İndoneziya Jurnalistlər Birliyi (Persatuan Wartawan Indonesia- PWI) Xocalı faciəsinin 30-cu ildönümü ilə əlaqədar bəyanat yayıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bəyanatın mətnində 1992-ci il fevralın 26-da Azərbaycanın Xocalı şəhərində baş verən faciə barədə məlumat verilir. Qeyd edilir ki, bu hadisə münaqişə və zorakılıq nəticəsində insanların həyatını itirməsinin bəşəriyyətin faciəsi olmasının nümunəsidir.
Qeyd edilir ki, PWI dialoqun təşviqi, insan hüquqlarının, xüsusən mülki şəxslərin şərəf və ləyaqətinin qorunması vasitəsilə münaqişə və zorakılığın sülh yolu ilə həllinin tərəfdarıdır.
Vurğulanır ki, müasir sivilizasiya tolerantlıq, sülhsevərlik və qarşılıqlı hörmət əsasında qurulur. Demokratiyanın dördüncü sütunu hesab edilən jurnalistika və media, bəşər sivilizasiyasının zirvəsinin yaradılmasına, faktların və ictimai məlumatların dərc edilərək yayılmasına töhfələr verir.
Sonda faciənin ildönümü ilə əlaqədar Azərbaycan xalqına və Xocalı faciəsi qurbanlarının ailələrinə başsağlığı verilib.