyyətini daha da ağırlaşdırır: “Söhbət 2022-ci il yanvarın 1-dən artan pensiya və müavinətlərdən gedir. Mən burada ciddi risklər görürəm. Bu öhdəliyi götürəndə ixtisar, demək olar ki, mümkün deyil. Siz sadəcə olaraq babalarınıza, nənələrinizə deyə bilməzsiniz ki, mən yanılmışam, iqtisadi vəziyyətin pensiyalarınızı artırmağa imkan vermədiyini qabaqcadan görməmişəm. Mən çox yaxşı başa düşürəm ki, bu, inflyasiyanın fonunda xalqa qarşı edilir. Yalnız bu gün ölkədə ərzaq məhsullarının bahalaşması 20 faizə çatıb və bu, istər-istəməz sosial partlayışa gətirib çıxaracaq. Ancaq düzgün addımlar atılmalıdır. İqtisadiyyatın sütunlarını qurmadan sosial məsələlərin həllinə getmək qətiyyən yanlışdır, çünki bu il məsələni həll edəcəksiniz, gələn il isə daha böyük problem yaradacaqsınız”.
Aramyan Ermənistan iqtisadiyyatının hazırkı vəziyyətini təcili yardıma ehtiyacı olan xəstə ilə müqayisə edib. Qeyd edib ki, sağalmaq üçün hələ də ümid var. Amma bunun üçün hakimiyyət populist addımlardan, xərcləmələrdən əl çəkməli, kəmərini sıxmağı bacarmalı və ilk növbədə, bunu özündən başlamalıdır: “Hökumət özünü necə doğrultsa da, iqtisadi aktivliyin 5 faizlik göstəricisi olduğunu bəyan etsə də, mən iki amili səsləndirəcəyəm. Xahiş edirəm unutmayın ki, siz artımdan qat-qat dərin tənəzzül keçirmisiniz, ikincisi, struktura baxın, iqtisadiyyatınız necə inkişaf edir? Biz əsasən ekzogen hadisələr hesabına ayaq üstə dururuq. Bu, transfertlərin axını və misin dünya bazarındakı qiymətlərində yüksək artımın baş verməsi hesabına olur. Bunlar iqtisadi aktivliyin az-çox yüksək göstəricilərinə səbəb olan iki amildir”.
Sabiq nazir hökumətin təqdim etdiyi investisiyaların həcmini “fantaziya janrı” hesab edərək 2021-ci ildə birbaşa xarici investisiyaların 42 milyard dram təşkil etdiyini xatırladıb. Üstəlik, onların əksəriyyətinin dağ-mədən sənayesinə yönəldildiyini bildirib.
Vurğulanır ki, dağ-mədən sektorunda çoxlu sayda qeyri-rezident investorlar il ərzində dividend şəklində mənfəət əldə edərək onları ölkədən çıxarırlar. Statistika bunu birbaşa investisiya axını və eyni zamanda gəlirin xaricə axını kimi qeyd edir. İqtisadiyyata yönləndirilən ümumi investisiyalara gəlincə, 2021-ci ilin 9 ayının məlumatına görə, özəl investisiyaların artımı da praktiki olaraq sıfır, daha dəqiq desək, 0,3 faiz təşkil edir.
Qeyd edək ki, hökumətin qərarı ilə 2022-ci il yanvarın 1-dən minimum pensiya və müavinətlər 2000-3000 dram artırılıb. 2021-ci ilin yanvar-noyabr aylarında rəsmi məlumata görə, istehlak qiymətləri və ərzaq məhsullarının qiymətləri 20 faizdən çox artıb.
İqtisadçı ekspert Suren Parsyan qeyd edir ki, 2019-cu ildən Ermənistanda kasıblıq səviyyəsi artır və bu tendensiya davam edir: “2022-ci ildə də qiymətlərin kəskin artması buna daha ciddi təsir göstərəcək. Erməni milli valyutası olan dramın devalvasiyası ölkədə həm qiymətlərin artımına, həm aclığa, həm də kasıbçılıq səviyyəsinin artmasına təkan verəcək. Erməni valyutasının bundan sonra da ucuzlaşması prosesi davam edəcək”. Ekspert onu da əlavə edib ki, işğal olunmuş əraziləri itirdiklərinə görə, Ermənistan iqtisadiyyatında ciddi problemlər yaranıb. Odur ki, qarşıda Ermənistanı heç də yaxşı olmayan günlər gözləyir.
“Lragir” qəzeti isə bu xüsusda yazır: “İqtisadiyyat Nazirliyində qiymət artımından “ciddi narahatdırlar”, amma inflyasiya və qiymət artımı məsələsi Mərkəzi Bankın səlahiyyətlərinə daxildir. Mərkəzi Bankda qiymət artımının qarşısını almaq üçün yenidən maliyyələşdirmə faizi artırılıb. Bu haqda Mərkəzi Bankın sədri Martin Qalstyan elan edib. Onun sözlərinə görə, Mərkəzi Bank əsas siqnalı istehsalçıların diqqətinə çatdırmağa çalışır - qısamüddətli perspektivdə müəyyən qiymət artımı ola bilər”.
İqtisadçı Vahan Xaçatryan Mərkəzi Bank rəhbərinin ölkədə qiymət artımının dünya bazarındakı vəziyyətlə şərtləndiyi fikri ilə razıdır: “Səbəblər dünya iqtisadiyyatında və dünya bazarındadır. Ötən ilin iyulundan başlayaraq hazırda baş verənlər həm də kənd təsərrüfatı üçün əlverişsiz hava şəraiti ilə və əlbəttə ki, ən əsası pamdemiya zamanı yaranan geoiqtisadi vəziyyətlə bağlıdır”.
Bu gedişlə 2022-ci ildə Ermənistanın daha dərin böhran yaşaması, ağır problemlər içində çabalaması, insanların narazılığının pik həddə çatması qaçılmazdır.
Elçin Cəfərov
“Azərbaycan” qəzeti