Azərbaycanın İrandakı səfirliyinin kollektivi Vətən müharibəsi şəhidinin övladını xəstəxanada ziyarət edib - FOTOLAR

A- A A+

Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinin kollektivi Vətən müharibəsinin şəhidi Şahhüseynli Zeynal Füzuli oğlunun Tehran şəhərində müalicə olunan azyaşlı övladını xəstəxanada ziyarət edib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, onkoloji xəstəlikdən əziyyət çəkən yaş yarımlıq Zəhraya baş çəkən səfirliyin əməkdaşları onun səhhəti, müalicəsinin gedişi, eləcə də ehtiyacları ilə maraqlanıb, şəhid övladının hər zaman yanında olduqlarını bildiriblər. Kiçik Zəhraya səfirlikdə çalışan əməkdaşların övladları tərəfindən çəkilərək tarixi Zəfərimizi simvolizə edən “Şuşa” adlı rəsm əsəri və kollektivin digər xatirə hədiyyələri təqdim olunub.

Ailə üzvləri və həyat yoldaşı ilə söhbət zamanı qəhrəmanın şərəfli döyüş yolundan danışılıb, onun əziz xatirəsi anılıb.

Şəhid övladının tezliklə sağalmasını diləyən səfirliyin kollektivi onun və ailə üzvlərinin hər zaman Azərbaycanın İrandakı səfirliyinə müraciət edə biləcəyini və şəhidimizin ailəsinə dəstəyin davamlı olacağını bildiriblər.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, 44 günlük Vətən müharibəsi döyüşlərində ağır yaralanan və 2021-ci il iyunun 16-da müalicə olunduğu xəstəxanada vəfat edən şəhid Şahhüseynli Zeynal Füzuli oğlu Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: