Naxçıvanda 20 Yanvar şəhidləri bir dəqiqəlik sükutla yad edildi - YENİLƏNİB - VİDEO
Azərbaycan xalqının azadlıq, suverenlik və milli birlik üçün başlatdığı o tarixdən - 20 Yanvardan 32 il ötür. Qürur və qəhrəmanlıq tariximiz sayılan bu gün azadlıq yanğısı ilə əliyalın keçmiş sovet qoşunlarının qarşısına çıxan yüzlərlə vətən övladı şəhid oldu.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ölkəmizin hər yerində olduğu kimi muxtar respublikamızda da qəhrəman şəhidlərimizin müqəddəs xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Hüzn əlaməti olaraq dövlət bayraqları yarıyadək endirilib, sərnişinlərin, nəqliyyatın hərəkəti bir dəqiqəlik dayandırılıb.
Qeyd edək ki, tarixin bu günü günahsız 130-dan artıq dinc sakin şəhid olub, 744 nəfər yaralanıb. Bu günü qara yanvara çevirən keçmiş sovet birləşmələri, onların bu çirkin niyyətlərini icra edən ermənilər xalqımızın azadlıq amalını beşiyində boğmaq istəyirdilər. Ancaq gözünü qırpmadan ölümün üzərinə gedən bu günün qəhrəmanları Vətən uğrunda candan, qandan keçməyin müqəddəsliyini öyrətdi sonrakı nəsillərə. O gecə şəhidlik məqamına yüksələn insanların qanı bir tum misalı torpaqda göyərdi, yüzlər, minlər oldu. Şəhid olan oğulların arzularından, amallarından onların qisasını ala bilən mübariz, polad iradəli ərlər boy atdı.
Məkanınız cənnət olsun…