XOCALI HARAYLAYAN ƏDƏBİ HAYQIRTI

A- A A+

Azərbaycanın dövlətçilik və ərazi bütövlüyü məsələləri, faciələrindən doğan kədər Naxçıvan ədəbi mühitində də başlıca mövzu edilib. Xalqın kədərindən, faciələrindən təsirlənən vətəndaş duyğuları poetik yaddaşa çevrilib. Naxçıvan ədəbi mühitində Xocalı faciəsinə həsr olunan yaddaqalan əsərlər yazılıb. Bu əsərlərin hər birində dərin bir yanğı, kədər, sarsıntı yer alıb. Bəzən kədər duyğuları, bəzən giley, bəzən də üsyan və hiddət bu əsərlərin əsas ruhu olub. Asim Yadigarın “Qisas qiyamətə qalmaz” poeması, İbrahim Yusifoğlunun “Xocalım, hey...” şeiri, Zaur Vedilinin “Ağlama, Xocalı”, Qafar Qəribin “Xocalıya qan yağıb” şeirlərində, habelə Elxan Yurdoğlunun, Lütviyyə Əsgərzadənin, Хeyrullа Qurbаnоvun, Sədаqət Nemətin və başqalarının yaradıcılığında bu mövzuda qiymətli əsərlər ərsəyə gəlib.

Şair Asim Yadigarın Azərbaycan xalqının 90-cı illərdən son dövrlərə qədər hələ də davam edən erməni vəhşiliyi nəticəsində başına gələn bəlalarının və bu bəlalarının ən dəhşətlisi, ən faciəvisi olan Xocalı soyqırımından bəhs edən “Qisas qiyamətə qalmaz” poeması bu mövzuda yazılan ən yaddaqalan əsərlərdən biridir. Əsər 2007-ci ildə, Xocalı faciəsinin onbeşinci ildönümündə yazıya alınıb. Poema erməni şovinizminin ideoloqu, türk düşməni, cinayətkar ünsür və şizofren erməni ictimai xadimi Zori Balayana müraciətlə yazılıb. Elə ilk başdan müəllif erməni cəlladına nifrət və qəzəb dolu müraciətlə başlayaraq yazır:

Sən ey türkün düşməni,

Tanıyırsan türkü sən.

Bütün aləm bilir ki,

Qorxaq, yazıq tülküsən.

Hər gün quyruq bulayıb

O dərədə, bu dağda... və s.

Poemanın epiqrafında da müəllif bu sözləri yazıb: “Hazırda İnterpolun xətti ilə Zori Balayan haqqında beynəlxalq axtarış elan olunub”. Müəllif bu mətləbi diqqətə çatdırmaq istəyir ki, adını erməni şovinizminin tarixinə qəhrəman yazmaq məqsədilə Azərbaycan övladlarına ən qəddar, misligörülməmiş və dəhşətli üsullarla sitəm edən Zori Balayan özünü gizləyə-gizləyə fəaliyyət göstərən, mağara instinktləri ilə yaşayan qorxaq erməni “qəhrəmanı”dır.

Şair vəhşi xislətli Zori Balayanın şəxsi gündəliyində də yer alan hadisələrdən bəhrələnərək ermənizmin qəddarlıq və vəhşilik xislətini aydınlığı ilə ortaya qoyur, Təsvir etdiyi hadisələrlə Xocalı hadisələrinin Azərbaycan xalqına qarşı soyqırımı hadisəsi – faciə, soyqırımı olduğunu yazır. Zori Balayanın özünün də bəhs etdiyi kimi, bir Azərbaycanlı evində olan bu erməni vandalları 13 yaşlı bir türk-azərbaycanlı qızını əllərindən divara mismarlayaraq  üzərində dəhşətli cəza hərəkətləri etmiş, məsum azərbaycanlı körpəsinin başının və sinəsinin dərisi soyularaq onun canvermə səhnəsi, ölüm müddəti mənfurlar tərəfindən izlənilmişdir. Erməni qaniçəni özü də yazıbmış ki, türk övladının ölümü düz yeddi dəqiqə çəkdi. Bu fikirləri erməni Balayanın dilindən təfərrüatı ilə təqdim edən şair onun necə qəddar, alçaq, xəstə bir xarakteri olduğuna nəzər yetirir, onun qəddar, insana yaraşmayan xislətini ortaya çıxarır və lənətlər yağdırır. Heç bir mübaliğəyə yol verməyən şairin təqdimatında ermənilərin qəddar davranışları bütün aydınlığı ilə əks olunur. Əsəri Zori Balayan kimi erməni şovinist ideoloqunun timsalında Xocalı soyqırımını törədənlərə və ümumən bu fəlakətlərin bir terrorçu, faşist bir millət olaraq müdafiəçisi olan erməni xalqına qarşı poetik ittihamnamə kimi səciyyələndirmək olar.

