Yunanıstanın məşhur xəbər portalı Naxçıvan barədə geniş məqalə yayıb - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi Azərbaycanın Yunanıstandakı səfirliyinə istinadən xəbər verir ki, Yunanıstanın “E-Thessalia” xəbər portalı Naxçıvan barədə geniş məqalə yayıb. “Naxçıvan: qürurlu Azərbaycan diyarı, qədim sivilizasiyaların unikal məkanı” sərlövhəli məqalədə bildirilir ki, fevralın 9-da Azərbaycanın Naxçıvan Muxtar Respublikasının yaradılmasının 98-ci ildönümü qeyd edilib. Oxuculara bölgənin muxtar statusunun Moskva (16 mart 1921) və Qars (13 oktyabr 1921) müqavilələri ilə müəyyən edilməsi haqqında ətraflı məlumat verilib, həmin müqavilələrin Naxçıvanın Azərbaycanın tərkibində qalmasını təmin etdiyi vurğulanıb.

Məqalədə qeyd olunub ki, ötən il həm də Qars müqaviləsinin 100 illiyi qeyd edilib. Bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov fevralın 8-də “Qars müqaviləsinin 100 illiyinin qeyd edilməsi haqqında” Sərəncam imzalayıb.

Müəllif diqqətə çatdırıb ki, Qars müqaviləsi çox mürəkkəb siyasi şəraitdə bölgənin erməni təcavüzündən qorunmasında, ona muxtariyyət statusunun verilməsində də mühüm rol oynayıb. Belə ki, ermənilər Azərbaycanın əsas hissəsi ilə heç bir torpaq əlaqəsi olmayan Naxçıvana qarşı daim torpaq iddiaları irəli sürüblər və bu iddialardan heç vaxt əl çəkməyiblər. Vaxtilə qədim Azərbaycan torpağı olan Zəngəzurun Ermənistana verilməsi ilə Naxçıvan Azərbaycanın əsas hissəsindən ayrı salınıb. Bu, məqsədli şəkildə edilib və ermənilərin torpaq iddialarına dəstək xarakteri daşıyıb.

Məqalədə Azərbaycanın müstəqilliyinə gedən yolun 1990-cı illərin əvvəllərində Naxçıvandan başlandığı vurğulanıb. Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası o ağır günlərdə təhlükələrdən xilas edilməsinə görə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə borcludur. 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyasında Heydər Əliyev Ali Məclisin Sədri vəzifəsini öz üzərinə götürüb. Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanın milli dövlət rəmzləri ilk dəfə Naxçıvanda qəbul edilib, muxtar respublikanın adından “sovet sosialisti” sözləri çıxarılıb, ali sovetin Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adlandırılması haqqında qərar qəbul edilib, SSRİ-nin davam etdirilməsi üçün referendumdan imtina edilib. Azərbaycan hələ SSRİ-nin tərkibində olarkən, sovet qoşunları bölgədən çıxarılıb, sərhəd məntəqələrində Azərbaycanın üçrəngli bayrağı qaldırılıb.

Bildirilib ki, ötən illər ərzində Naxçıvan mürəkkəb və çətin inkişaf yolu keçib. Ermənistanın təcavüzkar siyasəti nəticəsində Naxçıvanı Azərbaycanın digər rayonları ilə birləşdirən dəmir yolu və avtomobil yolu bağlanıb, təcrid olunmuş Naxçıvan blokada şəraitində yaşamağa məcbur edilib. Uzun illərdir ki, blokada vəziyyətində qalan Naxçıvanda böyük zəhmət hesabına inkişaf təmin edilib. Bu gün Naxçıvan Muxtar Respublikası iqtisadi cəhətdən Azərbaycanın ən inkişaf etmiş regionlarından birinə çevrilib. Son illər Naxçıvanın sosial-iqtisadi inkişafı, əhalisinin rifah halının gündən-günə yüksəldilməsi istiqamətində çox mühüm addımlar atılıb.

https://e-thessalia.gr/nachtsivan-mia-perifani-gi-toy-azermpaitzan-monadikos-proorismos-archaion-politismon/

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: