Problemlər içində: Paşinyanın apardığı siyasətin ziddiyyətləri və Rusiya səfəri

A- A A+

Erməni KİV-ləri baş nazir Nikol Paşinyanın Rusiya səfəri ərəfəsində rəsmi İrəvanın narahatlığını ifadə edən məlumatlar yayır. Azərbaycan və Rusiya Prezidentlərinin Soçi görüşündən sonra Ermənistan rəhbərliyinin atmalı olduğu addımları müəyyənləşdirə bilməməsi ekspertlərin diqqətindən yayınmayıb. Onlar təsəvvür edə bilmirlər ki, Moskva ilə Bakının yaxın əməkdaşlığı necə baş tuta bilər? Bəs onda Ermənistan necə olsun? Çünki indiyə qədər ermənilər Azərbaycanın geosiyasi əhəmiyyətinin minimum olduğundan dəm vururdular. İndi isə Ermənistanın ən yaxın müttəfiqi Rusiya belə Bakı ilə strateji tərəfdaşlığı təsdiq edən onlarla sənəd imzalayır. Rusiya-Azərbaycan əməkdaşlığında digər sahələrlə yanaşı, hərbi-müdafiə və təhlükəsizlik məsələləri də ciddi yer tutur. Bütün bunlar Ermənistanın xarici siyasətinin tam yanlış meyarlar üzərində qurulduğunu göstərməklə bərabər, həm də bu ölkənin gələcəyini şübhə altına alır. Hazırda erməni ekspert dairələri bu kimi faktlar fonunda N.Paşinyana Kremldə hansı sualların veriləcəyi üzərində baş sındırır. Məsələnin bu aspekti üzərində geniş dayanmağı lazım bilirik.