Bu xalq heç vaxt, heç zaman,

Ermənidən qorxmayıb.

Erməni dığasının

Hədəsinə baxmayıb.

Meydanda kişi kimi

Deyibdi öz sözünü.

Kiminsə kölgəsinə

Dürtməyibdi özünü”, – deyən müəllif Azərbaycan xalqının mərd xüsusiyyətlərindən qürurla bəhs edir, meydanda tək olmasına baxmayaraq, qəhrəman kimi meydanda dayanmasını, qəhrəmanlıqla, mərdliklə döyüşməsini düşmənə nümunə gətirir.

Şair Vaqif Məmmədovun “Xocalı haqqında düşüncələr” kədərin heykəli təsirini bağışlayır. Şeirdə Xocalı ümumən Azərbaycanın və azərbaycanlıların faciəsi kimi çox təsirli ifadə ilə ümumiləşdirilmişdir:

Qüssədən ürəyim kərdi-kərdidir,

Göz yaşım üstümdə duz bağlayıbdır.

Xocalı xalqımın elə dərdidir,

Yayda da ərimir, buz bağlayıbdır.

 

...Göylərin qapqara buludu bu dərd,

Bu dərdin yarası qovuşan deyil.

O qədər ah-nalı doludur bu dərd

Heç yana heç zaman sovuşan deyil.

Naxçıvan ədəbi mühitinin qocaman nümayəndəsi, “Dərdlərin belimi əydi, ay Vətən” deyən, “Məni günahıma bağışla, Allah” deyə fəryad qoparan İbrahim Yusifoğlunun “Xocalım, hey” şeirində Xocalı faciəsi insan qəlbində, ruhunda yaratdığı və yaşatdığı bütün hisslərilə ifadəsini tapıbdır. Şeirdə Xocalı dəhşətlərinin insan qəlbində yaratdığı acı və kədər dolu notlar ifadə edilməklə bərabər, qisas və intiqamının alınmasına da bəslənilən böyük ümidlər əks edilibdir:

Üzlərə baxmağa gözüm utanır,

Təsəlli verməyə sözüm utanır.

Halına yanmağa üzüm utanır,

Namərdlər əlində qalan torpağım,

Xocalım, hey, Xocalım...

 

Qoynundakı yadlar qovulacaqdı,

Şişmiş burunları ovulacaqdı.

Bu dərd içimizdə qovrulacaqdı.

Sinəyə çəkilən sağalmaz dağım,

Xocalım, hey, Xocalım...

 

Ədəbi mühitin qocaman və istedadlı şairlərindən olan Ələsgər Nehrəmlinin “Xocalı” şeirində Xocalı “kişi hönkürtüsü”, “qız-gəlin, körpə fəryadı”, “Tanrı yuxusu”, “müdhiş gecə”dir:

Haqsız qanla dolu müdhiş dəryadı,

Xocalıda axdı seltək qanımız.

Xoca qız-gəlin, körpə fəryadı,

Küşü hönkürtüsü duyan anımız.

 

Nə idi, nə idi sənin günahın?

Nədən ərşə çıxdı nalın, imdadın?

O gecə Tanrı da yuxuda imiş,

Nədən eşitmədi acı fəryadı?

  

Şair Vəli Qaraxanın “Xocalı”, “Fevralın 25-dən 26-na keçən gecə” kimi şeirləri bu acı soyqırımı faciəsinin dəhşətlərinə həsr olunub. “Dişləri qanə dəyib, quduz kimi ac bu gecə, Fələyin rizasıyla İblis qoyur tac bu gecə” misrası ilə başlayan şeirində şair bu qanlı, dəhşətli gecəni “İblisin tac qoyduğu gecə” deyə bədiiləşdirib və ermənizmi İblisi heyrətə gətirən əməllərilə ifşa edib.  Elə “Xocalı” şeirində də şair bu dəhşətləri yalnız şeytan cinsinə mənsub olan ermənizmin törədə biləcəyi qənaətini ifadə edib:

Qarışıb şeytanla hərbin tufanı,

Buğlanır qar üstə körpənin qanı.

Ey dünya, qan içən - xunxarı tanı!

