Təbrizdə 20 yanvar faciəsi ilə əlaqədar sərgi keçirilib

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, yanvarın 18-də Azərbaycan Respublikasının Təbriz şəhərindəki baş konsulluğunda 20 yanvar faciəsində həyatlarını qurban verən şəhidlərin əziz xatirəsinə həsr olunan sərgi keçirilib.

Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxış edən baş konsul Əliyənnağı Hüseynov deyib ki, 20 yanvar gecəsi Azərbaycan xalqına qarşı törədilən cinayət əslində bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktı idi. Həmin gün dinc əhalinin üstünə qoşun yeridilməsi BMT Nizamnaməsini və beynəlxalq hüquq normalarını pozmuşdu. Məhz belə bir ağır şəraitdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev SSRİ-nin Azərbaycan xalqına qarşı həyata keçirdiyi qətliama etirazını bildirib, bütün təzyiqlərinə baxmayaraq dahi lider yanvarın 21-də Azərbaycan SSR-in Moskvadakı Daimi Nümayəndəliyinə gələrək burada təşkil olunmuş izdihamlı yığıncaqda çıxış edib, bu ağır günlərdə doğma xalqı ilə birgə olduğunu bəyan edib.

Əliyənnağı Hüseynov bildirib ki, 20 yanvar faciəsi ümumxalq hüznü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini göstərdi. Bu faciəyə Azərbaycanda ilk dəfə dövlət səviyyəsində hüquqi-siyasi qiymət ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə verilib. Ulu öndərin tövsiyəsi ilə Milli Məclisin 1994-cü ilin fevralında keçirilən xüsusi sessiyasında 1990-cı il yanvarın 20-də günahsız insanların qəddarcasına qətlə yetirilməsi hərbi təcavüz və cinayət kimi qiymətləndirilib.

Baş konsul qeyd edib ki, yanvarın 19-dan 20-nə keçən gecə tökülmüş qanlar Azərbaycan xalqının müstəqillik uğrundakı mübarizə əzmini qıra bilməyib, igid oğul və qızlarımız şəhidlik zirvəsinə yüksələrək xalqımızın yenilməzliyini nümayiş etdirib. 2020-ci ilin sentyabarın 27-də başlanan və Azərbaycanın şanlı qələbəsi ilə nəticələnən 44 günlük Vətən müharibəsində müstəqil Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalanlar 30 ildən sonra mənsub olduqları xalqın cəsarət və qəhrəmanlığını yenidən bütün dünyaya nümayiş etdirdilər. Azərbaycanda şəhidlərin əziz xatirəsinə və onların ailələrinə hər zaman xüsusi diqqət və qayğı göstərilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də 20 Yanvar şəhidlərinin, eləcə də Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, o cümlədən onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsini daim diqqətdə saxlayır, bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir.

Sonra 20 yanvar faciəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib və sərgi ilə tanışlıq olub.

Sərgidə İran İslam Respublikası Xarici İşlər Nazirliyinin Şimal-Qərb nümayəndəliyinin rəhbəri Əkbər İsazadə, Şərqi Azərbaycan vilayəti valiliyinin Siyasi məsələlər Baş İdarəsinin rəisi Həsən Həqiqiyan, Türkiyənin Təbrizdəki baş konsulu Çətin Taner və Baş konsulluğun əməkdaşları, Şərqi Azərbaycan Vilayəti Mətbuat Evinin rəhbəri Murtəza Şəfii və Təbrizdə yaşayan Azərbaycan vətəndaşları iştirak ediblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: