Amerikalı konqresmen Xocalı faciəsi barədə: Keçmişdən dərs almalıyıq ki, bir daha kimsə eyni aqibəti yaşamasın
ABŞ-ın Arizona ştatını təmsil edən respublikaçı konqresmen Pol Qosar Konqresdə çıxışı zamanı Xocalı soyqırımının 30 illiyi ilə bağlı faciə qurbanlarının xatirəsini yad edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, P.Qosar çıxışında bildirib: “30 il əvvəl - 1992-ci il fevralın 26-da törədilmiş Xocalı faciəsinin anmaq üçün çıxış edirəm. Mən bu tarixi faciəni, həlak olan insanların xatirəsini bir daha yad etmək üçün buradayam”.
Xocalı faciəsinin Azərbaycanın qonşu Ermənistanla münaqişəsi zamanı baş verdiyini deyən konqresmen qeyd edib: “Qarabağ bölgəsinin Xocalı rayonunda mülki azərbaycanlılar heç bir fərq qoyulmadan hədəfə alınaraq atəşə məruz qalıblar. Nəticədə 613 nəfərə qədər mülki şəxs həlak olub, daha çox sayda yaralı və girovun olduğu bildirilir”.
Konqresmenin sözlərinə görə, baş vermiş hadisəni dəyişmək artıq mümkün olmasa da, qurbanları yad edə və dünyaya xatırlada bilərik ki, mülki şəxslərin hədəfə alınması heç bir halda qəbul edilən deyil. “Biz keçmişdən dərs almalıyıq. ABŞ sülhü dəstəkləyərək Xocalıda həlak olanların xatirəsini yad edir ki, bir daha heç kəs eyni aqibəti yaşamasın. Xanım sədr, biz bu gün Xocalı qurbanlarını dərin kədərlə anırıq və onların xatirəsini qəlbimizdə və xatirəmizdə daim yad edəcəyik”, - deyə o qeyd edib.