İqtisadi müstəqillik bizə imkan verir ki, beynəlxalq məsələlərin həllində, ikitərəfli və çoxtərəfli əməkdaşlıq formatında öz mövqeyimizi müdafiə edək. Bizim mövqeyimiz ədalətlidir, beynəlxalq hüquqa və ədalətə söykənir. Bu iki anlayış beynəlxalq münasibətlər üçün də xüsusi əhəmiyyət kəsb edir. Harada ki, beynəlxalq hüquq, ədalət pozulur, orada toqquşmalar da, müharibələr də, gərginlik də olacaq. Əgər dünyada beynəlxalq hüquq və ədalət pozulmasa, müharibə də olmayacaq.
NUHÇIXAN xəbər verir ki, “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 66-cı kitabında yer alan bu fikirləri dövlətimizin başçısı 2014-cü il noyabrın 13-də Bakıda keçirilən Azərbaycan-İran biznes-forumundakı nitqində söyləyib.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin 66-cı kitabındakı materiallar 2014-cü ilin noyabrından 2015-ci ilin yanvarınadək olan dövrü əhatə edir.
Kitab Prezident İlham Əliyevin və Azərbaycanda rəsmi səfərdə olan İran Prezidenti Həsən Ruhaninin mətbuata bəyanatları ilə başlayır. Bu cilddə dövlətimizin başçısının Bakıya işgüzar səfərə gəlmiş Əfqanıstan Prezidenti ilə görüşünə, habelə Koreya Respublikası Baş nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etməsinə, eləcə də Türkiyə Respublikasına dövlət səfərinə, Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında iştirakına, imzalanan sənədlərə, Almaniyaya işgüzar səfərinə, bu ölkələrin rəhbərləri ilə apardığı danışıqlara, mətbuata bəyanatlara dair materiallar toplanıb.
Nəşrdə Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirlikləri, İordaniya, Böyük Britaniya, Türkiyə, Serbiya, Yaponiya və digər dövlətlərin, Avropa Komissiyasının, Beynəlxalq Telekommunikasiya İttifaqının, Beynəlxalq Olimpiya və Avropa Olimpiya komitələrinin, Beynəlxalq Atçılıq Federasiyasının, “BBC Global News”un, BP şirkətinin ölkəmizə səfər etmiş yüksəkvəzifəli şəxslərini, xarici ölkələrin Azərbaycanda təyin olunmuş səfirlərini qəbul etməsinə dair informasiyalar da yer alıb.
Azərbaycan Prezidentinin paytaxtımızda keçirilən bir sıra beynəlxalq tədbirlərdə söylədiyi nitqlərin, “Euronews” və “Rossiya-24” telekanallarına müsahibələrinin mətnləri ilə 66-cı kitabda tanış olmaq mümkündür.
Nəşrdə, həmçinin dövlətimizin başçısının Uşaqların III Ümumrespublika Forumunun, “Dini tolerantlığın möhkəmləndirilməsi (Azərbaycan modeli, ATƏT regionu və onun hüdudlarından kənarda çağırışlar)” mövzusunda beynəlxalq konfransın, “Beynəlxalq Antikorrupsiya Akademiyasına üzv dövlətlərin assambleyası”nın III sessiyasının, “XXI əsrdə sənayeləşmə: sənaye siyasətində əsas trendlər, müasir yanaşma və təcrübələr” mövzusunda beynəlxalq konfransın, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin təhsil nazirlərinin III görüşünün, “Bakutel-2014” XX Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisi və konfransının, Azərbaycan Alimlərinin I Qurultayının iştirakçılarına məktubları, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, Azərbaycanın Pravoslav xristian icmasına İsa Peyğəmbərin mübarək mövludu – müqəddəs Milad bayramı münasibətilə təbrikləri, digər müraciətləri və məktubları toplanıb.
Kitabda Prezident İlham Əliyevin Heydər məscidinin açılışı mərasimində nitqi, bu tədbirdə iştirak etmək üçün ölkəmizə gəlmiş Rusiya Federasiyası Şimali Qafqaz respublikalarının din xadimləri ilə görüşünə dair informasiyalar da yer alıb. Bu kitabın əhatə etdiyi dövrün materiallarında “Bakı-2015” birinci Avropa Oyunlarına yüksək səviyyədə hazırlıqla bağlı görülən işlər haqqında informasiyalar əldə etmək olar.
Çoxcildliyin bu kitabına Prezident İlham Əliyevin məcburi köçkünlər üçün Gəncədə salınan yeni qəsəbənin açılışı mərasimində iştirakına, Sumqayıt şəhərinə, Şəmkir, Sabirabad rayonlarına səfərlərinə, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Sabirabad regional “ASAN xidmət” mərkəzinin, “ASAN Könüllüləri”nin I Ümumrespublika Forumunun açılışı mərasimlərində iştirakına, bölgələrdə ictimaiyyət nümayəndələri ilə görüşlərinə, infrastruktur obyektlərinin, sənaye və mədəniyyət müəssisələrinin təməlqoyma və açılış mərasimlərində iştirakına dair materiallar, Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında giriş və yekun nitqlərinin mətnləri daxil edilib.
Kitabda “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri də verilib.
“Azərnəşr” tərəfindən buraxılan 66-cı kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.
Digər xəbərlər