Ermənistan Milli Təhlükəsizlik Xidməti xarici dövlətlərə hərbi məlumat ötürməkdə ittiham olunan 19 nəfəri həbs edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə MTX-nin mətbuat xidməti məlumat yayıb.
Ermənistan ordusunda xidmət edən 19 nəfər guya Silahlı Qüvvələrin ayrı-ayrı hərbi hissələrinin yerləşdiyi yer, şəxsi heyət, silah, sursat, hərbi texnikanın miqdarı barədə xarici xüsusi xidmət orqanlarına məlumat ötürüblər. İddia olunur ki, onlar məlumatı sosial şəbəkələr vasitəsilə veriblər.
Bu çərçivədə açılan cinayət işi ilə bağlı həbs edilən şəxslərin ötürdükləri məlumat qarşılığında pul aldığı bildirilir.
Qeyd edək ki, Ermənistan MTX xarici dövlət dedikdə çox güman ki, Azərbaycanı nəzərdə tutur. Əslində baş verən bu hadisə Ermənistan ordusunda artan zorakılıq hallarının ört-basdır edilməsinə növbəti nümunədir.
Erməni hərbi qulluqçuların guya Azərbaycana işləməklə həbs edilməsi Ermənistan ordusunda başladılan "islahat"ın, orduda qurulan "nizam-intizam"ın nəticəsi kimi qələmə verilir.
19 erməni hərbi qulluqçu Ermənistan hərbi-siyasi rəhbərliyinin islahat oyununun növbəti qurbanıdır.