Özbəkistan saytlarında Azərbaycan Prezidentinin AZƏRTAC-a müsahibəsi ilə əlaqədar məqalələr dərc edilib - FOTOLAR
Özbəkistanın “xabar.uz” və “ziyouz.uz” portalları öz səhifələrində Azərbaycan Prezidenti İlham Əliyevin Gəncə şəhərinə səfəri çərçivəsində Azərbaycan Dövlət İnformasiya Agentliyinə - AZƏRTAC-a müsahibəsi ilə əlaqədar özbək və rus dillərində məqalələr yerləşdirib.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, “xabar.uz” portalı yazır ki, AZƏRTAC-ın müxbirinin bu günlərdə Rusiyada erməni faşist Qaregin Njde haqqında filmin yayımının dayandırılması ilə bağlı sualına Azərbaycan Prezidenti İlham Əliyev belə cavab verib: “İlk dəfə olaraq, bu məsələni siyasi müstəviyə gətirən mən olmuşam. Mən əvvəlki illərdə də dəfələrlə bu erməni faşistləri haqqında öz çıxışlarımda məsələ qaldırmışdım. Beynəlxalq təşkilatlar qarşısında, ölkələr qarşısında məsələ qaldırmışdım ki, faşistlərin qəhrəmanlaşdırılmasına imkan vermək olmaz. Cəllad Njde ilə bağlı mən MDB Zirvə görüşünün birində öz çıxışımda məsələni qaldırdım. Dedim ki, Njdeyə Ermənistanın paytaxtında - İrəvanda qoyulan abidə faşizmin təbliğatıdır. Buna son qoyulmalıdır. Bu adam faşist olub. Bu adam cəllad olub. Bu adam günahsız azərbaycanlıların və ondan sonra İkinci Dünya müharibəsi zamanı sovet ordusunun əsgərlərini, zabitlərini qətlə yetirib”.
“ziyouz.uz” portalı müsahibəyə istinadla yazır ki, Gəncə dəfələrlə cinayətkar Ermənistan ordusu tərəfindən bombalanıb. Şəhərə 13 raket atılıb, onlardan 8-i partlayaraq əfsuslar olsun ki, insanların həyatına son qoyub, beş raket isə partlamayıb.
Prezident deyib: “Təkcə Gəncə şəhərində 26 mülki vətəndaş namərd atəş nəticəsində həlak oldu, erməni faşizminin qurbanı oldu. Gəncə şəhəri həm “Toçka-U”, həm “SCUD” raketləri ilə atəşə tutulurdu”.