Prezident İlham Əliyev: Rayonlarda vəziyyət dərindən təhlil edilməli, mövcud problemlərə xüsusi diqqət göstərilməlidir
Rayonlarda vəziyyət dərindən təhlil edilməli, mövcud problemlərə xüsusi diqqət göstərilməlidir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Bakı şəhəri Nizami və Nərimanov rayonlarının, həmçinin Kürdəmir rayon icra hakimiyyətlərinin yeni təyin olunan başçılarını qəbul edərkən deyib.
Dövlətimizin başçısı bildirib ki, son illərdə ölkəmizin hər yerində genişmiqyaslı quruculuq-abadlıq işləri, geniş islahatlar aparılır. 2004-cü ildə qəbul edilmiş birinci Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramının və sonrakı dövrdə buna oxşar proqramların qəbul edilməsi bölgələrdə vəziyyəti böyük dərəcədə müsbətə doğru dəyişdirib. Qarşıda duran əsas vəzifələr icra edilib - infrastrukturla bağlı olan məsələlər, sosial obyektlərin təmiri, tikintisi, ictimai yerlərin yaradılması, iş yerlərinin yaradılması, işsizliyin aradan qaldırılması. “Bütün bu göstəricilər, eyni zamanda aparıcı beynəlxalq maliyyə qurumları tərəfindən qeyd edilir. Azərbaycan ümumi inkişaf indeksinə görə inkişafda olan ölkələr arasında qabaqcıl yerlərdədir, birinci üçlükdədir. Amma bu, o demək deyil ki, biz əldə olunan nailiyyətlərlə kifayətlənək. Ölkə qarşısında hələ də problemlər var və bu problemlər həll olunmalıdır”, - deyə Prezident vurğulayıb.