Od-alov içində yanır Xocalı,

Məhv olur camaat cavan, qocalı.

Alməmməd Eldaroğlu isə “Xocalı xəyanət qurbanı” şeirində Xocalı faciəsini yığcam gedişatı ilə əks etdirmiş, dəhşət və vəhşətlərin qurbanı olan günahsız insanların acısı, kədəri ilə bərabər Əlif Hacıyev kimi qəhrəman övladların şücaət və igidliklərini də dilə gətirib, şəhidliklə qəhrəmanlığın poetik hekayəsini yaradıbdır:

25 fevral...

Qarlı qış gecəsi, məlum xəbərsiz,

Ələndi mərmilər, od tutdu hər yan.

Yuxudan ayılan qaldı kimsəsiz,

Dərdi dərd qovurdu qaldısa bir can.

 

Susmuşdu torpağın sahib, yiyəsi,

Qarın kölgəsində zülmət boy atmış.

Dəstə ümidinə tüfəng gülləsi,

Xocalı yelkənsiz gəmidə batmış...

Şair Qafar Qəribin də “Xocalıya qan yağıb” adlı şeirində bu faciənin dəhşətli təfərrüat və reallıqları, qan donduran görüntüləri bədii sözün dililə söylənilib:

                         Xocalı böyük dərddir,

                          Yavaş sar, yaram sərtdir.

                          Mən bu dərdə dözmədim,

                          Kim dözsə, bilin mərddir.

 

                          Xocalı – yolu bağlı,

                          Həm sağı, solu bağlı.

                          Nifrətim dada yetmir,

                          Neyləyim qolubağlı?

Şair İbrahim Yusifoğlu kədər, sarsıntı qarşılığında ümidini itirməyərək gələcəyə səslənərək yazırdı:

Nə vaxt igidlərin dinib gələcək,

Sehirli xalçaya minib gələcək.

Ağ atın yalına sinib gələcək,

Dərdlərin belimi, əydi, ay Vətən!

Şаir Əbülfəz Muxtaroğlu da şeirlərindən birində deyirdi:

Xocalının qisasını almasaq,

Bağışlamaz bizi bu daş, bu torpaq.

İynə batırana biz batırmasaq,

Avazımaz yağı rəngi, vaxtıdır,

Cəngi çalın, bu gün cəngi vaxtıdır.

Və şairlərimizin bu ümid dolu mübarizə çağırışları öz nəhayətini tapdı və 2020-ci ilin noyabr ayı bütün düşmənlərin arzularını gözdə qoyan böyük Qələbə ilə yekunlaşdı. Belə ki, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı olan İlham Əliyevin Prezident seçilməsilə ölkəmizdə başlanan yeni mərhələ dövlətimizə və xalqımıza misilsiz nailiyyətlər qazandırdı. Prezident İlham Əliyev ölkəmiz üçün taleyüklü məsələlərin həllində daha prinsipiallıq və uğurlu, nəticəli siyasi kurs götürərək ölkəmizə böyük uğurlar qazandırdı. Əlbəttə, bu nailiyyətlər 44 günlük Vətən müharibəsi dövründə özünü bütün əzəmətilə təcəssüm etdirdi. Bu həssas və çətin günlərdə məhz Prezident İlham Əliyev ətrafında sıx birləşən, ona bütün varlığı ilə inanan həmrəy bir xalq və bütün tapşırıqları dərhal və uğurla yerinə yetirən qüdrətli milli ordu ilə xalqımıza 44 günlük Vətən müharibəsinin ardınca sinəmizi qabardan böyük bir Zəfər qazandırdı. Azərbaycan xalqı prezident-xalq-ordu birliyi və uzaqgörən liderlik fəaliyyəti sayəsində Böyük Zəfərə nail oldu. Və bu Vətən müharibəsi günlərində də, Zəfər çağlarında da ədəbiyyat adamları hər zaman əsgərlərlə birlikdə döyüşdü. Alman faşizmi üzərində qələbədən uzun illər sonra Azərbaycan yazıçıları, Naxçıvan ədəbi mühitinin nümayəndələri indi erməni faşizminin üzərində inadlı qələbədən sonra – öz Qələbəmiz, öz Zəfərimizlə öyünərək bu sevinci, qüruru, məğrurluğu misralara, sətirlərə tökərək gözəl, qiymətli ədəbi əsərlərlə çıxış edirlər.

Ramiz Qasımov

             АMEА Nахçıvаn Bölməsinin əməkdaşı,

filologiya üzrə fəlsəfə doktoru, dosent

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: