Təbrizdə Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar tədbir keçirilib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, fevralın 23-də Azərbaycan Respublikasının Təbriz şəhərindəki Baş Konsulluğunda Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar tədbir keçirilib.
Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Təbrizdəki baş konsulu Əliyənnağı Hüseynov çıxış edərək ermənilər tərəfindən Xocalıda törədilən soyqırımından danışmış, bu qətliamın törədilməsinin səbəb və nəticələrinə diqqət çəkmiş, ötən dövr ərzində Azərbaycanın beynəlxalq arenada apardığı “Xocalıya ədalət!” kompaniyası haqqında məlumat vermiş, cinayətkarların mütləq surətdə beynəlxalq hüquq qarşısında cəzalandırılmasının vacibliyini qeyd edib.
Türkiyə Respublikasının Təbrizdəki baş konsulu Çətin Tanər çıxış edərək Xocalı soyqırımının hüquqi aspektlərinə toxunub, Xocalı faciəsini törədənlərin hələ də beynəlxalq məhkəmələrdə cavab verməməsindən təəssüfləndiyini bildirib, Türkiyə Respublikasının hər zaman Azərbaycanın yanında olduğunu vurğulayıb.
Çıxışlardan sonra Xocalı soyqırımına həsr olunan videoçarx nümayiş etdirilib və sərgi ilə tanışlıq olub.
Tədbirdə İran İslam Respublikası Xarici İşlər Nazirliyinin Şimal-Qərb nümayəndəliyinin rəhbəri Əkbər İsazadə, Türkiyənin Təbrizdəki baş konsulu Çətin Tanər və baş konsulluğun əməkdaşları, Şərqi Azərbaycan Vilayəti Mətbuat Evinin rəhbəri Murtəza Şəfii və Təbrizdə yaşayan Azərbaycan vətəndaşları iştirak ediblər.