Radikal mövqe: Ermənistan rəhbərliyinin yanlışları Azərbaycan və Rusiya Prezidentlərinin Soçi görüşü və orada imzalanan sənədlərin məzmunu rəsmi İrəvanı əməlli-başlı təlaşa salıb. Erməni ekspert dairələri narahatlıqla vurğulayırlar ki, Moskva ilə Bakı getdikcə daha da yaxınlaşırlar. Və bu proses Ermənistan rəhbərliyinin Rusiya ilə münasibətlərdə xeyli dərəcədə problemlər yaratmaq istiqamətində atdığı addımların fonunda baş verir. Hətta Ermənistan siyasi dairələri "Azərbaycan yaranan boşluğu ustalıqla doldurur" kimi fikirlər səsləndirirlər. Burada maraqlı olan erməni siyasi və ekspert dairələrinin yaranmış vəziyyəti özlərinin anlamında obyektiv qiymətləndirməsi deyil. Bu, heç belə də deyil. Maraqlı olan İrəvanın düşdüyü qeyri-müəyyən vəziyyətdən necə çıxa biləcəyinin geosiyasi parametrlərini müəyyənləşdirməkdir. Konkret olaraq "Nikol Paşinyan Kremldə Vladimir Putinlə müzakirələri hansı istiqamətlərdə apara bilər ki, uğurlu alınsın?" – sualı erməni cəmiyyəti üçün xüsusilə aktualdır. Sualın bu cür qoyuluşu təsadüfi deyil. Erməni mətbuatı Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun birinci kurs tələbələri qarşısında çıxışı zamanı ifadə etdiyi bir fikrin ətrafında möhkəm hay-küy salıb. S.Lavrov ifadə edib ki, Moskva N.Paşinyanın Ermənistandakı hadisələrin inkişafı ilə bağlı görüşlərini eşitmək istəyir. Ermənistan jurnalistləri bu sözləri "daxili işlərə misli görünməmiş müdaxilə" kimi təqdim etməyə çalışırlar. Bu gülüncdür, çünki Moskva İrəvanla danışıq ritorikasını zərrə qədər də dəyişməyib. Ermənistan Kreml üçün müstəqil dövlət deyil, forpostdur. Forpostu da həmişə "xalça üzərinə güləşməyə yox, hesabat almağa" çağırırlar. Ermənilər buna alışıblar. Ritorikanı bir kənara qoyub, fikirlərin geosiyasi məzmununa nəzər salsaq daha ciddi qənaət əldə edə bilərik. Moskva aydınca İrəvandan mövqeyini konkretləşdirməsini, yəni bundan sonra Ermənistanın hansı geosiyasi istiqamətdə addımlayacağını bildirməsini tələb edir. Məsələ ondan ibarətdir ki, okeanın o tayından və Avropadan Ermənistana siyasətçilər və diplomatlarla yanaşı, generallar da təşrif buyururlar. Onların hamısı N.Paşinyanla nələrisə "pıçıldaşırlar". Bu proses 2008-ci il mart hadisələrinə görə Rusiyaya sadiq bir sıra şəxslərə qarşı cinayət işi qaldırılması fonunda baş verir. Həmin şəxslər N.Paşinyana qarşı siyasi mübarizəyə başlayacaqlarını artıq bəyan ediblər. Məsələn, Robert Koçaryan. O bildirib ki, siyasətə qayıdır və məqsədi hakimiyyətə gəlməkdir. N.Paşinyan isə cavabında bəyan edib ki, R.Koçaryanın siyasi mübarizə üçün imkanı olmaya bilər, yəni həbs edilər. Bununla ekspertlər siyasi müstəvidə parçalanma ilə müşayiət olunan mübarizə prosesinə start verildiyini proqnozlaşdırırlar. Onun ilk savaş səhnəsinin sentyabrın ikinci yarısında olması nəzərdə tutulan İrəvan ağsaqqallar şurasına seçkidə özünü göstərəcəyini deyirlər. Ancaq N.Paşinyan ilk öncə Kremldə "xalça üzərində imtahan" verməlidir. Cavabsız suallar: rəsmi İrəvanın yaratdığı qeyri-müəyyənliklər Çünki normal olaraq bütün bunlar Moskvanı düşündürür. Özü də daha çox iki aspektdə rəsmi İrəvanın planlarını özündən eşitmək istəyir. Birincisi ölkənin siyasi gələcəyi ilə bağlıdır. İkincisi təhlükəsizliyin hansı üsulla təmini məsələsidir. İlk baxışdan bu məsələləri Ermənistanın bir neçə il öncə həll etdiyi düşünülə bilər. Lakin məsələ ondan ibarətdir ki, Kremldə Nikol Paşinyanın həmin modeli dağıtmağa çalışdığı haqqında fikir formalaşıb. Moskva isə hər şeyi N.Paşinyanın dilindən eşitmək qərarına gəlib. Bunun da səbəbi vardır. Ermənistanın yeni baş naziri primitiv formada riyakarlıq edir – o, Avropada Qərbi tərifləyir, Moskvada isə Rusiyanı əvəzedilməz strateji müttəfiq adlandırır. Bunların fonunda isə antirusiya mövqeli kadrları irəli çəkir, Qərb dövlətlərindən vəzifəli adamları qəbul edir, onlarla strateji xarakterli məsələləri müzakirə edir. Bu cür davranışlar nəticəsində N.Paşinyan "ilk şapalağı" Rusiyadan aldı. Baş nazir olanda onun ilk sayıqlamalarından biri qondarma "dqr"in danışıqlarda iştirak etməsi şərtini irəli sürməsi oldu. Çox keçmədi ki, ona anlatdılar ki, reallıq başqa cürdür. İndi səsini kəsib, ağalarının qərarını gözləyir. Bu zərbədən sonra İrəvandakı meydanda növbəti sərsəmliyini etdi. O, mitinqdə çıxışı zamanı bəyan etdi ki, nə sənəd olsa, meydana gətirəcək və bir yerdə müzakirədən sonra qərar veriləcək. Bu, siyasətçinin kütlə psixologiyası ilə oynaması ilə yanaşı, həm də lider kimi "inqilab" rəhbərinin böyük qüsurlara malik olması əlamətidir. Əvvəla, N.Paşinyanı meydan seçibsə, deməli, ona etibar edib. Əgər o, layiqli liderdirsə, tərəddüd etmədən kütlənin xeyrinə sənədin qəbul olunmasına nail ola bilər. Ancaq sözlərindən aydın olur ki, N.Paşinyanın özü özünə inanmır. Çünki haqsızdır. Anlayır ki, ona həqiqəti qəbul etdirəcəklər. Bu həqiqət isə Ermənistanın və havadarlarının işğalçı qüvvələrinin Azərbaycan ərazisindən rədd edilməsindən ibarətdir. İkincisi, əgər kütlə razılaşdırılmış hansısa sənədə etiraz edərsə, bu, bütövlükdə erməni diplomatiyasının iradəsizliyi və peşə qüsurudur. Çünki danışıqlar masasında gücü çatmadığı hallarda küçədəki adamlardan dəstək istəyir, onlardan arqument gözləyir. Üçüncüsü, Rusiya üçün məsələnin aktuallığı bütövlükdə rəsmi İrəvanın geosiyasi seçimi ilə bağlıdır. Əgər bu məsələdə konkretlik olmasa, Kreml münaqişənin həllində Ermənistanı müdafiə etməyəcək. Ən yaxşı halda vəziyyətin qeyri-müəyyən saxlanılmasına çalışacaq. Bu halda isə hansısa sənədin razılaşdırılması mümkün deyildir. Deməli, N.Paşinyan növbəti dəfə kütlə şüurunun manipulyasiyası ilə populist şəkildə məşğuldur. Bunda məqsəd nədən ibarət ola bilər? Ekspertlər düşünürlər ki, N.Paşinyanı öz hakimiyyətini möhkəmlətmək daha çox maraqlandırır. Hazırda onun parlamentdə üstünlüyü yoxdur. Bu da istənilən vaxt baş nazirin istefasının tələb edilməsini gündəmə gətirə bilər. İndi N.Paşinyanın qrupu Ermənistanın konstitusiyasına yeni dəyişiklik etməyə çalışır. Oraya baş nazirin istefası qoyulmadan parlamentin buraxılması maddəsinin təsbit edilməsi nəzərdə tutulur. Ümumiyyətlə, Ermənistan konstitusiyası son zamanlar ən sürətlə dəyişdirilən kağız parçasına çevrilib. Serj Sarkisyan onu öz xeyrinə dəyişdi, indi də onu bu işdə ittiham edən N.Paşinyan konstitusiyanı öz xeyrinə dəyişmək niyyətindədir. Sabah prezident Armen Sarkisyanın və ya revanş üçün alışıb-yanan R.Koçaryanın hansısa dəyişiklik etmək fikrinə düşməyəcəyinə hansı keşiş təminat verə bilər? Bunlar onu göstərir ki, N.Paşinyanın Moskvaya səfəri, əslində, Ermənistan üçün çox güclü təsiri ola biləcək hadisələrin reallaşması fonunda baş tutur. Bu mənada o, yalnız Rusiya rəhbərliyinə deyil, həm də başıbəlalı erməni xalqına sadiqlik testindən keçir. Yuxarıdakı müqayisələrdən görünür ki, N.Paşinyan ölkəni tam qeyri-müəyyən geosiyasi vəziyyətə gətirib çıxarıb. Onun düşdüyü bataqlıqdan çıxa bilməsi ehtimalı çox azdır. Çünki təcrübə göstərir ki, erməni baş nazir rasional, ədalətli və obyektiv düşünmək iqtidarında deyil. Onu əsiri olduğu şovinist xülyalar çox çətin vəziyyətlərə salır. Bunlar aşağıdakı nəticəyə gəlməyə əsas verir: erməni siyasi-diplomatik şüuru müasir geosiyasi proseslərin sürətli yeniləşməsi qarşısında acizliyini nümayiş etdirir. Hələlik rəsmi İrəvan heç bir konstruktiv qərar qəbul edə bilmir. Həqiqəti qəbul etməyə onun siyasi və mənəvi iradəsi çatmır. Bütün imkanları ilə işğal siyasətinə başqa adlar axtarışının sonunun puç olduğunu anlamaq istəmir. Buna görədir ki, N.Paşinyan hara səfər edirsə-etsin – Moskvadan Berlinə, oradan Parisə və oradan da Vaşinqtona uçsun, uğursuz olacaq. Ermənistan haqsızdır, qərəzlidir, başqasının torpaqlarını zəbt etmək kimi qeyri-sivil yol seçib. Onu özündən başqa kimsə xilas edə bilməz. Xilas yolu isə səhvini etiraf edib, işğal etdiyi əraziləri tərk etməsindən başlayır. Əgər İrəvan bu yolu görə bilmirsə, günah özündədir.

Newtimes.az

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: