Anadolu Agentliyində “2021-ci ildə Azərbaycan bölgədə təsirini artırdı” sərlövhəli analitik məqalə dərc olunub

A- A A+

2020-ci ildə 44 gün davam edən ikinci Qarabağ müharibəsindən sonra 2021-ci ildə Azərbaycan tarixinin ən böyük təşəbbüslərindən biri olan Böyük Qayıdış layihəsinin reallaşdırılması, Ermənistanla normallaşma prosesi ilə yanaşı, COVID-19 pandemiyasına qarşı uğurlu mübarizə istiqamətində atılan addımların şahidi olduq. Bununla yanaşı, il ərzində Azərbaycan-Ermənistan sərhədinin Kəlbəcər və Laçın rayonları istiqamətlərində insan itkiləri ilə nəticələnən toqquşmalar baş verdi.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirlər Anadolu Agentliyində dərc edilən “2021-ci ildə Azərbaycan bölgədə təsirini artırdı” sərlövhəli analitik məqalədə yer alıb.

Hazırda Azərbaycanla Ermənistan arasında sərhədlərin müəyyənləşdirilməsi istiqamətində işlərin aparıldığı vurğulanan məqalədə, həmçinin deyilir: “Sovet İttifaqı dağıldıqdan sonra müstəqilliklərini əldə edən iki ölkə sərhədlərin müəyyənləşdirilməsi prosesində uğurlu nəticə əldə edə bilməyib. Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Brüsseldə görüşüb danışıqlar aparıblar. Brüssel görüşü Türkiyə ilə Ermənistan arasında da normallaşma prosesinə zəmin hazırladı. Belə ki, tərəflər danışıqlar üçün xüsusi nümayəndələr təyin edib və diplomatik münasibətlərin qurulmasını əsas məqsədə çevirdiklərini bəyan ediblər. Rəsmi Bakı bu normallaşmanı açıq şəkildə dəstəkləyir.

Azərbaycan Prezidenti İlham Əliyev müharibədən sonrakı mürəkkəb dövrdə ölkəsinin maraqlarını maksimum dərəcədə qorumaq üçün səylə çalışır, müəyyənləşdirdiyi strategiyanı uğurla davam etdirir”.

Yazıda Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi diqqətəlayiq hadisə kimi qiymətləndirilib. Bu tədbirlərin rəsmi Bakının vədlərini yerinə yetirdiyini, Böyük Qayıdış istiqamətində mühüm layihələr həyata keçirdiyini göstərir.

"Qarabağ müharibəsindəki tərəfdaşlıq və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2020-ci ilin dekabr ayında Azərbaycana səfəri ilə daha yüksək səviyyəyə çatan Türkiyə-Azərbaycan əlaqələri 2021-ci il ərzində liderlərin qarşılıqlı səfərləri və Şuşada qəbul edilən Bəyannamə ilə yeni müstəviyə keçib. Digər mühüm dönüş nöqtəsi isə Türk Şurasının 2021-ci ilin noyabrında Türk Dövlətləri Təşkilatına çevrilməsi ilə bağlı qərar oldu. Ankara-Bakı strateji tərəfdaşlığı Mərkəzi Asiya dövlətlərinin bu inteqrasiyaya müsbət münasibət göstərməsinə böyük təsir edir. Enerji və logistika sahələrində mühüm rol oynamaq potensialına malik Türkmənistanın təşkilata müşahidəçi üzv kimi qəbul edilməsi Azərbaycan üçün də vacibdir. Bundan əlavə, türk dünyasının inteqrasiyası Bakıya yumşaq gücünü daha geniş bölgələrə yaymaq üçün mühüm imkanlar açır", - deyə məqalədə qeyd olunur.

Materialda diqqətə çatdırılır ki, hazırda rəsmi Bakı Qarabağın yenidən qurulmasını sürətləndirmək yolu ilə Qələbənin nəticələrini möhkəmləndirmək üçün bütün imkanlarını səfərbər edib və Şuşada bir sıra layihələr artıq başa çatdırılıb. Həmçinin işğaldan azad olunmuş ərazilərdə bir neçə “Ağıllı kənd” layihəsi davam edir.

Vurğulanır ki, qeyri-adi proseslər baş verməsə, 2022-ci ildə Azərbaycanda siyasi və iqtisadi islahat səylərinin intensivləşdirilməsi gündəmin əsasını təşkil edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: